Qənirə Paşayeva “Kitab Günü” keçirdi
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB Tovuzun böyük kəndlərindən olan Düz
Cırdaxanda uşaqlar, gənclər üçün
"İnkişafın yolu kitabdan keçir"
adlı tədbir keçirib. Müəllimlər, kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla
bağlı belə maarifləndirmələrə böyük ehtiyac olduğunu vurğulayıb,
uşaqlar kitab hədiyyə etdiyinə görə Qənirə Paşayevaya təşəkkürünü
bildiriblər. Millət vəkili bildirib ki, bir insanın inkişafı
və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm
daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha
çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi,
xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin
olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında
mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva hər bir gənci eyni
zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı
öyrənməyə çağırıb. O, hər bir uşaqla ayrıca söhbət edib, kitablar
hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri
görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.
Deputat uşaqların yay tətilinə buraxılmasına toxunaraq, onları bu
zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə,
öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay
tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa
çağıran Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya
verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa səsləyib.
"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli,
elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki,
inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.
Qənirə Paşayeva "gənclər arasında zərərli vərdişlərə narkomaniyaya,
siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi
narahat etməlidir” deyib və bu zərərli vərdişlərbarədə geniş
söhbət edib.
Görüşün sonunda Q.Paşayeva uşaqlarla yanaşı, məktəbin kitabxanasına da gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib.