"Nə qədər təzyiqlər olsa da, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək"
Dağlıq Qarabağ məsələsinin həll olunmamasının əsas səbəblərindən biri himayədarları tərəfindən Ermənistana yardım göstərilməsidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasinda çıxışı zamani belə deyib.
Dövlət başçısı vurğulayıb ki, nə qədər təzyiqlər olsa da, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək.
Prezident bildirib ki, Ermənistan öz çirkin taktikasını işə salaraq, erməni lobbisinin dəstəyinə arxalanaraq Dağlıq Qarabağ məsələsinin həllini dünya gündəliyindən çıxarmaq istəyir. Biz buna imkan verməməliyik.
Dövlət başçısı qeyd edib ki, məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki qurumun qəbul etdiyi dörd qətnamə 20 ildən çoxdur ki, icra edilmir.
Prezident Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.
Prezident bildirib ki, Azərbaycana təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin.
Dövlət başçısı vurğulayıb ki, bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq və ərazi bötüvlüyümüz bərpa ediləcək.