Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Deputatlar tətilə çıxdılar

Milli Məclisin 2012-ci il yaz sessiyasının sonuncu iclası keçirilib. İclasda ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və 6 apellyasiya məhkəməsinə hakimlərin təyin olunması barədə qanun layihələri səsverməyə çıxarılıb.  Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.  Milli Məclisdə keçirilmiş səsvermə nəticəsində Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, İsmayıl Xəlilov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir Yusifov Bakı Apellyasiya, Şamil Rzaquliyev Gəncə Arellyasiya Məhkəməsinin, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Arellyasiya Məhkəməsinin, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Arellyasiya Məhkəməsinin, Vidadi Qasımov və Hümbət Səlimov Şəki Arellyasiya Məhkəməsi hakimləri təyin edilib.

 Bundan başqa, səlahiyyət müddəti 2012-ci il iyunun 28-də başa çatmış Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilov Bakı Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni tarixdə başa çatmış Zaqatala Rayon Məhkəməsinin hakimi Elçin Hüseynov Şəki Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni dövrdə başa çatmış Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Babaxanov isə Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin olunub.

Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər də qəbul edilib. Sənədə edilən dəyişiklikələrə əsasən  İctimai Televiziya əcnəbi bədii filmləri, sənədli və cizgi filmlərini subtitrlərlə verəcək. Qanuna müvafiq olaraq Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlər müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Bütövlükdə isə digər telekanallar kimi İctimai televiziyaya da xarici serialları nümayiş etdirmək qadağa edilib. Qeyd edək ki, qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilib. İctimai yayım xidmətinin maliyyələşmə mənbələrinə abonent haqqından daxil olmalarla yanaşı dövlət büdcəsindən ayırmalar da daxil edilib.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun layihəsi təsdiq edilib. Qanun layihəsində edilən dəyişiklikdə Bakı Metropoliteni ilə bağlı xüsusi bənd əlavə edilib. Sənədə əsasən metro qatarlarının hərəkətinə mane olan şəxslərə qarşı cərimələrin tətbiq edilməsi qeyd edilib. Belə ki, parlamentdə təsdiq edilən qanuna müvafiq olaraq, metronun hərəkətinə mane olan və həmçinin hərəkət zamanı vaqonun qapılarını açmağa cəhd göstərən şəxslər 50 manat məbləğində cərimə olunacaqlar.

Sonuncu növbədənkənar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb. Müzakirlər zamanı sözü gedən sənədlə bağlı bir sıra dəyişikliklərin edilməsi qərara alınıb. Spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsinə əsasən, Azərbaycan-Koreya parlamentlərarası işçi qrupu yaradılır. İşçi qrupuna deputat Malik Həsənov rəhbərlik edəcək. Spikerin sözlərinə görə, bundan başqa Azərbaycan Kolumbiya parlamentlərarası işçi qrupu da yaradılıb. Bu qrupa isə Xanlar Fətiyev rəhbərlik edəcək. O.Əsədov bildirib ki, Koreya deyəndə Cənubu Koreya Respublikası nəzərdə tutulur. 

Parlament «Həmkarlar İttifaqları haqqında» qanuna da dəyişiklik edib. Dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, təklif olunan dəyişikliyə əsasən, mülkiyyət  formasından asılı olmayaraq işə götürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına keçirilməsini nəzərdə tutur.  Müzakirələr zamanı deputat, ARDNŞ-in «Azərkimya» İstehsalat Birliyinin direktoru Muxtar Babayev dəyişiklikdə nəzərdə tutulan 4 iş günü məsələsinə etiraz edərək bu vaxtın uzadılmasını istəyib. M. Babayevin təklifini əsassız hesab edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev isə ona etiraz edib: «Siz bu sistemdə təzəsiniz. Sizdən əvvəlki rəhbərlik dövründən «Azərkimya»nın həmkarlara 500 min manat borcu var. Bəzi üzdəniraq təşkilat rəhbərləri var ki, onların təşkilatlarında 30 min, 50 min vəsait toplanıb, ancaq köçürmə etməyiblər. Yoxlamalar zamanı bu pulun hara getdiyi məlum olmayıb. Ona görə də 4 gün ərzində köçürmə beynəlxalq standartlara uyğundur”. Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclisdə Azərbaycanın Cinayət Məcəlləsində dəyişikliklər də müzakirə olunub. Cinayət Məcəlləsindən döymə maddəsi çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə transfer olunub. Məcəllədə işgəncə sözü əzab sözü ilə əvəzlənib. Dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsində sağlamlığa xəsarət yetirmə maddəsi əlavə edilir və döymə də bu maddədə əksini tapacaq.  

 Layihəyə münasibət bildirən deputat İlyas İsmayılov deyib ki, burada ən geniş yayılmış cinayəti cərimə ilə əvəzləməyə cəhd göstərilir: “Bu, qəbuledilməzdir. Burada söhbət insan ləyaqətindən gedir. Hüquq dövlətində də insan ləyaqəti hüququn bütün gücü ilə qorunmalıdır”.

 Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kimsə kimin qulağının dibinə bir şillə vurursa, burada söhbət xəsarət yetirməkdən deyil, şəxsiyyətin alçaldılmasından gedir: «Məişət zorakılığında da ən geniş yayılmış hal döyülmədir. Döyülmə geniş yayılıbsa, biz cəzanı sərtləşdirməliyik. Bu, hüququn fəlsəfəsidir. Daha sonra da bu cinayətlərin artmasının səbəbi araşdırılmalıdır. Biz Cinayət Məcəlləsində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutduğumuz halda döyülməni bu məcəllədən çıxarmaq məntiqli deyil”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, Azərbaycanda çox vaxt biri digərinə şillə vuranda hüquq-mühafizə orqanları guya onları barışdırmaq adı ilə hər iki tərəfdən rüşvət alırlar: “Buna görə də işlərin çoxu məhkəməyə gedib çıxmır. Biz hər dəfə cəzaların sayını deyil, cərimələrin miqdarını artırırıq. Bu, dünya praktikasına uyğundur”. Milli Məclisdə Cinayət Məcəlləsinə kibercinayətlərlə bağlı əlavələr də müzakirəyə çıxarılıb. Məcəllənin kibercinayətlər adlanan 30-cu fəslinə uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlı 171-1 maddə də əlavə olunub.

“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az