Jalə Əliyeva «Mədəniyyət haqqında» yeni qanun dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən əhəmiyyətli bir sənəd kimi dəyərləndirilməlidir”
«Azərbaycan, bütün sahələr üzrə nail olduğu artım tempi, əldə etdiyi uğurlarla, dünyanın diqqət və maraq nöqtəsinə çevrilə bilib. Eyni zamanda, Azərbaycan öz qədim mədəniyyətini, bu mədəniyyətin ayrılmaz parçası olan muğam, əvəzsiz ifaçılıq, nadir xalçaçılıq, rəngkarlıq, rəsm sənətini və sair sənət nümunələrini bütün dünyaya nümayiş etdirir». “Vətəninfo.az”ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, Azərbaycanın son dörd ildən bəri iştirak etdiyi “Eurovision” mahnı yarışmasında ard-arda əhəmiyyətli yerləri tutması, ötən il isə bu yarışmanın qalibi olması ölkəmizin öz milli mədəniyyətini qoruyub inkişaf etdirdiyini təsdiqləyir. Onun sözlərinə kimi, bu amil, həmçinin, ölkəmizin dünya mədəniyyətinə açıq olduğunu və öz milli-mənəvi dəyərlərinə sadiq qalmaqla bərabər, eyni zamanda, dünya mədəniyyətinə də müvəffəqiyyətlə inteqrasiya etdiyini bir daha göstərdi.
«Təbii ki, mədəniyyət sahəsində siyasətin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, onun hüquqi və iqtisadi əsaslarını, mədəniyyət işçilərinin hüquq və vəzifələrini, onların statusunu və sair, müəyyən edən yeni qanunun hazırlanmasına, hazırkı qanunun günün tələbləri əsasında yenidən işlənməsinə ehtiyac yaranmışdı. Bu baxımdan, «Mədəniyyət haqqında» yeni qanun bir çox müddəaları ilə dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən və əhatə edən əhəmiyyətli bir sənəd kimi dəyərləndirilməlidir. Çoxdan bəri gözlədiyimiz bu qanunda, qarşıya qoyulan məqsəd demək olar ki, öz həllini tapıb»- deyə komitə üzvü qeyd edib.