“Naxçıvanın muxtar respublika statusu ləğv edilməməlidir” – Deputat
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb və Möhsün Aşurov idarəyə rəis təyin edilib. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Bunlar Naxçıvanın muxtar respublika statusunun ləğvi ilə bağlı iddiaların yaranmasına səbəb olub.
Naxçıvanı parlamentdə təmsil edən deputat Eldar İbrahimov məsələ ilə bağlı Modern.az-a danışarkən bu iddianın yersiz və əsassız olduğunu vurğulayıb.
Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ləğvinə ehtiyac yoxdur:
"Muxtar Respublika Azərbaycanın tərkibində 1921-ci ilin 13 oktyabrında 5 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanın imzaladığı müqavilə ilə yaradılıb. Muxtar Respublikanı hansısa iddia ilə, elə-belə ləğv etmək mümkün deyil. Qanunamüvafiq yaradıldığı kimi, ləğv prosesi də qanunamüvafiq edilməlidir. Ümumilikdə isə Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alıb. Bu kiminsə sözü ilə ləğv edilə bilməz”.
"Şəxsən mən bu məsələyə inanmıram və tərəfdarı da deyiləm. Naxçıvan Muxtar Respublikasının ləğvinə heç bir ehtiyac yoxdur. Əvvəla, Naxçıvan məsafə olaraq Azərbaycandan xeyli aralıda yerləşir. Muxtar Respublikadır, özünün parlamenti, icra strukturu var. Bölgədə 7 rayon, şəhərə rəhbərlik həyata keçirilir. Naxçıvan azad zonada yerləşən bölgə deyil ki, onun muxtariyyəti asanlıqla ləğv edilsin. Gələcəkdə kommunikasiya əlaqələri yaradılsa belə, məsafə baxımından Naxçıvanın muxtar respublika statusu ləğv edilməməlidir. Sadəcə statusun ləğvi üçün səbəb yoxdur”, – deyə parlamentari vurğulayıb.