"Qərar – ağlın dayanma halı...”

"Qərar – ağlın dayanma halı...”

Qənirə Paşayeva

Çin filosofu Lao Tszunun bir hekayəsinə diqqətinizi çəkmək istərdim, əziz oxucum. Ən çox sevdiyim və ibrət aldığım hekayələrdən biridir. Əslində böyük filosof olan Lao Tszun bu kiçik hekayəsi anlamına görə yetərincə dərindir.

...Kəndlərin birində bir yaşlı adam varmış. Çox yoxsul imiş o adam, amma kral belə onu qısqanırmış... Yaşlı adamın dillərə dastan bir ağ atı varmış ki, kral bu at üçün yaşlı adama hardasa xəzinəsinin böyük bir bölümünü təklif etmişdi, lakin adam atını satmaqdan imtina etmişdi. – "Bu at mənim üçün sadəcə bir at deyil, bir dostdur. İnsan heç dostunu satarmı?" – hər zaman belə deyərmiş sadə kəndli… Siz təsəvvür edin, atına belə dəyərlə yanaşasan, sabah-sabah  yuxudan qalxanda, baxasan ki, at yoxdur. Uzun sözün qısası, kənd camaatı yaşlı adamın başına toplaşaraq deyir:

"Ey ağlını itirmiş qoca! Bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömrünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın..."

Yaşlı adam "Qərar verməyə tələsməyin" deyir. "Sadəcə at itib, gerçək budur. Ondan sonrası sizin yorumlarınız və qərarınızdır. Atımın itməsi bir talesizlikdir, yoxsa şansdır, bunu hələlik bilmirik. Çünki bu olay hələ ki başlanğıcdır. Sonra nə olacağını heç kimsə bilməz" –  deyir.

Kəndlilər yaşlı adamın bu sözlərinə qəhqəhə ilə gülürlər və onun ağlını itirdiyini zənn edirlər. Aradan on beş gün belə keçmədən at bir gecə qəfildən geri dönür. Sən demə, onu oğur-lamayıblarmış, at öz-özünə dağlara gedibmiş. Dönərkən də vadidəki on iki vəhşi atı da arxasına salıb gətirmişdi. Bunu görən kəndlilər toplanaraq qocadan üzr istəyirlər. "Sən haqlı çıxdın. Atının itməsi bir talesizlik deyil, sənin başına bir dövlət quşu qonub. İndi bir at sürün var" – deyirlər – üsul gərəyi…

"Qərar vermək üçün yenə tələsirsiniz" – yaşlı adam deyir. "Sadəcə atım geri dönüb. Bilinən gerçək sadəcə budur. Ondan sonra nə olacağını hələlik bilmirik. Bu daha başlanğıcdır." – deyir o.

Kəndlilər bu dəfə qocanı açıq şəkildə məsxərəyə qoymur, amma fikirlərindən "bu adam, həqiqətən də ağlını itirib" – deyə keçirirlər... Bir həftə keçmədən vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan yıxılır və ayağını sındırır. Evin güzəranını təmin edən oğul indi uzun müddət yataqda qalmağa məcbur idi. Kəndlilər yenə qocanın yanına gəlir və deyirlər: "Bu dəfə yenə haqlı çıxdın. Bu at üzündən tək oğlun ayağını uzun müddət hərəkət etdirə bilməyəcək. Sənə baxacaq başqası da yox. İndi öncəkindən daha yoxsul, daha zavallı olacaqsan".

Yaşlı insan deyir: "Siz erkən qərar vermə xəstələyinə tutulubsunuz. O qədər tələsməyin. Oğlum ayağını sındırdı. Gerçək budur. Qalanı sizin verdiyiniz qərardır. Amma əcəba nə qədər doğrudur? Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz".

Bir neçə həftə sonra düşmənlər qat-qat böyük bir ordu ilə hücum edirlər. Kral son bir ümidlə əli silah tutan bütün gəncləri əsgərliyə çağırtdırır. Kəndə gələn kralın nümayəndələri qocanın ayağı sınmış oğlundan başqa bütün gəncləri əsgər aparırlar. Kəndi matəm bürüyür, çünki müharibənin qazanılmasına imkan yox dərəcəsində idi. Gedən gənclərin sonunda ya öləcəyini, ya da əsir düşəcəyini hər kəs bilirdi.

Kəndlilər yenə qocanın yanına gəlirlər... "Yenə haqlı olduğun ortaya çıxdı" deyirlər. "Oğlunun ayağı sınıb, amma heç olmasa yanındadır. Amma bizimkilər bəlkə əsla kəndə dönməyəcəklər. Oğlunun ayağının sınması talesizlik deyil, uğur imiş..."

Qoca "Siz erkən qərar verməyə davam edin" deyir. "Halbuki nə olacağını heç kimsə biləm¬məz. Bilinən tək bir gerçək var. Mənim oğlum yanımda, sizinkilər əsgərlikdədir. Amma bunların hansının tale, hansının talesizlik olduğunu sadəcə Yaradan bilir."

Lao Tszu hekayəsini bu nəsihətlə tamamlayır:

"Tələsik qərar verməyin. Həyatın kiçik bir hissəsinə baxıb tamamı haqqında qərar verməkdən çəkinin. 

Qərar ağlın dayanma halıdır..!

Qərar verdinizsə, ağıl düşünməyi, dolayısı ilə inkişafı dayandırır.

Nəticə etibarilə, ağıl insanı daima qərara məcbur edər.

Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər.

Halbuki gəzinti əsla sona çatmaz.

Bir yol bitərkən başqası başlayar.

Bir qapı bağlanarkən başqası açılar.

Bir hədəfə çatarsanız və daha yüksək bir hədəfin dərhal orada olduğunu görərsiniz."

Həqiqətən də, tələsik qərar vermək qədər insanı yanlışlara, ədalətsizliklərə, haqsızlıqlara, sonradan ödəyəcəyi ciddi bədəllərə sürükləyən heç bir şey yoxdur... Amma bəzən bizim tələsik qərarlarımızın bədəlini başqaları da ödəyir. Ən dəhşətlisi də budur!.. Bu səbəbdən də hər zaman qərar verməzdən öncə, atalarımız demişkən, yüz ölçüb bir biçmək lazımdır…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az