
Parlamentin yeni simasında aparılan "plastik əməliyyat”ın, yumşaq desək, ən xoşagəlməz fəsadlarından biri sabiq deputatların övladlarının deputat mandatı ilə təmin edilməsidir. Bunlar Əhməd Vəliyevin oğlu Samir Vəliyev, Tahir Süleymanovun oğlu Mahir Süleymanov və Fəzail Ağamalının qızı Günay Ağamalıdır. Belə çıxır ki, heç bir üstün "məziyyətləri”indən xəbərimiz olmayan bu gənclərin sadəcə, deputat övladı olmaları seçicilərin onlara "səs verməsinə” kifayət edib. Ancaq daha ciddi yanaşsaq, qeyd etməliyik ki, deputat yerinin "ailə podratının elementi”, "vərəsəlik obyekti”, "valideynin övlada hədiyyəsi” statusuna endirilməsi parlamentimizin dövlət institutu kimi mövqeyinə ən "tolerant dildə” desək, kölgə salır...

Yeni parlament bir neçə icra başçısının öz kürsüsünü deputat mandatına dəyişməsilə də yadda qalacaq. Onların arasında ən nəzərəçarpanı üst-üstə 15 il Zaqatala, Səbail və ən sonda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olmuş Asif Əsgərovun Zaqataladan deputat olmasıdır. Özü də 80 faiz(!) səslə. Bu, son seçkidə rekord göstəricidir. Görünür, 2006-2009-cu illərdə Zaqatalanın başçısı olmuş A.Əsgərovun rayona "böyük qayıdışı” yerli əhalini "cuşa gətirib”...

Yeri gəlmişkən, Əsgərovun göstəricisi, məsələn, parlamentin spikeri Sahibə Qafarovanın göstəricisini (69 faiz) 10 faizdən də artıq üstələyir. Nə məsələdirsə, Qafarovadan daha çox faiz toplayan xeyli sayda deputat görmək olar və maraqlıdır ki, onların arasında hətta ilk dəfə parlamentə düşən Göydəniz Qəhrəmanov(72 faiz) kimi bitərəf də var...
Bu seçki müxalifət üçün də "əlamətdar” oldu. Bəzilərinin gözləntisinin əksinə olaraq, Müsavat partiyasına bir mandat da verilmədi. Eyni zamanda, bu seçkidə nəinki ciddi siyasi mübarizə aparmaq, heç namizəd olmaq iradəsini belə ortaya qoya bilməyən, göstəriş, razılıq gözləyən, buna baxmayaraq, özünü "müxalif partiya lideri” adlandıranlar öz acizliyini və əhalinin müxtəlif təbəqələrinin gerçək əhval-ruhiyyəsini, istək və tələblərini siyasi gündəmə və siyasi institutlara daşımaq bacarığına sahib, ümumiyyətlə, siyasi səhnədə təmsil olunmağa layiq olmadıqlarını bir daha göstərdilər...
Bu seçkinin, belə demək mümkünsə, ən abırlı və reallığa qismən də olsa uyğun tərəfi açıqlanan rəsmi seçici fəallığı göstəricisidir. MSK-nın rəsmi açıqlamasına görə, seçici fəallığı cəmi 37 faiz təşkil edib...

Parlamentin yeni tərkibindən və ümumilikdə seçki prosesindən belə nəticə çıxır ki, "layiq olduğumuz parlamentə sahibik” deyənlər böyük ölçüdə haqlıdırlar. Qeyri-adi heç nə baş vermədi. Bundan sonra daha bir neçə il lətifələr, lağ-lağı mövzusuna çevrilmiş Razi Nurullayevin "müxalifət lideri” kimi, Azərbaycanın adını Böyük Britaniyadan bu yana məhkəmələrdə biabır etmiş "iş adamı” Cavanşir Feyziyevin və digər oliqarxların bitərəf kimi yenidən mandat verildiyi, sabiq deputatların öz oğlunu, qızını, arvadını deputat etdirdiyi və digər çoxsaylı "unikal personajlara” malik bir parlamentə sahib olacağıq.
Cəmiyyətimizdəki biganəliyə, siyasi mədəniyyətimizin, siyasi arenamızın, siyasi partiyalarımızın, siyasi mediamızın və s. hazırkı durumuna baxanda, parlamentin yeni tərkibinə "şükür etmək”dən başqa yol qalmır.
Allah bundan betərindən saxlasın...