RUSİYAnın regionları, regionların AZƏRBAYCANlıları və yaxud...
Aydın Canıyev,
Moskva, xüsusi olaraq, Miq.az üçün
Diasporamızın fəaliyyəti - əməyi, zəhməti, uğuru və mütəşəkkilliyi haqqında icmal əvəzi
Hamının rahat, qoruq-qaytaqsız istədiyini danışdığı, hamının ittiham, ağıl verdiyi, - haqq etsə də, etməsə də, - dönəmdə danışırıq. Yaşayırıq və insanları əzaba salırıq. Mövqeyimizlə, danışığımızla. Fərqinə də varmırıq ki... hər cümlənin yükü nə boydadır!
İki cümlənin üstündə yazıram bu yazını və izahını verirəm fikrimin:
1. 1945-ci ilin mayın 9-da SSRİ faşist Almaniyası üzərində qələbə qazandı (74 ildi bunu deyib milyonlar bayram edir)!
2. Azərbaycan diasporu Rusiyada bacardığını və imkanından xaric olanı edir!
Asan oldumu, rahat oldumu, mümkün idimi, qurbansız oldumu, dəstəklər oldumu, bəs idimi silah-sursat, qida, geyim yetərliydimi, zaman və məkan əlverişliydimi, rəqib zəif idimi... minlərlə sual və o minlərlə sualın cavabı var bu bir cümlədə.
... Yaxın günlərdə Rusiya Federasiyasında 9 May Qələbə günü qeyd ediləcək. Hazırda RF-də yaşayan, keçmişdə SSRİ tərkibində olan bütün xalqlar bu qələbənin qeydinə, ildönümünə hazırlaşır. O cümlədən də buradakı azərbaycanlılar.
Altında hələ də özünəməxsus sərvətlərlə birgə minalar, silah-sursatlar, hərbi texnikalar yatan Rusiya torpaqları göz yaşları və qanla sulanıb! Hər dəfə baharın gəlişiylə ona görə çiçəklənir ki, bu ölkə düşmənə qalib gəlib, gəlir və Rusiyanın ənginliyini görənlər anlayır ki, qalib də gələcək – bu ölkəni udmaq və udmaq mümkün deyil!
Moskva Vilayəti üzrə Azərbaycanlıların Milli Mədəni Muxtariyyatının sədri Elşən İbrahimovun təklifi ilə Poqoreloe Qorodişşe (Zubtsov rayonu, Tver vilayəti) – Sneqiri (Moskva vilayəti) avtoyürüşündə iştirak edərkən aldığım təəssüratı, gəldiyim qənaəti bölüşməyi vacib saydım. Poqoreloe Qorodişşenin, bizim dillə desək, icra nümayəndəsi Vladimir Viktoroviç Strelnikova "SS” də demək olar: "səmimi və savadlı” kənd başçısı! Kəndin tarixini və bu kəndin (müharibə vaxtı isə böyük bir rayon) Böyük Vətən Müharibəsində döyüş, fədakarlıq və qəhrəmanlıq salnaməsini o qədər anlaşıqlı, o qədər ürəkdən, o qədər sevə-sevə danışır, tanıdır, təqdim edir ki, vallah, adam istəyir təzədən SSRİ-nin tərkibində gedib almanlarla vuruşsun, onları bir də məğlub etsin!
Bizə səfərboyu bələdçilik edən Aleksandr Nikolayeviç Şabutkin (Çernobıl İttifaqının sədri) isə bu kənddə keçən uşaqlığından, bu kəndin, digər məntəqələrdə isə həmin kəndlərin, qəsəbələrin, şəhərlərin döyüş yolunu və xidmətlərini danışır.
Biz - avtoyürüş iştirakçıları da tarixi anım şöləninin ədəbi-bədii hissəsini çay və şirniyyat süfrəsiylə tamamlayıb, almanların gəldiyi yolla Tverdən Moskvanın 22 kilometliyinə gəlsək də, amma almanlar kimi gəlmirik.
... Moskvayacan olan təxminən 170 km. yolda bir neçə döyüş muzeyi və müharibə qəhrəmanlarının şərəfinə ucaldılan muzey var. Zəngin eksponatlar, döyüş qəhrəmanlıqları salnaməsi, qəhrəman döyüşçülərin adları, təltifləri, döyüş şəraiti və əzmkarlıq, xalqın dəstəyi haqqında çox gözəl ifadə olunan məlumatlar bu məkanları mənə... az qala Azərbaycandakı pirləri xatırlatdı. Necə ki, biz məlum günlərdə pirləri-ocaqları ardıcıllıqla ziyarət edirik, rus xalqı da bu abidələri hər gün elə ziyarət edir. Poqoreloe Qorodişşe-Şaxovskaya-Volokolamsk-İstra-Sneqiri boyunca hər abidəni ziyarət etdikcə, konkret tarix 9 may olmasa da, vətəndaşların-sadə adamların ailəlikcə bu məkanlarda olduğunu görüncə avtoyürüş yoldaşım Mahir Miriyevlə söhbətləşirəm:
- Kənd mədəniyyət evi-kilsə-müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış kompleks-Leninin abidəsi – çox kiçik bir ərazidə kompozisiya təşkil edirsə, kollektiv yaşayırsa, bu... burada yaşayan insanların düşüncəsinin inikasıdır! Rus dövləti adına yüzlərlə xalqı öz içində əridib birləşdirən bu millətin xarizması budur: hegemonluq, imperiya ambisiyaları!
Yüzlərlə xalq Rus dövləti və Rusiya üçün vuruşmağa hazırdır! Bəlkə də yüz ildir ki, bu xalqın əleyhinə olanlar mübarizə aparırlar ki, bu birlik məhv olsun, amma hələ də nail olmur.
Və biz bunu Azərbaycanı düşünərək deyirik: ikcütbirtək xalq olan Azərbaycanda buna nail olmaq lazımdır! Yoxsa ki, küyə gedib birinə "separatçı”, birinə "terrorçu” adı qoymaq istəyənlərə dəstək olmaqla, Azərbaycan üçün vuruşanları ayrımçılıqla ofsaydda saxlamaq yox!
Döyüş olmuş hər məntəqədə hər yerin döyüşçülərinin xatirəsinə bir muzey var. Bizdə isə ancaq və ancaq bircə nəfərin muzeyi!
Moskva Vilayəti RMMM-in sədri Elşən İbrahimov yürüş iştirakçıları olan azərbaycanlılara və onlara qoşulmuş ruslara İkinci Dünya, həm də bizlər üçün Böyük Vətən Müharibəsində azərbaycanlıların iştirakını, fədakarlığını, Azərbaycanın töhfələrini müfəssəl çatdırır, Azərbaycanın və azərbaycanlıların dost və sadiq ölkə-xalq olaraq canlı obrazını təqdim edir.
Avtoyürüşə Moskva Vilayəti RMMM-də birləşən 21 rayon təşkilatının nümayəndələri qoşulub. Hər məntəqədə yerli əhali vətən uğrunda canlarından keçmiş bu insanlara azərbaycanlıların hörmət və ehtiramını çox yüksək qiymətləndirir.
Poqoreloe Qorodişşe mədəniyyət evi ayrıca konsert proqramıyla çıxış edir. Bizdən isə əksər milli mədəni tədbirlərimizin sevimlisi, ulduzu Şükran xalq və bəstəkar musiqilərimizi ifa edir.
"Moskva Vilayəti RMMM Poqoreloe Qorodişşe-Şaxovskaya-Volokolamsk-İstra-Sneqiri marşrutu üzrə avtoyürüş keçirmişdir”. Bax, demək istədiyim budur: sadəcə, bir cümlə ilə oxuduğunuz bu xəbərin yükünü dəyərləndirin! 50-dək insanın işini-gücünü buraxıb, 170 kilomet yolu o yana, 170 kilometr də bu yana gəlməyindən ibarət deyil təkcə bu xəbər! Həm də bu məntəqələrdəki yerli idarəetmə orqanları ilə təmas, qarşılıqlı anlaşma, xalqların dinc dövrdə birgəyaşayış humanizmi sərgiləməsinin, xalqların bir-birinin tarixinə sayğısının təminidir! Bəşəri dəyərlərə hörmət prinsipini xalq və dövlət adına rəsmiləşdirməkdir, eyni zamanda. Maliyyə xərclərini isə bir yana qoyaq!
Bir neçə şəkil yazıya əlavə etməklə həm də bunu nəzərə çatdırmaq istəyirəm: vaxt bizə nə qədər əzizdirsə, tarix üçün də o qədərdir! Zaman döyüş zamanıdırsa, olubsa, olacaqsa, daha məsuliyyətli olmaq lazımdır! Bu gün bizlərin... azərbaycanlıların ölkə və xalqımız üçün zaman savaşı İkinci Dünya Müharibəsi dönəmindən də daha taleyüklüdür! SSRİ təkcə almanlarla, almanların işğal altına aldığı xalqlarla vuruşurdusa, Azərbaycan tək canıyla və ikicütbirtək xalqla erməni və erməni diasporunun ələ aldığı dünya xalqları ilə vuruşur. İrəliyə doğru hər zəif və zərif addım belə, qaranquş dimdiyindəki su misalı. Bu mənada Moskva Vilayəti RMMM-ni son 20 ildəki fəaliyyətinə görə o qaranquşlardan biri saymaq olar.
Bu avtoyürüş zamanı yaşadığım bir hissi xüsusilə qabartmaq istəyirəm: qalib ölkənin nəinki qələbə günü, hətta o tarixi zamanın ərəfəsi belə eyforiya yaradır – siz yaxın günlərdə ekranlardan bu məğrurluq sevincinə şahid olacaqsınız, amma bir görəydiniz əyalətlərdə belə insanların üzündə nə təbəssüm vardı.
Bu təbəssümə sahib olmaq üçün isə... 30 milyon qurban gedib! Tarixi qələbəni əldə etmək üçün Atatürk taktikasından yararlanan Jukovu indi heç kim qınamır! Ki, böyük qurbanlar bahasına qalib gəlib. Yeri gəlmişkən, elə Poqoreloe Qorodişşe də Jukovun bu cəbhəyə müdaxiləsindən sonra başlanıb.
Bu marşrut üzrə eşitdiyim, tarixdən bəlli olan çoxlu faktlardan yalnız bircəsini nəzərinizə çatdırıram: açıq döyüş meydanında (əlini gözünə günlük elə, bax, azı 10 km ovuc içi kimi görünür!) cəmi... 28 nəfərlə alman ordusunun qabağında duran "panfilovçular” 4 saat ərzində 52 tankın 18-ni zərərsizləşdirib (qanınızı qaraldıb soruşmuram 29 minlik Şuşa dağın başında neçə erməni tankının hücumundan sonra tərk edildi!)! Yanacaq və silah-sursat ehtiyatı tükənən almanlar növbəti həmləni dayandırmalı olub!
Həə, xəsislik etməyim, SSRİ tarixini oxumayanlar üçün onu da deyim ki, o məşhur ifadə elə bu yolda deyilib, burda deyilib: "Rusiya böyükdür, amma bizə bir addım da geri atmaq olmaz – arxada Moskvadır!”
Deyiblər, döyüşüblər, ölüblər, amma Moskvaya buraxmayıblar!
Qanınızı qaraltmayın atmacalarımdan, tarixdən öyrənmək, tarix yazmaq üçün doğrudan da bizə elə Rusiyadan öyrənmək lazımdır. Ən azından... bunun üçün Moskva Vilayəti RMMM kimi vətənpərvər təşkilatlar lazımdır!
Bakıda, Şəkidə, lap elə... Moskvada dalını isti yerə, ağzını açıq qoyub, "diaspora iş görmür, diasporamızın fəaliyyəti görünmür” deməklə deyil. Diasporanın nə iş gördüyünü görmək üçün arada Moskva Vilayəti RMMM kimi təşkilatların qapısını da döymək lazımdır! Moskvada, Puşkində, Serpuxovda, Lyübertsıdə, Kirovda, vilayətin və regionun digər inizibati ərazilərində.
Qapılarını döymürsünüzsə, yardım əlinizi nə onlara, nə ciblərinizə uzatmırsınızsa, heç olmasa, heç kimin haqqına girməmək üçün, onların haqqında yazılanları oxuyun, deyilənləri eşidin.
Bunu da etmirsiniz axı!
Nə qədər ki, biz bunu etmirik, elə ayrı xalqların qələbələrini qeyd edəcəyik!
Miq.Az