
Əmək pensiyası almaq hüququ olmayan 65 yaşlı şəxslərə 220 manat məbləğində sosial müavinət təyin edilir.
Ölkədəki partiya sədrlərinin bir çoxu pensiya yaşındadırlar.
Müsavat Partiyasının başqanı İsa Qəmbər 2022-ci il fevralın 24-də 65 yaşına çatıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər 1990-1995-ci illərdə keçmiş Ali Sovetin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
Amma İsa Qəmbər heç minimum pensiya da almır. Ona yaşa görə görə sosal müavinət təyin edilib ki, bu da hazırda 220 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2025-ci ildən 46080 manat olub) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib. Ona görə də ona 220 manat sosial müavinət təyin edilib. İsa Qəmbər isə bu əsaslandırmanə ədalətsizlik sayaraq, ona ayrılan sosial müavinəti almaqdan imtina edib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 71 yaşındadır. 1954-cü il təvəllüdlü ADP sədri minimum pensiya alır. S.Cəlaloğlu da ona təyin edilən pensiyanın məbləğindən narazıdır.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahud Mirəlioğlu pensiya yaşlı siyasətçilərdəndir. 1956-cı il təvəllüdlü Mirmahmud ağanın 69 yaşı var. O, bir müddət öncə Modern.az-a açıqlamasında adi pensiya aldığını qeyd etmişdi. M.Mirəlioğlunun sözlərinə görə, cəmiyyətin pensiya yaşına çatmış bütün üzvlərinin pensiyaları onları təmin etməlidir.

Ana Vətən Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı da pensiyaçıdır, onun 78 yaşı var. Amma digər partiya sədrlərindən fərqli olaraq Fəzail Ağamalı yüksək pensiya alır. Bu da onun üzün illər deputat olmasıyla əlaqədardır. Belə ki, F.Ağamalıya hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir. F.Ağamalı sosial təminat nazirinin müavini (1992–1993), əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994) işləyib, Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı da deputat pensiyası alır. 79 yaşlı S.Rüstəmxanlı Milli Məclisin I, II, III, IV və VI çağırış deputatı olub. Ona da hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov yüksək pensiya alan siyasətçilərdəndir. Bu da onun vaxtilə yüksək vəzifələrdə işləməsi və sabiq deputat olması ilə əlaqədardı. 87 yaşlı İlyas İsmayılov 1992-1995-ci illərdə Azərbaycanın ədliyyə naziri işləyib. Milli Məclisin III (2005-2010) və IV (2010-2015) çağırışının deputatı olub.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 68 yaşı var (1957-ci il təvəllüdlü) və pensiyaya çıxıb. O, keçmiş deputat kimi hazırda fəaliyyətdə olan parlamentarların maaşının 80%-i həcmində pensiya alır. Pənah Hüseyn Azərbaycan Milli Məclisinin III çağırışının (2005-2010) deputatı olub.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə də təqaüd yaşına çoxdan çatıb. 1953-cü il təvəllüdlü A.Mollazadənin 72 yaşı var. Asim Mollazadəyə deputat kimi yüksək maaşla yanaşı, həm də əmək haqqının 55 faizi qədər pensiya verilir.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov da çoxdan pensiyaya çıxıb. 79 yaşlı siyasətçi yüksək pensiya alır. O, 1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri, 1995-2000-ci illərdə I çağırış Milli Məclisin deputatı olub.
Azad Vətən Partiyasının sədri Akif Nağı 68 yaşındadır və pensiya alır.
Vəhdət Partiyasının sədri, sabiq deputat Tahir Kərimli 1956-cı il təvəllüdlüdür. 69 yaşlı Tahir Kərimli deputat pensiyası alır. O, 1992–1993-cü illərdə Ali Məhkəməsinin sədri işləyib. T.Kərimli Milli Məclisin V və VI çağırış deputatı olub. Ona hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir ki, bu da Azərbaycan reallığı üçün yüksək pensiya sayılır.
Yeni Azərbaycan Partiyası (İlham Əliyev), Azərbaycan Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Ağ Partiya (Tural Abbaslı), Ümid Partiyası (İqbal Ağazadə), Azərbaycan Demokratik Maarifçilik Partiyası (Elşən Musayev), Azərbaycan Xalq Cəbhəsi Partiyası (Əli Kərimli), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Ədalət, Hüquq, Demokratiya Partiyası (Qüdrət Həsənquliyev), Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev), Yeni Zaman Partiyası (Musa Ağayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Respublikaçı Alternativ Partiyası (Natiq Cəfərli) və Gələcək Azərbaycan Partiyasının (Ağasif Şakiroğlu) sədrləri isə hələ 65 yaşa çatmayıblar, pensiyaçı deyillər.