Rusiyanın Ermənistan və Azərbaycana yeni təklifləri var?-Qapalı görüşlər

Rusiyanın Ermənistan və Azərbaycana yeni təklifləri var?-Qapalı görüşlər

 "Rusiya Ermənistan və Azərbaycana irəli sürdüyü həll formulunu müzakirə etmək üçün vaxt verib"

Son vaxtlar Qarabağla bağlı gedən danışıqlarda müharibə etimalının artdığı vurğulanır. Bəzi siyasətçilərin verdiyi açıqlamalarda gostərilir ki,  aparılan danışıqlarda  hər hansı bir nəticə əldə olunmayıb və danışıqlar prosesi dalana dirənib.  Bu günlərdə yeni hərbi hissənin açılışında Ali Baş Komandan İlham Əliyev tərəfindən  Ermənistan rəhbərliyinə verilən mesajların yeni toqquşmaların anonsu olma ehtimalı da irəli sürüldü. Bu kimi  qarşılıqlı ittiham və emosional bəyanatlar, cəbhədə ümumi vəziyyəti gərginləşdirməkdə və istənilən vaxt atəşin bərpa olunmasına da apara bilər.

Miq.az -a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə son vaxtlar Qarabağla bağlı gedən danışıqları şərh edərək, verilən bəyanatlara aydınlıq gətirməklə yanaşı həm də ən son vəziyyəti analiz etdi: 

Münaqişəsinin nizamlanması prosesində durğunluq

Son altı aydır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq hökm sürməkdədir. İlk aylar atəşkəsə nail olunsa da demək olar ki, həmin günlər ərzində erməni tərəfi atəşkəsi yeddi dəfə pozurdusa, noyabr ayından başlayaraq atəşkəsi 40-50 dəfə pozmağa, hətta kiçik çaplı artilleriyadan istifadə etməyə başladı. Ermənistanın Hamburq danışıqlarından yayınmaqla, diversiya -təxribat xarakterli həmlələri və atəşkəsi mütəmadi pozmağı daha da intensivləşdirdi.  Ermənistanın diversiya qüvvələri, ötən ilin dekabrın 29-da  dövlət sərhədini pozaraq Azərbaycanın mövqelərinə həmləsi, bir hərbiçimizin cənazəsin özləri ilə aparması, bu günə kimi geri verməməsi və siyasi oyunlar aparması vəziyyəti mürəkkəbləşdirməyə və  Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməsinə cəhd etməsi isə, uğursuzluğla nəticələndi.  

Serj Sarkisyanın Qarabağla bağlı güzəştsiz mövqe sərgiləməsi

Münaqişə ətrafında gərgin situasiya cərəyan edən bir vaxtda  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı məlum açıqlaması, ardınca Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı güzəştsiz mövqe sərgiləməsi, müharibə ehtimalını gücləndirməklə yanaşı, demək olar ki, hər gün ön xətdə erməni əsgərinin ölüm xəbəri ilə paralel üst-üstə düşürdü. 

Rusiya Cənubi Qafqazda güclənməklə, Qərbin artan marağı, xüsusilə ABŞ-dakı yeni administrasiyanın aydınlaşmayan Cənubi Qafqaz siyasətini önləmək üçün müharibə ehtimalını ertələmək, Ermənistan və Azərbaycanı yenidən danışıqlara cəlb etmək üçün təşəbbüs etməkdədir. Xatırlamaq lazımdır ki, Aprel müharibəsindən sonra, Rusiyanın vasitəçiliyi fiaskoya uğramaqla işğalçı ölkənin mənafeyinə uyğun siyasət aparması, durumu daha da mürəkkəbləşdirdi. 

Xarici İşlər Nazirlərinin qapalı danışıqları

Bir neçə gün bundan əvvəl, Ermənistanın Xarici işlər naziri Eduard Nalbadyanın Moskvaya səfər etməsi, həmkarı Lavrovla  Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdi. Amma  ictimaiyyətə danışıqlar barədə geniş informasiya verilmədi. Bu səfərdən sonra Xarici işlər naziri Elmar Məmmmədyarov da Moskvaya gedərək, həmkarı S. Lavrovla Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar apardı. Xarici işlər nazirlərinin görüşü yenə də qapalı olaraq saxlanıldı. Səfərin təfərrüatları barədə məlumat verilmədi. Təbii ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərini Moskvaya Rusiya dəvət edib. Görünür, Rusiya tərəflərə münaqişənin həlli istiqamətində yeni plan irəli sürüb. Rusiya  münaqişə tərəflərinə təqdim etdiyi həll planını konfendensial olaraq, müzakirə edir. Və hələlik Qərbdən gizli olaraq yeni siyasət ortaya qoymaq istəyir. 

Kreml çalışır ki, Cənubi Qafqaza tam nəzarəti ələ alsın

Kreml çalışır ki, Cənubi Qafqaza tam nəzarəti ələ alsın, Dağlıq Qarabağa öz "sülhməramlı" qüvvələrini yerləşdirməklə bölgədə təsir rıçaqlarına malik olsun.  Qeyd edim ki, Rusiya Ermənistan və Azərbaycana irəli sürdüyü həll formulunu müzakirə etmək üçün vaxt verib. Yeni həll planında Azərbaycana ilkin olaraq, yeddi rayon deyil, iki, yaxud üç rayon qaytarılması əksini tapsın. "Kazan" formulunda isə, ilkin olaraq, yeddi rayon göstərilirdi.  Əvəzində isə Dağlıq Qarabağa aralıq status verilsin. Amma, Azərbaycanın iki və ya üç rayona razılığı mümkün görünmür. Həmçinin  ölkənin Avrasiya İttifaqına və KTMT üzvülüyü şərt kimi ortaya qoyulur.  Rəsmi Bakı, iki və ya üç rayonla razılaşsa,  Qarabağı və öz müstəqilliyini itirmiş olar. Rusiya hesab edir ki, Qarabağ münaqişəsinə tam nəzarət edir. Və diktə etdikləri qəbul olunmalıdır. Vurğulamaq lazımdır ki, son iki ildə Rusiya Qarabağ münaqişəsində daha da əsas söz sahibi kimi möhkəmlənib. Azərbaycan Qərblə əlaqləri möhkəmləndirməklə Rusiyanı neytrallaşdıra bilər. 

 Münaqişə ətrafında durğunluq, müharibəni diktə edir

İki aydan sonra Ermənistanda  parlament seçkiləridi. Seçki qabağı prezidentlərin görüşü də real görünmür. Rusiyanın  Azərbaycanın artan müharibə ehtimalını qarşısını almaq üçün siyasət apardığı görünür. Münaqişə ətrafında durğunluq, müharibəni diktə edir. Mart ayına kimi Kremlin yeni lahiyələri aydın olacaq. Hesab edirəm ki, Moskva Ermənistanda seçkini sakit bir məcrada keçməsi üçün müharibənin qarşısını ciddi-cəhdlə önləsin. Azərbaycana təzyiqlər etsin. Çünki, Ermənistanda siyasi vəziyyət mürəkkəbdir və bu mürəkkəblik Qərbin burada fəallaşmasına gətirə bilər. Azərbaycanın əlində Ermənistana ciddi zərbə vurmaq üçün təsir rıçaqları və şansları artmaqdadır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az