Rövşən Novruzoğludan Ülvi Hüseynliyə: “Siz kimə xidmət edirsiniz?
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Naxçıvanın tarixi, mədəniyyəti ilə bağlı kitablar nəşr olunub. Ancaq bu kitabların heç də hamısı sanballı nəşrlər deyil. Talıbovun komandası gerçək elm adamlarının yazdığı, ciddi araşdırma mövzusu olan kitabların nəşrində maraqlı olmayıb. Bu proses 2019-cu ildən, yəni Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsinə təyin edilməsindən sonra daha geniş vüsət alıb, bir çox qiymətli kitabların ilk nüsxəsi bu yaraşıqlı oğlanın kabinetində məhv edilib. Bu həmin Ülvi Hüseynlidir ki, publisistik nəşrə Naxçıvanın elm mükafatının verilməsini təklif etmiş, istəyinə nail olmuşdu. Bütün bunların aparat rəhbərinin savadından, intellektindən, yaxud məqsədli planlarından qaynaqlandığını deyə bilmərik. Amma fakt odur ki, aparat rəhbəri Naxçıvanın tarixi, mədəniyyəti, strateji əhəmiyyəti ilə bağlı qiymətli kitabları dövlət hesabına nəşr etdirmək üçün Vasif Talıbova ya təqdim etməyib, ya da elə təqdim edib ki, onların çapı məqsədəuyğun sayılmayıb.
Aparat rəhbərinin kabinetində "yoxa çıxarılan” kitablar sırasında politoloq Rövşən Novruzoğlunun yazdığı kitablar da var. Tanınmış alimin Naxçıvanda bir kitabı nəşr edilsə də, sonra nədənsə digər kitablar Ülvi Hüseynlinin iş otağında "ilişib qalıb”.
Rövşən Novruzoğlu TNS açıqlamasında Naxçıvanla bağlı yazdığı kitabların nəşrinin dayandırılmasının hələ də ona qaranlıq qaldığını bildirib.
"Araşdırma materialları göstərir ki, dünyanın 266 məktəbində "Azərbaycan” sözü fənn kimi araşdırılır, öyrənilir. Məsələn, Misir və İordaniya təhsil sistemində Azərbaycanın qədim adət-ənənəsi, mənəvi dəyərləri, tarixi geniş və hərtərəfli araşdırılır, təhlil edilir. Məlumata görə, on dörd dünya parlamentində Azərbaycanla bağlı "Xüsusi kitabça”lar buraxılıb. Lakin aydın olur ki, hələ də "Azərbaycan” sözünə geniş mənada aydınlıq gətirilmir. Soruşurlar, "Bu sözün mənası nədir? Kimlər yaratdı bu sözü? Bu sözün içində gizlənən nədir? Öyrənə bildikmi?” Hələ də öyrənə bilmirlər. Və yaxud eyni qayda ilə "Naxçıvan” sözünə nəzər salaq. Hərdən düşünürəm, nə yaxşı ki, Naxçıvan alimləri bu istiqamətdə elmi-tədqiqat işləri aparır, heç bir çətinliyə baxmadan Naxçıvanın gələcək taleyi üçün əvəzsiz irs qoyurlar. Təəssüf ki, Naxçıvan alimləri, tarixçiləri öz qiymətlərini, öz dəyərlərini ala bilməyiblər. Qeyd edim ki, AMEA-nın Naxçıvan Bölməsi müsəlman ölkələrin akademiya sistemi cərgəsində ən qüdrətli, güclü "Elm qalası”dır. Çox cəhdlər olub ki, bu qüdrətli qala dağılıb, viran qalsın. Amma mümkün olmayıb”, - alim bildirib.
Rövşən Novruzoğlu deyib ki, onun elmi-tədqiqat və araşdırmalarının bir qolunu Naxçıvan ərazisi təşkil edir: "Şübhəsiz, elə də böyük bir iş görməmişəm. Çünki ömürlərini Naxçıvan tarixinin formalaşması yolunda qoyan tədqiqatçıların yanında gücsüz sayıram. Topladığım materliallar əsasında "Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabını yazdım. Həmin kitab Naxçıvanda çap olundu. Cəmi 500 nüsxə. O kitabın təqdimatı da oldu. Sonra dedilər olmaz. Axı nə üçün, cənablar? Rəhmətlik Fəttah Heydərov dedi ki, olar, özü də hər ev üçün bir kitab. Sonra tapılmayacaq. İndi o kitabdan tapılmır. Bakıda o kitabdan yoxdur. Vay bizim halımıza”.
Alimin fikrimcə, Azərbaycan genetikası məhz Naxçıvandan – Abbasabad qalasının ətrafında salınmış kəndlər, yurd yerlərindən başlayıb.
"Xeyli araşdırmalardan sonra məlum oldu ki, Qədim Yerusəlimdən (Qüds) Naxçıvana genetik yollar olub. Həmin yollarla Naxçıvandan yerli alimlər, tədqiqatçılar, tarixçilər Yerusəlimə gediblər, ordan da Naxçıvana qayıdıblar. Məsələn, İsrail arxivlərində göstərilir ki, Naxçıvandan 1647-ci ildə 340 nəfər Yerusəlimə yaşamaq üçün gedib. Mən toplanmış materiallar əsasında "Əl-Əqsadan Naxçıvana genetik yol” kitabını yazdım. Təəssüf edirəm ki, həmin 2 cildlik kitab çap olunmadı. Amma mənə elə gəlirdi ki, bu kitab Azərbaycan-İsrail əlaqələri istiqamətində ciddi bir "elm körpüsü” ola bilərdi. Fikirlərim qəti idi. Naxçıvanın təhlükəsizliyini, xarici kəşfiyyatda ona olan maraqları təhlil etmişdim”.
Rövşən Novruzoğlu bildirib ki, "Naxçıvan beynəlxalq terror təşkilatlarının maraq dairəsində: hədəfə götürülən ictimai-siyasi xadimlər...” üç cildlik kitabını da hazırlayıb.
"Lakin bu kitabı çap etdirmək üçün maliyyə vəsaiti tapa bilmədim. Naxçıvan təhlükəsizlik sistemini əhatə edən "Şah və Mat” kitabımı da mat vəziyyətinə saldılar. Naxçıvanda bu kitabların da nəşri "məqsədəuyğun” olmadı” – politoloq vurğulayıb.
Onun sözlərinə görə, çoxsaylı arxiv materiallarından istifadə olunaraq yazılan bu kitabların nəşrinə Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli mane olub. Bunun səbəbi indiyədək onun özünə də aydın deyil. Rövşən Novruzoğlu bu kitabların nə vaxtsa nəşr olunacağına ümid edir.
"Azərbaycan dövləti üçün, Naxçıvan üçün olduqca əhəmiyyətli olan bu kitabların nəşrinə mane olmaq bu dövlətə xidmət deyil. İndi mən kitablarımın nəşrinə mane olan adamlardan soruşmaq istəyirəm: "Siz kimə xidmət edirsiniz? ” – alim bu sualı ünvanlamaqla fikrini yekunlaşdırıb.