"Şahdəniz, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir"

"Şahdəniz, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir"

Azərbaycan və Yunanıstan arasında əlaqələrin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır

"Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər edib. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcək". Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Karlos Papulyasla birlikdə Afinada keçirdikləri mətbuat konfransında deyib. 

"Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcək. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə verib. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq edib. Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik", İlham Əliyev vurğulayıb. 

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Yunanıstan arasında əlaqələrin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır: "Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcək.
Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcək.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az