10 il əvvəl o, ölkəsində N1 idi. Özbəkistan Prezidenti İslam Kərimovun qızı olan Gülnarə Kərimova xarici mətbuatda ulduz kimi təqdim olunur, barəsində yazılırdı. Geyimindən aksesuarına qədər hər şey müzakirə mövzusu olurdu. Ancaq məşhur brendlərdən aldığı paltarları həbsxana geyiminə dəyişməyə məcbur qaldıqdan sonra Gülnarə Kərimova da məşhurluğun daşını atdı. Ancaq hətta bu belə onun zaman-zaman "Gülnarə Kərimovadan xəbər var" başıqlı yazılara mane ola bilmədi.
Cebhe.infoG.Kərimova ətrafındakı hadisələrin xronoloji ardıcıllığına diqqəti çəkir.
Ötən ilin oktyabrında Gülnarə Kərimovanın qızı İman Kərimova anasının evdə olduğunu yazdı. Ancaq özbək şahzadəsinin isveçli vəkili Qrequar Manca bunun əksini söylədi və Gülnarənin həbsxanada olduğunu bildirdi. O, həmçinin G.Kərimovanın Dubayda olduğuna dair yayılan məlumatlar da təkzib etdi. Ardınca Özbəkistan Baş Prokurorluğu G.Kərimova müəmmasına nöqtə qoydu. Açıqlama yayaraq G.Kərimovanın əvvəlcə ev dustağı olduğunu, ancaq bu ilin 5 martında qaydaları pozduğuna görə təcridxanaya göndərildiyini bildirdi. Məlum oldu ki, G.Kərimova Daşkənddəki 21 saylı ümumi rejimli koloniyada cəza çəkir.

Son günlər isə G.Kərimova səhhəti ilə bağlı xəbərlərlə gündəmə gəldi. Qızı və vəkili onun qan təzyiqindən əziyyət çəkdiyini, ancaq həbsxanada ona tibbi yardım göstərilmədiyini bildirdi.
"Instagram”dakı Gulnarakarimovainfoupdateshesabında iyunun əvvəlində İman Kərimova adından müraciət yerləşdirildi. Baş Prokurorluğa müraciət edən İman Kərimova qanunun pozulduğunu və G.Kərimovaya qarşı ayrı-seçkilik ediliyini bildirdi. Həbsxanada G.Kərimovaya fiziki və psixoloji təzyiq göstərildiyi vurğulandı. Bunabənzər ilk informasiya isə hələ may ayında sosial şəbəkə hesabında vəkil Manca da yazmışdı. Ardınca iyunun əvvəlində İman Kərimovanın müraciətindən sonra 16 iyunda hesab bağlandı.
Bu xəbərlərdən sonra Baş Prokurorluq brifinq keçirməyə məcbur qalaraq G.Kərimovanın vəziyyətinin qənaətbəx olduğunu, söylənilənlərin isə əsassızlığını önə sürdü. 23 iyunda Özbəkistan ombudsmanı Uluqbel Muhəmmədiyev qadın həbsxanasındakı monitorinqin nəticəsi barədə hesabat yayınladı. Digər məhbuslarla yanaşı G.Kərimova ilə də ünsiyyət quran ombudsman da sabiq prezident qızının səhhətində problem olmadığını təsdiqlədi. Üstəlik onu da bildirdi ki, G.Kərimovanın müayinəsinə kardiologiya, endokrinologiya, ginekologiya mütəxəssislərindən ibarət qrup cəlb edilib, müayinələr DİN-nin Mərkəzi Hospitalında apaırlıb, ancaq onun səhhətində ciddi narahatlıq aşkarlanmayıb. Bununla belə G.Kərimovaya həkim məsləhəti verilib və zəruri tibbi preparatlar ona çatdırılır.
Ancaq uzun hesabata baxmayaraq G.Kərimovanın ombusdmanla görüşünü əks etdirən bir foto belə yayılmadı. Bu da ombusdmanın söylədiklərini şübhə altına aldı. Çünki G.Kərimovanın da saxlandığı həbsxanada məşhur mütəxəssislərin müayinələrə cəlbi heç kəsə inandırıcı görünmürdü. Adıçəkilən mütəxəssislərin qapısı heç də bütün özbəklər üçün açıq olmur, xüsusən də müftə. Buna görə də ombudsmanın həbsxanadan, yoxsa sanatoriyadna yazdığı kimi mübahisələr yarandı.
Uzun zamandan sonra nəhayət müdafiə etdiyi G.Kərimova ilə görüş ala bilən vəkil Manca 17 iyundakı görüş barədə sosial şəbəkə hesabında yazdı. Bildirdi ki, G.Kərimovanın vəziyyəti yaxşı deyil, dəfələrlə huşunu itirib. Vəkil Özbəkistan hakimiyyətini G.Kərimovaya qarşı bu münasibətə son qoymağa çağırdı.
Ancaq deyilənlərə görə, bu məsələdə əsas olan G.Kərimovanın səhhəti deyil, pullarıdır. Çünki İsveçrədə G.Kərimovaya məxsus hesablarda 1 milyarda yaxın vəsait dondurulub.
24 iyunda İsveçrə Baş Prokurorluğu G.Kərimovanın hesabından Özbəkistana 133 milyon dollar verməyi qərara aldı. İstintaq çirkli pulların yuyulması faktını ortaya çıxardı, bu pullar korrupsiya yolu ilə xüsusilə əcnəbi şirkətlərdən alınıb. Günahkarın G.Kərimovanın qohumu olduğu vurğulansa da onun adı çəkilməyib.

Ehtimal olunur ki, söhbət G.Kərimovanın vətəndaş nikahında olduğu həyat yoldaşı Rüstəm Mamudarovdan gedir. Hazırda o, Özbəkistanda cəza çəkir.
Bu xəbər yayılmazdan bir gün əvvəl G.Kərimovanın "Intagram”dakı Gulnarakarimovaupdates hesabında özbək şahzadənin adından post paylaşıldı. Təbii ki, məhbus özü belə bir imkandan yararlana bilməzdi, həbsxana sanatoriya deyil və orada məhbuslara telefon, üstəlik də sosial şəbəkə icazəsi verilmir. Buna görə də məlumatın İman Kərimova tərəfində yazıldığı inandırıcıdır.
Son 6 ildəki ilk müraciətində G.Kərimova xalqdan üzr istəyib və dərhal da maliyyə məsələsini qaldırıb. İsveçrədə dondurulan pullardan danışan G.Kərimova məsələnin ancaq ondan asılı olmadığını, 19 dövlətin bu vəsaitə iddialı olduğunu yazıb. Üstəlik də Özbəkistanla bazarlıq edirmiş kimi davam edib: "Mən və mənim vəkillərim bacardığımız hər şeyi etdik. 131 milyon dollara aid olan bütün sənədləri verdik. Hazırda qalan 555 milyon dollarla bağlı da eyni işlər görülür".
Ardınca G.Kərimova Prezident Şövkət Mirziyoyevə müraciət etdi və bağışlanmasını istədi: "Mənm uşaqlarımın mənimlə birilkdə olmaq hüququ var, mən ailəni dolandıran yeganə adamam. Qızım isə uşaqlıqdan ürək qüsurludur və böyük çətinliklərlə üzləşir". Kərimova iddia etdi ki, onun Ş.Mirziyoyevə müraciətinə səbəb səhhətidir, çünki 2 əməliyyata ehtiyacı var.
Mətndəki qrammatik səhvlər onun G.Kərimovanın qələmindən çıxmadığını göstərir. Hər halda G.Kərimova daha yaxşı yaza bilərdi. Ancaq qızı bundan anası qədər bacarıqlı deyil. İndi hər kəs özbək şahzadənin dollar müqabilində azadlıq alıb- almayacağı maraqlandırır. Bəzi mənbələr prezidentin bu əfv məktubunu nəzərə alacağını deyir. Ancaq bunun üçün G.Kərimova hələ bir müddət də həbsxana həyatını yaşamalı olacaq. Bəs xalq necə? Axı G.Kərimova pulları prezidentdən yox, həm də xalqdan oğurlayıb.