Rusiya Ukraynaya hücuma hazırlaşır: Qərb Kiyevi tək qoyacaq, yoxsa...
Ekspertlərin fikrincə, Ukrayna ABŞ-Rusiya geopolitik mübarizəsinin platsdarmına çevrilib, Bayden "müharibə baş verərsə, Ukraynanın yanında olacağıq” bəyanatına sadiq qalmaya bilər; Rusiya isə qarşıdurmanın qızışmasında maraqlı deyil, səbəb Türkiyə və Ukrayna arasında hərbi müqavilədir.
Rusiya Ukraynaya hücuma hazırlaşır. "Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinkin deyib. O, Polşanın Belarusla sərhədində hökm sürən qaçqın böhranının arxasında Rusiyanın dayandığını bildirib. Blinken Polşa xarici işlər naziri Zbiqnev Rau ilə telefon danışığı zaman deyib ki, Rusiyanın məqsədi Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsindən diqqəti yayındırmaqdır. Beləliklə, bir yanda gözlənilən İsrail-İran, digər tərəfdə Rusiya-Ukrayna müharibələridir. Ancaq hələlik nəzəriyyə üzərində olan bu savaşların başlanması yaxın zamanda görünmür. Ukrayna Prezidenti Aparatı rəhbərini müşaviri Aleksey Arestoviç deyib ki, Belarusla sərhəddə miqrant əməliyyatında əsas məqsədi Ukraynanı hədəf almaqdır.
"Hərbi nöqteyi-nəzərdən baxsaq, ilk miqrant Belarusla sərhəddə hasarı sındırmağa başlayan kimi əməliyyata start verildi. Əsas məqsəd isə Ukraynadır. Polşaya problem yaradırlar ki, NATO daha çox ona köməyə yönəlsin və Ukraynaya vaxtında yardım edə bilməsin”, - o bildirib. Yeri gəlmişkən, NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın hərbi bloka daxil olması məsələsində hələlik konsensusa gələ bilmir. Stoltenberq vurğulayıb ki, NATO üzvü olmaq üçün hərbi blokun standartlarına cavab vermək lazımdır: "Alyans hazırkı mərhələdə Kiyevə ölkədə korrupsiya ilə mübarizədə kömək edir, lakin onu öz sıralarına qəbul etmək üçün 30 müttəfiq razılaşmalıdır”.
Alyansın baş katibi həmçinin bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə son görüşündə NATO-nun ölkənin bütövlük və suverenliyinə dəstəyini ifadə edib, lakin prezident dəstəkdən daha çox tam üzvlük istəyib.
Bəs Putin savaşa gedəcəkmi? Gedərsə, nələr olacaq? NATO bu müharibədə hansı mövqe tutacaq? Rusiyanın Ukraynaya hücumu NATO-Rusiya müharibəsinin başlaması kimi qələmə verilə bilərmi?
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Yeni Müsavat”a bildirdi ki, SSRİ dağılandan sonra Ukrayna Qərb və Rusiya tərəfindən məkrli plana məruz qaldı. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı genişlənmə siyasəti çərçivəsində əvvəlcə Şərqi Avropadakı sosialist ölkələrini üzv etdilər, sonra Rusiyanı sıxışdırmaq məqsədilə planlar başladıldı: "MDB-dəki rəngli inqilabların məqsədi də həmin ölkələrdə siyasi hakimiyyətlərin anti-Rusiya mövqeyi tutan qüvvələrdən ibarət olması idi. Bundan sonra proses sürətlənməli idi. Hələ Bjezinskinin ”Böyük şahmat taxtası" əsərini yada salsaq, görərik ki, Rusiyanın zəiflədilməsi üçün Ukraynaya böyük əhəmiyyət verilirdi".
Z.Məmmədov qeyd etdi ki, ABŞ və NATO gəmilərinin, hərbi texnikasının Rusiya hərbçiləri ilə üz-üzə dayandığını görürük: "Biz bunu ”soyuq müharibə" vaxtı belə görə bilməzdik. Bu gerçəklikdə indi Ukraynada baş verənlər Moskva-Kiyev arasında ya münaqişənin nizama salınması, ya da müharibənin başlanması ilə nəticələnməlidir. Zelenski hakimiyyətə gələndən sonra Moskva ilə danışıqlarda ümidlər varıydı, lakin gözləntilər doğrulmadı. Hazırda həqiqətən də Ukraynanın şərqində Rusiya qoşunlarının və texnikasının cəmləşməsini görürük. Qara dənizdə isə ABŞ hərbi hava gəmilərinin tez-tez manevr etməsinin şahidiyik. Bu geopolitik mübarizə Ukrayna ərazisində getməkdədir. Ancaq bizə dost olan Ukraynanın siyasi sabitliyi lazımdır ki, üçüncü ölkələr bundan istifadə etməsinlər, platsdarm məkanına çevrilməsin. Çünki Şimali Afrikada, Yaxın Şərqdə, MDB məkanında geosiyasi mübarizə heç də hegemon dövlətlərin deyil, ikinci ölkələrin zəifləməsinə səbəb olur. Bu mənada güman etmirəm ki, genişmiqyaslı hərbi əməliyyatlar olsun, lokal toqquşmalar mümkündür".
Siyasi təhlilçi Züriyə Qarayeva Rusiya ilə Ukrayna arasında qarşıdurmanın eskalasiya həddinə gələcəyini ehtimal etmir. Onun fikrincə, bu baş verərsə, iki dövlət arasında münaqişə səviyyəsindən regional münaqişəyə çevriləcək. "Buna isə tərəflərdən heç biri maraqlı deyil. Rusiya da Qərbin qarşıdurmada maraqlı olmadığını anlayır. Düşünürəm ki, Bayden Pentaqonda ”müharibə baş verərsə, Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq. Sadəcə olaraq, soyuq müharibə şərtləri kontekstində Kremlə qarşı sanksiyaları gücləndirəcək, Rusiyanı beynəlxalq maliyyə bazarından sıxışdırıb çıxarmaqla kifayətlənəcək", - deyə Z.Qarayeva şərh etdi.
Onun sözlərinə görə, çünki Qərb Rusiya-Ukrayna qarşıdurmasının tamamilə aradan qalxmasında maraqlı deyil: "Bunun səbəbi Rusiyanı öz etnik bağları yaxın olan dövlətdən uzaq saxlamaqla Moskvanı Kiyevin varlığına ehtiyac duyduğu bir neçə platformadan kənar salmaqdır. Burada bir də Türkiyə amili var. Rusiyanı qarşıdurmanın qızışmasında maraqlı olmamasının əsas səbəbi Türkiyə və Ukrayna arasında imzalanmış hərbi müqavilə və Ankaranın dünyada əzilən tərəfin yanında olma imicidir. Putin anlayır ki, Türkiyə Ukraynaya açıq hərbi dəstək verəcək. Hətta Putinin müşaviri Aleksandr Duqin canlı efirdə ”Türkiyə Krımı tanıyarsa, Rusiya da Kipri tanıyar və 13 dövlətin də tanımasını təmin edər" tezisindən sonra belə Ərdoğanın Ukrayna məsələsində mövqeyi dəyişmədi".
Miq.Az