Bir gün atam patefonla gəldi (işində fərqləndiyi üçün məktəb direktoru tərəfindən ona hədiyyə edilmişdi). Elə sevinirdim ki, zarafat deyildi, indi bu patefonda səsləndirilən oyun havaları ilə doyunca rəqs edə biləcəkdim. O üzdən də, atam muğamlarımızla yanaşı, milli rəqslərimiz (Azərbaycan rəqs havaları) yazılmış disklər də alırdı. Beləcə ətəyi qırçınlı donumla “meydan”ı əlimə alırdım. Bəzi rəqsləri oynamaq üçün hətta iri bir qazan qapağı da götürürdüm, televizorda qavalla rəqs edən qızları gördüyüm üçün qapağı özümə “qaval” seçmişdim…

Qazan qapağından “qaval”
"Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı", “Qaytağı”, “Mirzəyi”, “Vağzalı”, “Nəlbəki”, “Şalaxo”, “Zorxana”, “Yallı”… bir-birindən gözəl, dəyərli milli rəqslərimiz… İfa olunanda müsbət auraya, xoş əhval-ruhiyyəyə köklənirsən, qəlbən saflaşır, duyğulanırsan. Musiqi duyumu olan kəs biganə qala bilmir bu rəqslərə, meydan dar olsa belə, tərəddüd etmir, qol götürüb oynayır...
Uşaq idim, məktəbə hələ getmirdim, lakin rəqs etməkdən doymurdum və öz aləmimdə düşünürdüm ki, mən hamıdan yaxşı rəqs edirəm. Anamla toy şənliklərinə, xınayaxdı mərasimlərinə gedəndə ortalıqdan çıxmırdım, çünki oynamaqdan zövq alırdım.
Bir gün atam patefonla gəldi (işində fərqləndiyi üçün məktəb direktoru tərəfindən ona hədiyyə edilmişdi). Elə sevinirdim ki, zarafat deyildi, indi bu patefonda səsləndirilən oyun havaları ilə doyunca rəqs edə biləcəkdim. O üzdən də, atam muğamlarımızla yanaşı, milli rəqslərimiz (Azərbaycan rəqs havaları) yazılmış disklər də alırdı. Beləcə ətəyi qırçınlı donumla “meydan”ı əlimə alırdım. Bəzi rəqsləri oynamaq üçün hətta iri bir qazan qapağı da götürürdüm, televizorda qavalla rəqs edən qızları gördüyüm üçün qapağı özümə “qaval” seçmişdim…
İllər keçdi, maraqlar, zövqlər dəyişdi… İndi şənliklərdə, demək olar, milli rəqslərimizə az yer verilir, bəzən toyun qurtarmasına az qalmış, plov gətirilən zaman rəqsimiz yada düşür. Sonra yenə şit, bayağı musiqilər, rəqslər baş alıb gedir. Bu isə adamı istər-istəməz məyus edir, düşünürsən: belə davam etsə, tariximizin daşıyıcısı olan milli rəqslərimiz unudulmayacaq ki? Bax, bu unudulma təhlükəsinin qarşısını almaqdan ötrü el şənliklərimizdə, toy-düyündə, milli musiqimizə, rəqslərimizə tez-tez müraciət etməliyik, onları qorumalıyıq ki, qiymətli incilərimiz tarixin qaranlıq səhifələrinə düşməsin. Çünki qədim olduğu qədər də zəngin olan folklorumuz, musiqimiz, qədim xalq mahnılarımız, milli rəqslərimiz bizim tariximiz, necə deyərlər, silinməyən sənədimizdir.
Bir dəfə şahidi olmadım ki...
Metroda, yaxud avtobusda sərnişinin gur olan vaxtı, bir də görürsən birisi güc-bəla ilə də özünü birtəhər salona salır, telefonun qulaqcığı da qulağından çıxmır ki, çıxmır, bu hay-hayda musiqiyə qulaq asmağından geri qalmır, az sonra da elə yerindəcə “rəqs” etməyə (əslində buna rəqs yox, yellənmək də demək də olar) başlayır. Hiss edirsən ki, bu “hərəkətlər” qulaq asdığı “rəqs”in təsirindəndir. Hələ bu azmış kimi musiqinin səsini bir az da yüksəldir ki, daha yaxşı eşidə bilsin və sərbəst oynasın, ətrafdakılar isə bezəcək, əsəbiləşəcək, dəxli yoxdur, təki ona xoş olsun. Beləcə, silkələnməyə başlayır və bu hərəkətlər adi hal alır, artıq yavaş-yavaş ictimai yerdə olduğunu da unuduir...
Doğrusu, heç bir dəfə də olsun şahidi olmadım ki, qulaqcıqla bir az da “Qazağı", "Heyvagülü", "İnnabı"," “Nəlbəki”, “Xancobanı” və s. rəqsləri dinləyib oynayan olsun və heç olmasa, ətrafdakılar mənasız hərəkətlərdənsə, normal bir rəqsin şahidi olsunlar… Doğrudur, bəlkə də, mənim, sənin bəyənmədiyimiz o çaqqıltıları dinləyən üçün xoşdur, çünki zövqlər fərqlidir, lakin bizə yad musiqilərə bol-bol meydan verməklə öz musiqimizin, minillik mənəvi sərvətimizin önünü kəsmək, küncə sıxışdırmaq da olmaz. Bəlkə elə bu səbəbdən ermənilər – rəqslərimizi, muğamlarımızı, xalq mahnılarımızı, milli sərvətimizi, hətta kulinariyamızı mənimsəməyə, öz adlarına çıxmağa çalışırlar.
Rəqs tariximizdən ...
Azərbaycan rəqsləri qədim və zəngin tarixə malikdir. Eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Məsələn, Novruz bayramı (Novruzu, Kos-kosa, Xıdır İlyas, Qodu-qodu); əməklə (Araba, Cütcü); hərbi-qəhrəmanlıq, idmanla (Misri, Koroğlu çığatayı, Koroğlunun döşəməsi, Koroğlunun çağırışı, Qoç Əli, Beşatılan, Mücəssəmə, Zorxana); toy şənlikləri ilə (Məzəli rəqs, Qıtqılıda, Mirzəyi, Vağzalı) bağlı, həmçinin həmrəyliyi, birliyi əks etdirən, insanları bir-birinə daha sıx bağlayan Yallı və s. Bu rəqslərin yaranma tarixi daha qədimdir və əlbəttə ki, hər biri haqqında geniş bəhs etmək olar.
Hər dəfə səslənəndə insanı duyğulandıran, kövrəldən və xalq arasında daha çox «gəlin havası» kimi qəbul olunan “Vağzalı” hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və «Qarabağın ağırı» adlandırılmışdır.
Məlum olduğu kimi, keçmişdə iri şəhər və qəsəbələr arasında nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan «Qarabağın ağırı» sədaları altında yola salarmışlar. Sonralar isə bu rəqs xalq arasında «vağzalı» adlandırılmışdır.
Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.
Bəli, qədim rəsqlərimizin hər biri bir kitaba sığmayan bir tarixdir, çünki hər biri təkrarolunmaz gözəlliyi, rəngarəngliyi ilə seçilir. Bu baxımdan xalq rəqslərimizin əsas qollarından biri - həmrəylik rəmzi olan Yallı yaranışından ta bu günə kimi xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını və birliyini nümayiş etdirən rəqslərimizdəndir. Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Rəqs sənətinin ilkin forması olan Yallının tarixinin eramızdan əvvəl V minilliyə aid olduğu bildirilir.
Kütləvi xalq rəqslərimizdən olan“Yallı”nın təsvirləri Qobustan qayalarında, qədim xalçalar üzərində müşahidə olunur. “Yallı” qədim Azərbaycan tayfalarının ritual rəqsi olub və özündə qəhrəmanlıq motivləri ilə yanaşı, tayfaların əhval-ruhiyyəsini, güc və birliyini əks etdirir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, ritual rəqs təsvirləri arxeoloji abidələrdə realist və şərti üslubda, obrazlı rəsmlərlə səciyyələnib. Həm də Azərbaycan insanının musiqi, rəqs və mənəvi mədəniyyətini özündə əks etdirib. Bu təsvirlər əsasən müxtəlif naxış və süjetlərdən ibarətdir. Eyni zamanda qədim tayfaların həyat məqsədlərinə, mənəvi tələblərinə, dünyagörüşlərinə və dini inanclarına xidmət edib.
“Uzundərə” rəqsinin yaranma tarixi müxtəlif rəvayətlərə söykənir. Deyilənə görə, Qarabağda Ağdam ilə Göytəpə arasında "Uzundərə" adlı dərə var. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edir, dincələrmişlər. Digər rəvayətə görə isə, gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. Bu oyun havası bir qədər də “Vağzalı”nı xatırladır.
“Mənim havamı çal – “Heyvagülü”
Milli rəqslərimizdən biri - “Heyvagülü ” el arasında "Ağabəy rəqsi" də adlandırılır. Kinomuzun incilərindən sayılan “Qanun naminə” filmində Kamilov toy məclislərinin birində “mənim havamı çal – “Heyvagülü” deyib özünəməxsus tərzdə rəqs etməyə başlayır və rəqsə dəvət etdiyi Mehmanı oynaya bilmədiyi üçün hətta qınayır da. Yəni dediyim odur ki, o vaxtlar çəkilən ekran əsərlərində milli musiqimiz, rəqslərimiz təbliğ olunurdu və bu, filmi daha baxımlı, daha unudulmaz edirdi. İndi seriallarımız, filmlərimiz Azərbaycan rəqslərinə, oyun havalarına, demək olar ki, müraciət etmirlər. Bu özü də milli musiqimizin unudulmasına təkan verən amillərdən sayıla bilər. Məncə, bu barədə məsələ qaldırılmalı, ekran əsərlərində, tamaşalarımızda rəqslərimizə, musiqimizə geniş yer verilməli və musiqimizn incəliklərini, gözəlliklərini tamaşaçıya dolğun, olduğu kimi çatdırmaq üçün bu işə peşəkar rəqqaslar cəlb olunmalıdır.
HAŞİYƏ: milli rəqslərimizin incəliklərinin qabarıq şəkildə çatdırılmasında, insanda müsbət aura yaratmasında geyim tərzi də az rol oynamır. Çünki milli geyimlə edilən rəqs daha effektli olur, yəni geyimlə rəqs bir-birini tamamlayanda daha təsirli olur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, vaxtilə Azərbaycanıın tanınmış rəqqasları - Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədovun və başqaları milli rəqslərimizin ifa olunmasında, onların olduğu kimi tamaşaçıya çatdırılmasında böyük xidmətləri olmuşdur.
P.S. İyunun 12-də Bakı-2015 olimpiya oyunlarının açılışı zamanı milli musiqi (Qarabağ şikəstəsi, Sarı gəlin, Şərqin ilk operasının banisi Üzeyir hacıbəyovun "Koroğlu" operasının, muğam ustası Alim Qasımovun ifasında muğamımızın səslənməsi, Qobustanın daş salnaməsi, od və suyun bərqərar olmasının, odun, alovun, günəşin, “Qaval daş”ın təsviri və s.) və rəqslərimizin səsləndirilməsi, ilmələrində xalqımızın milli ruhunu yaşadan milli ornamentli xalçalarımızın, Qobustan qayaları üzərindəki qədim əcdadlarımızın rəqs təsvirlərinin yerli tamaşaçılarla yanaşı, minlərlə əcnəbi qonaqların da qarşısında nümayiş etdirilməsi, onların yüksək səviyyədə canlandırılması, həqiqətən də qürurverici, möhtəşəm idi. Və bununla da Azərbaycan bütün dünyaya qədim torpağımızın tarixi köklərə bağlılığını, ululuğunu, milli ruhu, adət-ənənəsini qoruyub saxladığını və bu qiymətli inciləri illər, əsrlər keçsə belə, daim yaşatdığını bir daha sübut etdi, başlıcası isə Odlar yurdunun ilk insan məskəni, sivlizasiyanın bərqərar olduğu mesajını verdi.
Yeganə Məmmədova
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Vətəninfo.az