"Əgər, ölkədə korrupsioner məmur hörmətlə qarşılanırsa...”

"Əgər, ölkədə korrupsioner məmur hörmətlə qarşılanırsa...”

“Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri, tanınmış ictimaiyyətçi Mübariz Göyüşlünün “Vətəninfo.az”a müsahibəsi:

- Mübariz bəy, diaspor təşkilatımız arasında vahid birlik və həmrəylik yaratmaq üçün hansı addımları atmaq lazımdır? 

 - Mən bu sahə üzrə mütəxəssis deyiləm, sadəcə olaraq rəhbərlik etdiyim təşkilat 2011-ci ildən etibarən beynəlxalq konfranslar təşkil etdiyi, Gürcüstan, Türkiyə və Rusiyadakı diaspor təşkilatlarımızla sıx əlaqələr qurduğu üçün qənaətimi bölüşməyə çalışacağam. Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən ictimai və siyasi təşkilatlar hansı vəziyyətdədirlərsə, nə dərəcədə bir-birilərilə ümummilli məsələlərdə həmrəylik göstərə bilirlərsə diaspor təşkilatlarımız da təxminən bu durumdadırlar. Diaspor təşkilatlarımızın bəziləri, xüsusən də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi qurumların əksəriyyəti heç də bizə təqdim olunduğu kimi aktiv və geniş fəaliyyət göstərmirlər. Bir çox vətənpərvər diaspor nümayəndələrimizin aktiv fəaliyyət göstərdiyi təşkilatlar isə Komitənin “diqqətin”dən kənarda qalıblar. Diaspor qurumlarını bir araya gətirmək üçün bu mühüm amildir, inanıram ki, Komitə rəhbərliyi bu fakta ciddi önəm verəcək. Bundan başqa nə qədər ki, Azərbaycan Respublikasının vahid milli ideyası, ideologiyası, yaxud konsepsiyası tam olaraq bəlli deyil, bütün sahələrdə olduğu kimi burada da problemlər öz aktuallığını saxlayacaq. Çünki təşkilatları və insanları birləşdirən ideya olmalıdır, əgər bu yoxdursa istənilən formatda qurulan birlik tezliklə dağılmağa məhkum olacaq. 

- Ümumiyyətlə, nədənsə birlik və həmrəylik adı altında bir fəaliyyət ortaya qoyulanda, oradan parçalanmalar və s. mənfi tendensiyasını müşahidə edirik. Sizcə, bu nə ilə bağlıdır?

- Düşünürəm ki, bu suala yuxarıda vahid milli ideya məsələsini qabartmaqla müəyyən qədər cavab verdik. Lakin əlavələr etmək istərdim. Diaspor anlayışı dövlətimiz və millətimiz üçün yeni olduğuna görə bu sahədə nöqsanlarımızın olması, hələ bir müddət də davam etməsi təbii haldır. Lakin ötən müddət ərzində bu sahə üzrə mütəxəssislər və diaspor hərəkatının peşəkar nümayəndələri də yetişməkdədir. O başqa məsələdir ki, bu cür vətənpərvər insanların potensialından zəif istifadə olunur. Üstəlik təşkilatlarımızın və fərdlərimizin bir çoxunda şəxsi maraqlar Vətən anlayışından, Azərbaycan düşüncəsindən, ölkəmizin problemlərinə dəstək olmaq niyyətindən daha güclüdür. Bu da ciddi bir nəticəyə nail olmaqda çətinliklər törədir. Əksəriyyət fərdi maraqlarını ümumi maraqlara, birləşərək bir çatı altında fəaliyyət göstərmək prinsipinə qurban vermək istəmir. Bundan başqa Diasporla İş üzrə Dövlət Komitəsi Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Xartiya hazırlayıb. Lakin bu Xartiya demək olar ki, kağız üzərindədir. Təşkilatlarımızın birləşməsində bu Xartiya demək olar ki, heç bir rol oynamır. 

-  Bu günlərdə facebook sosial şəbəkəsində maraqlı bir şəkilə rast gəldim. Şəkildə yaranan mənzərə ondan ibarətdir ki, ölkəmizə gələn turistlər milli parkda əllərində kitab oxuyurlar, onlara təəccüblə və gülə-gülə baxan Azərbaycan gəncliyinin görüntüsü var. Bəlkə məsələlərin arxasında duran əsas amillərdən biri də, savadsızlıqdır?

- Mən bu cür müqayisələrlə qətiyyən razı deyiləm. Uzun müddət müstəmləkə əsarətində olmaq millətimizdə kölə psixologiyası yaradıb, dövlətçilik şüurunun, Vətən əxlaqının formalaşmasına ciddi maneələr törədib. Rusiya kimi qəddar bir dövlətin müstəmləkəsi olmaq, 1937-ci il qırğınından çıxmaq öz təsirlərini göstərib. Mən bununla cəmiyyətimizdəki neqativ hallara haqq qazandırmaqdan uzağam. Amma bu durumdan yararlanıb milləti hər addımbaşı əcnəbilərin qarşısında, onlarla müqayisədə tənqid etmək görüntüsü altında təhqir etməyin əleyhinəyəm. Bəli problemlər var və kitab oxumaq da bu problemlərin içərisindədir. Lakin bir az obyektiv olaraq burada yalnız gəncliyi günahlandırmayaq. Əgər səviyyəsiz müğənnilər bir neçə saat ərzində bir ziyalının, alimin qazandığından daha çox qazanırsa, əgər korrupsioner məmur cəmiyyətdə ictimai qınaq əvəzinə hörmətlə qarşılanırsa, əgər kitab mağazaları sökülüb yerində restoran, kafe tikilirsə onda gəncin burada günahı yoxdur. Nə əkərsən onu da biçərsən. 

- Deməli, Sabirin qoyduğu məsələlər hələ də öz aktuallığını itirməyib: “Oxutmuram əl çəkin məndən” düşüncəsi başqa bir formada cərəyan edərək, öz işini görməkdədir.

- Məncə bu da yanlış yanaşmadır. Təhsil üçün yaxşı şərait yaratmaq lazımdır. Korrupsiyanı, yerlibazlığı, qohumbazlığı ləğv etmək və savada, biliyə qiymət vermək lazımdır. Kim istəməz ki, övladı oxuyub savadlı, ziyalı bir insan olsun? Min bir zülümlə təhsil alan, lakin sonradan müvafiq işlə təmin olunmaqda problemlər yaşayan gənclərin qayğısına qalmaq lazımdır. Məncə prezidentin təhsillə bağlı son sərəncamı, imtahanları və dərsliklərlə bağlı vəziyyətə nəzarətin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə etməsi və s. kimi addımları ciddi nəticələr doğura bilər. Əgər yenə də bəzi məmurlar buna əngəl törətməyə qalxmasa. Bütün hallarda bu istiqamətdə dövlət qurumları daha fəal olmalı, vətəndaşlar isə ona dəstək olmalıdırlar. 

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az