Bu yazını hazırlamaq üçün yazı masam arxasında əyləşəndə dövlət radiosunun qızıl səsli diktoru, əməkdar artist, bənzərsiz şəxsiyyət Gültəkin Cabbarlının bir fikri yadıma düşdü - “Mikrofonun məsuliyyətini dərk etməyən aparıcı özünü və tamaşaçıları dərk edə bilməz”. Tamaşaçılarla hər efir görüşündə sanki Gültəkin xanımın bu fikirlərini əsas götürərək mikrofonun məsuliyyətini dərk edərək məsuliyyətli şəkildə tamaşaçılarda xoş ovqat yaradan ATV kanalının xanım simalarından biri, sevilən aparıcı, geniş baxıcı auditoriyasına malik İlhamə xanım Bədəlova məhz seyrçilərin sevib qəbul etdiyi şəxsiyyət aparıcılarındandır. İstər Azərbaycan və dünya mətbəxindən bəhs edən verilişində, istərsə də “Nə varsa” verilişində xanım aparıcı hər zaman Azərbaycan ədəbi dilinin qaydalarına riayət edir, milli-mənəvi dəyərlərin təbliğini aşılayır, eyni zamanda tamaşaçıları maraqlandıran mövzuları qonaq ekspertləri ilə bərabər çözür. Ekspertlərin bəzən söylədiyi qərəzli fikirlərə elə anındaca reaksiya verir və çalışır ki, mövzudan kənara çıxılmasın.
“Nə varsa” verilişinin şənbə buraxılışı maraqlı anlarla yadda qaldı. Xalq artisti, “Şohrət”, “Şərəf” ordenli sənətkar İlhamə Quliyeva, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, şair Vüqar Əhməd, kaman ifaçısı, əməkdar artist Ağacəbrayıl bəy, jurnalist Alim Nəbioğlu və digər tanınmışlar İlhamə Bədəlovanın qonağı oldular. Verilişin maraqlı anlarından biri də əməkdaşımız 24 yaşlı Araz Hacıyevin bənzərsiz sənətkarımız İlhamə Quliyevaya olan sonsuz sevgisini bildirməsi oldu. Jurnalist Alim Nəbioğlu bildirdi ki, Vüqar Əhmədin tələbəsi olan Araz Hacıyev İlhamə xanımın fanatlarından biridir və İlhamə xanımı istər bir xanım, istərsə də sənətkar kimi sevir. Jurnalistin bu fikirinə İlhamə xanım təbəssümlə cavab verdi: “Araz mənim səsimin, avazımın heyranlarından biridir. Bir də ki, yaşın nə fərqi var ki?”.
Professor Vüqar Əhməd qınağın yaranma səbəbləri haqqında danışdı, mühitin insanı necə dəyişdirməsinə münasibətini bildirdi. Ağacəbrayıl bəyin ifasında Sevil Əliyevanın “Ana” mahnısı səsləndi və tamaşaçılarda nostalji hisslər yaratdı.
Xalq artisti İlhamə Quliyeva qonaq həkimə müraciət edərək gözlər və gözlərin mənası haqqında danışmağı rica etdi. Dünya işığına həsrət bəstəkar İsrail Kərimov haqqında fikirlər söylənildi və xanım sənətkarın ifasında mahnılardan çələng toxunaraq tamaşaçılara təqdim edildi. Alqışlar studiyanı bürüdü.
Hər səhərini “ATV xəbər”lə açan, “Gündəlik” qeydlərini “Nə varsa”, “Düz üzünə”, bəzən “Onlar”a “Öz aramızda” çatdıran GÜL TƏKİN AYDIN ATV-də çalışan İlhamə Bədəlova yorulmadan öz üzərində çalışır. Ən əsası odur ki, aparıcı potensial imkanlara malikdir, aparıcı olaraq verilişdən verilişə dinamik şəkildə dəyişə bilir. Aparıcı olaraq hərəkət dinamikası zəngindir və bu zənginliyə öz səmimiyyətini qatdığından, tamaşaçıya daha yaxın olur, sevilir.
Bir də onu qeyd etmək istərdim ki, İlhamə Bədəlova efirdə hər zaman efir mədəniyyətini qoruyub saxlayır. Bu da onun illərlə qazandığı təcrübədən irəli gəlir. Azərbaycan teleməkanında bir aparıcı olaraq seçilir, heç kimi təkrarlamır, öz açdığı yolla gedir. Efirdə mikrofonun məsuliyyətini dərk etməyənlərin efir ömrü az olur. İlhamə Bədəlova şəxsiyyətinə, çalışdığı kanala necə məsuliyyətlə yanaşırsa, mikrofona da o dərəcədə məsuliyyətlə yanaşır. Xanım aparıcının şəxsi həyatına gəldikdə isə onu deyək ki, sevdiyi bir insanla nişanlıdır. İlhamə xanıma həm efir, həm də şəxsi həyatında uğurlar arzulayırıq. Öz izi, yolu olan heç zaman yarıyolda qalmaz. Efir həyatınız həmişə yaşıl işığın şöləsinə qərq olsun.
Mehriban Hüseynqızı
filologiya üzrə fəlsəfə doktoru, dosent
Fotolar Araz Hacıyevindir