Prezident: “Ermənistanın şərtləri qəbul edilmədi”

Prezident: “Ermənistanın şərtləri qəbul edilmədi”
Sankt-Peterburq görüşünün müsbət nəticələri var.
 
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olarkən deyib.
 
Dövlət başçısı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb, şəxsi heyətə uğurlar arzulayıb.
 
Hərbçilər üçün yeni yaşayış binasının qısa müddətə inşa olunduğunu və burada hər cür şəraitin yaradıldığını deyən Prezident İlham Əliyev indiyədək 900-ə yaxın hərbi qulluqçunun mənzillə təmin edildiyini bildirib. Ali Baş Komandan bildirib ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlət başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirib.
 
Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan bildirib ki, bunu aprel döyüşləri də göstərdi.
 
Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edib. Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək. Ali Baş Komandan qeyd edib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
 
Prezident İlham Əliyev bildirib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan prezident Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb.
 
Sonda Ali Baş Komandan bir daha vurğulayıb ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
 
Daha sonra dövlət başçısı mənzillərin açarlarını hərbçilərə təqdim edib.
 
Hərbçi Əhməd Qafarov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə hərbçilər adından minnətdarlığını bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az