Rüstəm Behrudi:”Yalnız Allahını sevən adamlar yaşaya bilər sevdanı...”

Rüstəm Behrudi:”Yalnız Allahını sevən adamlar yaşaya bilər sevdanı...”

İblisi Mələkdən gözəl olan şair-Rüstəm Behrudi

Zamanmı yetirir, ya Allahın dünyaya bir lütfüdürmü şairlər? Bilmirəm. Elə burda, Bakının özündə bəzən bircə cümləsində belə başımı itirdiyim şeir sahibləri var və bu məni dəhşətə gətirir: 

Tanrı yorğun, bəndə bitmiş,

Ölüm gəlib, məndə bitmiş.

Mələklər də çıxıb getmiş,

Tanrı duymaz, ha çağırım...

 Bu, artıq insanın elə bir məqamıdır ki, daha ondan o tərəfi yoxdur. Bitdi. Zaman durdu. Bir şair bunu yazmaqla əslində Ölümün özünü öldürdü! Tanrıya şükür ki, bizimdilər. Ən cəsarətli hallarıyla yazıb-yaradan bu ədəbiyyat inciləri bu günümüzdə, görə biləcəyimiz, çata biləcəyimiz bir yerdədilər. Və heç vaxt dərk edə bilməyəcəyimiz qədər də uzaqda... “Vətəninfo.az”ın qonağı  Rüstəm Behrudidir. Dünyanın ən dəli adamı və Yer üzünün ölümə salam verən şairi...

 - Mənə görə Rüstəm Behrudini tanımaq lazım deyil, yaşamaq lazımdır. Onun şeirlərini, dostluğunu...

- Sən özün yaxşı bilirsən ki, bu dediyin şeyləri Rustəm Behrudiylə yaşamaq mümkün deyil, zülümdür.

- Bəs sizə əlimiz necə çatsın?

- Kitablarımı oxumaqla. Bilirsiniz, mən heç vaxt oxucuların məndən istədiklərini yazmadım. Onlar Rüstəm Behrudi olaraq iyirmi-otuz ildir məni tanıyırlar, təbii ki, məndən özlərinin eşitmək istədikləri nələrsə var. Həmişə oxucuya mənim özümün istədiklərimi yazdım. Ola bilər ki, oxucu ilə mənim aramda anlaşılmazlıq ola bilər, bu halda oxucunun günahı var. İfadəmə görə üzr istəyirəm, mən nə qədər məşhur olsam da, tanınsam da oxucu qarşısında məsuliyyət daşımıram. Çünki heç vaxt belə bir söz verməmişəm. Mənim Azərbaycan oxucusunun qarşısında heç bir öhdəliyim yoxdur. Osmanlı demiş, kəndibaşına bir şairəm. Və oxucularıma onların istədiyini yox, öz istədiyimi təqdim edirəm.

- Azərbaycan türkçü-millətçiləri arasında belə bir şayiə gəzir ki, “Rüstəm Behrudinin şamanlarla əlaqəsi var, o şeirləri ona şamanlar deyib, onun vasitəçiliyilə yazdırırlar”...

- Mən elə fikirləşirəm ki, bu da bir xoşbəxtlikdir, əslində. Hətta şamanizm haqqında kitab yazanda belə Türk dünyasının özündə bu haqqda məlumatlar yox idi. Şamanizm sadəcə bir söz olaraq dildə dolaşırdı. Türk milləti doğuluşunun ilkin çağında belə bir inanca sahib idi. 

- İndi əlinə qələm alan hər kəs ədəbiyyata demək olar ki, hücum çəkir. Nə düşünürsüz, sizcə bu bulanıqlığın bir durulduğu an gələcəkmi?

- Əlbəttə ki. Mən sizə bir məqamı deyim, ədəbiyyat dərsliklərində bəzi şairlər adı ilə, bəziləri də icma şəklində keçilir. İndiki Azərbaycan ədəbiyyatı icmaldan başqa bir şey olmadığından onlardan kimin seçiləcəyi hələ bəlli deyil. Mən onları qəbul edirəm-etmirəm bu, ayrı məsələ. Amma sevinirəm ki, Azərbaycan ədəbiyyatındakı gənclik tamam fərqli düşüncə tərzinə sahibdir. Onun düşünməyi gözəldir. Onun ifadə forması fərqlidir. 

- Niyə bahara düşmənsiz? Yaz sizə neyləyib?

-Mən həmişə baharın tez bitməyini istəyirəm, çünki açan çiçəklərin içərisində darıxıram. Gözləyirəm ki, payız gəlsin, onda hər şey öz əslinə qayıdır. Daha sonra özünü tərk eləməyə başlayır. Həm hər şeyin öz əslinə qayıtdığı an, həm də ayrılıqdır payız. Mən də ayrılıq adamıyam, ona görə payız mənim üçün gözəl fəsildir.

- Behrudi niyə təkdir?

- Hardan bilirsən tək olduğunu? (gülür)

Mən tənha, Qurd yalnız, o Tanrı təkdi,

Yalqızlıq içimdə bir sevda əkdi.

Təkcə mən blirəm, Boz Qurd nə çəkdi,

Nə yaxşı, yazdığım umuddan gəlir.

İnsanlar bir yerdə olsalar da yalnızdılar. 

Yıx təkliyi, yıxıb get,

Təkliyində gözəlsən, 

Təkliyinə çıxıb get.

Çünki hər bir şey təkliyində gözəldir. Mən müqayisədə heç nəyi qəbul etmirəm. Bir şey ya var, ya yoxdur. Onu var olanla müqayisə eləyib, varlığını təsdiq eləmək həmin şeyin varlığının var olmadığına dəlalət edir. Yəni, heç bir şeyi müqayisədə qəbul etmək düzgün deyil. Bir şey ya gözəldir, ya gözəl deyil. Məsələn, mənim opponentim deyə bilər ki, müqayisə etmədən fərqi dərk eləmək mümkün deyil. Çirkini görüb gözəli dərk eləmək mümkündür. Ancaq insanın düşüncəsində bir gözəllik anlayışı var axı, gözəl nə cür olur, çirkini görmədən gözəlin nə olduğunu bilmək mümkün deyil. Bu anlamda mən müqayisədə heç nəyi qəbul etmirəm. Yəni əsil böyük, ideal həqiqət özlüyündə olan şeydir. 

- Sizə görə gözəl olan nədir?

- Mən ruhumu oxşayan hər şeyə gözəllik kimi baxıram. Təki mənim ruhum onunla rahatlıq tapsın. Fərq etməz nədir o. 

- Bəs ağrı?

- Ağrı o hissdir ki, onu Rüstəm Behrudi izah edə bilmir. Onu ifadə eləmək mümkünsüzdür. Ağrı sevgi yox, sevda kimidir onu yaşamadan nə olduğunu bilmək olmaz.

- Sevda nədir?

-Dəlilikdir. Axmaqlıqdır. Ancaq dünyanın ən möhtəşəm bir işidir. Onu ağıllı adamlar yaşamırlar. hansı ki, onlar bu dünyanın nə olduğunu dərk eləmək istəyirlər. Onlarınkı sevdadan da keçib, dəlilikdir artıq. 

- Rüstəm bəy, indiki gənclik qüvvətlidir amma onlarda mənəvi bir aclıq var. Bu aclıq çoxaldıqca sizi tanıyırlar...

- Mən də elə düşünürəm. Ədəbiyyat dövründə, zamanında, yazıldığı anda hiss olunmur, o bir az gələcəyə hesablanır. Zaman keçdikcə dərk olunur. Mən elə fikirləşirəm, böyük ədəbiyyatı zamanında çox az adam dərk edib, qiymətləndirir. 

- Oxuculara sözünüz...

- Əslində mənim deyəcək bir sözüm yoxdur. Nə vaxtsa bu ehtiyacı duysam şeir yaza bilərəm ancaq. Realistcəsinə, həyat adamı olaraq bunu deyə bilərəm,  nə vaxtsa öləcəklərini bilsinlər. Bilirsiniz, bunu bilən adam heç vaxt günah işləməz.

Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az