Ramiyə Məmmədova Rusiyada uzun müddət qalan miqrantlar üzərində nəzarətin gücləndirildiyini deyir:
"Orada yaşayan hər bir insanın rəsmi qeydiyyatı olmalıdır. Bu məsələlərdə Rusiyanı qınamaq olmaz. Davam edən müharibə fonunda Ukrayna bir neçə dəfə təxribat törətməyə qadir olub. Bu yaxınlarda rus general İqor Kirillov da təxribat nəticəsində həyatını itirdi. Bu və "Krokus holl” terrorunu törədən şəxslərin Ukrayna tərəfindən maliyyələşdirildiyi bildirildi. Ona görə də Rusiyanın belə məsələlərə ciddi yanaşması ölkə təhlükəsizliyi üçün çox vacibdir. Sözügedən qadağalar Rusiyaya yeni getmiş azərbaycanlılar üçün müəyyən problemlər yarada bilər”.
Politoloq vurğulayır ki, son hadisələr Rusiyanın qərarları belə sərtləşdirməsinə səbəb olub:
"Məlum təyyarə qəzasının Rusiyanın səhvi ucbatından baş verməsindən sonra belə kəskin qərarlar qüvvəyə mindi. Bu, təsadüfi deyil”.
Hüquqşünas Ramil Süleymanov deyib ki, zaman-zaman Rusiyada miqrantların hüquqlarını pozacaq qanunvericilik aktları qəbul olunur:
"Dövlətlərin bu kimi məsələlərdə qınayıcı fikirlər bildirməsi isə artıq həmin ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirilir. Rusiya Avropa məhkəməsinin yurisdiksiyasından çıxarılmış ölkədir. Əvvəllər Rusiya dövlətinin bu şəkildə davranışları daxili məhkəmə instansiyalarını keçməklə, yaxud birbaşa müraciət etməklə Avropa məhkəməsi qarşısında mübahisələndirilirdi. Avropa məhkəməsinin Rusiyaya qarşı Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddə işgəncələrin qadağan olunması, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnun pozulması, 8-ci maddə şəxsi həyatın toxunulmazlığı, 14-cü maddə ayrı-seçkiliyin qadağan olunması barədə və s. Rusiyanın Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərin pozulması hesab olunurdu. Nəticədə müxtəlif qərarlarla kompensasiyaların ödənilməsi öhdəliyi Rusiyanın üzərinə qoyulurdu”.
Ramil Süleymanovun sözlərinə görə, hazırda Rusiyanın bu hərəkətlərindən şikayət oluna biləcək beynəlxalq hüquq, müdafiə mexanizmi yoxdur:
"Rusiyada yaşayan azərbaycanlılar, oradakı vəkillərlə fərdi qaydada müqavilə bağlamaqla pozulmuş hüquqlarının müdafiəsi barədə müraciət edə bilərlər. Kreml yaxşı anlayır ki, ölkə iqtisadiyyatını ayaqda saxlayan miqrantlardır. Çünki Rusiya müharibə vəziyyətində olan ölkədir və onun insan resursları iqtisadiyyatın dövr etməsi, qara işlərin görülməsi üçün yetərsiz kontingentə sahibdir. Rusiya bu qərarları qəbul etməklə sanki miqrantlara çəki-düzən verməyə çalışır”.
R.Süleymanov Rusiyada yaşayan azərbaycanlıların taleyinin necə olacağını isə belə izah edib:
"Azərbaycanlılar digər millətlərdən fərqli olaraq özünü daha çox ticari sahədə göstərir. Həmyerlilərimizin bir hissəsi orada Rusiya vətəndaşlığını qəbul ediblər. Həmin qanunlara əməl etmək məcburiyyətindədirlər. Xarici ölkə vətəndaşı olan, Rusiyada əməkçi miqrant hesab edilən şəxslərin bir çoxu ticarətlə məşğuldurlar. Hökumətin qoyduğu qaydalara uyğun olaraq vergi ödəyicisidirlər.
Dilin bilinməsi ilə bağlı tələb isə Azərbaycanda da tətbiq olunur. Hər bir dövlət öz millətinə qarşı ekvivalent davranış sərgiləyir. Dil biliyinin tələb edilməsi normaldır. Lakin istənilən halda uşaqların təhsil hüququndan yayındırılması birbaşa təhsil hüququnun pozuntusudur. Bu səbəblər əsas gətirilərək azərbaycanlıların deportasiya olunması isə Azərbaycanın Rusiyadakı səfirliyinin hərəkətə keçməli olduğu məsələdir”.