Mövlud, MƏNİ o araba AĞLATDI

Mövlud, MƏNİ o araba AĞLATDI
Kəramət Böyükçöl


Bir dəfə dostum Mövludla düz səhərə qədər vurduq; xeyli araq, üstündən pivə, sonra yenə araq, təzədən pivə, siqaret... O qədər içdik, axırda kafe sahibi dillə gəldi. Sahil metrosunun yanı ilə üz qoyduq Tarqovıya tərəf. Orda bir binada təmir işi gedirdi, işçilər çıxıb getmişdi, binanın da qabağında sarı rəngdə bir sement arabası. Mühafizəçi elə bil qış yuxusuna getmişdi.

Arabanı mühafizəçinin gözündən oğurladıq, sürüb xeyli getdik irəli. Gecə saat üç olardı, bəlkə dördə işləmiş, uzağı dördün yarısı. Mövlud mindi arabaya, mən də sürməyə başladım, düz Kukla teatrının yanına kimi. Sonra mən oturdum arabaya, Mövlud sürdü. Yolun qırağı ilə yavaş-yavaş getdik İçərişəhər metrosuna qabağına, arada dincəlirdik də.

O gecəni bütün şəhəri gəzdik həmin arabayla, hətta bir-iki yerdə saxlayıb pivə də içdik. Daha sonra oturub maşınımıza yavaş-yavaş başladıq, türkün məsəli, təzədən bir-birimizi sürməyə.

Hərlənib-hərlənib yenidən arabanı götürdüyümüz yerə gəlib çıxdıq. Gördük mühafizəçi şirin-şirin yatıb, daha yuxudan qaldırıb narahat eləmək istəmədik. Dinməzcə arabanı yerinə qoyub marketdən adama bir-iki pivə alıb getdik bulvara. Bayaqdan arabayla getdiyimiz yolları bu dəfə piyada gəzdik, özü də xeyli yol idi.

Polislər yaxınlaşdı bizə, yəqin sərxoş olduğumuzu hiss ediblər, birtəhər yola verdik, çıxıb getdilər. Dənizin qırağında daşın üstündə oturub, ayaqlarımızı da salladıq aşağı. Uzun-uzun söhbət elədik, keçmiş sevgilərimizi xatırladıq, xüsusən, bizi atan qızların kimlərə ərə getdiyini.
Mövludu qəfil ağlamaq tutdu, boynumu qocaqlayıb hönkürdü. Onu tək qoymamaq üçün mən də ağladım. Dost deyilikmi? Amma mən niyə ağladığımı heç özüm də bilmirdim. Çünki əhvalım, doğrudan da, yaxşıydı.

Səhərə yaxın idi. Hava azca işıqlanmışdı. Sağollaşıb ayrıldıq, hərəmiz bir taksiyə minib düzəldik evə. Gecə yatmamışdım deyə dəhşətli dərəcədə yorğun idim, hələ üstəlik də sərxoş. Səhərin paxmel əzablarını düşündükcə özümü daha da pis hiss edirdim. Evə çatan kimi yıxıldım çarpayıma. Çarpayım tabuta oxşayırdı, üstümün qoşa qərənfili çatmırdı.
Gözlərimdən yuxu süzülürdü, birdən telefonuma Mövluddan mesaj gəldi: "Məni o araba ağlatdı”.
(Yazı Kəramət Böyükçölün feysbuk statusundan götürülüb)
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az