Futbol ictimaiyyətinin "Qarabağ"ın, Qurban Qurbanovun üstünə bu qədər getməyini başa düşə bilmirəm. Axı "Seltik"ə uduzublar, hansısa məhəllə komandasına yox. Biz isə deyirik ki, niyə "Seltik"i keçə bilmədiniz, bu faciədi...
Razıyam, dünən top itkiləri çox oldu, komanda istədiyi hücumları qura bilmədi. Bunda meydançanın yararsız və hücum xəttindəkilərin yeni (Əl Harbi, Kintana, Pupon) olmasının da rolu var idi. Belə vəziyyətdə biz ötənilki "Qarabağ”ı hələ görə bilmərik. Amma əsas səbəb rəqib idi. Təkbətək mübarizələrdə çox güclü, fiziki cəhətdən bizimkilərdən qat-qat üstündülər, boy desən onlarda, sürət desən onlarda. Bizim ən sürətli futbolçumuz Reynaldodu, o da rəqib müdafiəçilərini üstələyə bilmirdi. Onların futbolçularının 10-15 milyon avro qiymətləri var, İngiltərə Premyer Liqa klublarının maraq dairəsindədilər. Biz də düşmüşük Qurban Qurbanovun üstünə ki, niyə "Seltik"i keçə bilmədiz?
Qurban Qurbanovun "Qarabağ"a gəlişinə qədərki dövrü xatırlayın (Elə indiki digər klublara da şamildi). Həmin vaxt Avroliqanın pley-offu bizim üçün xəyal deyildimi? Təsəvvür edin, "Seltik"in futbolçuları Bakıda 0:0 hesabına necə uşaq kimi sevinirdilər. Halbuki "Seltik" keçmişdə, elə indinin özündə (digər) komandalarımızla düşsəydi, məsələni Qlazqoda həll edib, Bakıya turist kimi gələrdi. Biz "Seltik" kimi rəqiblə görüşdə 90+5-ci dəqiqəyə qədər həyəcan keçiririksə, buna görə "Qarabağ"a, Qurban Qurbanova sağ ol deməliyik. Çünki bu tip komandalar adətən Azərbaycan komandaları ilə oyunlarda cavab görüşü üçün həyəcan saxlamırlar. "Seltik" kimi komanda ilə heç-heçə etdiyimiz üçün üzülürüksə, bunun özü məncə, yaxşı haldı.
Biz deyirik ki, Şotlandiya çempionunu niyə keçə bilmirik? Axı Şotlandiya futbolu ilə Azərbaycan futbolu arasındakı yerlə-göy qədər olan fərqi niyə görmək istəmirik? "Qarabağ" bizə görə güclüdü. Futbolu Avropada autsayder səviyyəsində olan bir ölkənin komandasını, yəni "Qarabağ"ı "köhnə qitə"də ortabab klub sayırlarsa, bu artıq Qurban Qurbanovun uğurudu.
Azərbaycan futbolunun səviyyəsini "Qarabağ"la ölçməyin. Dünən start heyətində cəmi 3 azərbaycanlı var idi. Azərbaycan futbolçusu normal gücdə olsaydı, "Qarabağ", eləcə də "Qəbələ" elə özümüzünkülərlə pley-offa qədər gedərdilər də. Azərbaycanlı futbolçu adicə Türkiyə Superliqasına həsrət olduğu bir vaxtda şotlandlar İngiltərə, İspaniya, Almaniya kimi böyük ölkələrdən təkliflər alırlar.Deyirsiz ki, bu əcnəbilərə bir ətək pul tökülür, "Seltik"i keçməyə borcludular? Azərbaycana gələn ən yaxşı əcnəbinin gücü komandanı maksimum qrupa qədər daşımağa çatar. O da yaxşı məşqçinin əlinə düşərsə. "Seltik"i məğlub edəcək gücdə olan futbolçu Azərbaycan kimi zəif futbol ölkəsində yox, İngiltərədə oynayır, 200-300 min yox, 2-3 milyon dollar qazanır.
Şotlandiya futbolu "böyük beşlik"dən sonra gəlir. Bəs Azərbaycan futbolu? Ən zəiflərin güclüsü. Belə bir ölkədən Avropa üçün ortabab klub çıxırsa, "Seltik" kimi rəqiblə 180 dəqiqə başabaş mübarizə aparırsa, bu, Azərbaycanın yox, sırf həmin klubun, onun baş məşqçisinin uğurudu.
Məncə, bizim hələ "Seltik"i niyə keçə bilmədiniz?" sualını verməyə haqqımız yoxdu.
Ruslan SADIQOV/APA