Qubad İbadoğlunun partiyası fəaliyyətini dayandırdı
ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilmişdir. Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı.
Hazırda ADR-in fəaliyyətinin "Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə vermişdir.
Miq.az-ın xəbərinə görə, bu barədə ADR lideri Qubad İbadoğlunun qardaşı Vüqar Bayramov sosial şəbəkədə yazıb.
O, daha sonra əlavə edib:
Qubad İbadoğlu ADR-dəki fəaliyyəti dövründə onunla bir cərgədə mübarizə aparmış partiya rəhbərliyinə və üzvlərinə, xüsusilə həbsdə olduğu müddətdə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını çatdırır.(gununsesi.info)
****
Qubad İbadoğlu lideri olduğu partiyanın fəaliyyətini dayandırdı - Səbəb/Sənəd
Qubad İbadoğlu lideri olduğu ADR partiyasının fəaliyyətini dayandırır.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
Bildirib ki, "Siyasi partiyalar haqqında” yeni qəbul olunan qanunun 4.7.-ci maddəsinə görə "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir: "Bu səbəbdən ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar olaraq Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək".
Partiya lideri deyib ki, qeydiyyat üçün müraciətlərinə 4 dəfə imtina cavabı verilib, məhkəmələr də şikayətə baxmaqdan yayınıb: "Apelyasiya Məhkəməsinin işə baxmadığı, Ali Məhkəmənin işi icraata götürmədiyi ADR Partiyasının fəaliyyətinə bu yolla əngəl yaratmaq idi. Buna qısa müddətdə olsa da nail ola bildilər, çox çəkməz. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".
Mia.az