Seçkinin qalibləri və məğlubu danışdı: “Dövlət özü belə istədi, çünki…”

Seçkinin qalibləri və məğlubu danışdı: “Dövlət özü belə istədi, çünki…”

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlandı. Seçki nəticələri ilə bağlı sosial şəbəkələrdə, habelə mediada geniş müzakirələr gedir. Nəticələr ilə razı olanlar qədər, narazı olanlar da var.

Globalinfo.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən verilən Hikmət Babaoğlu deyib ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri milli demokratiya tariximizə qızıl hərflər ilə yazıldı:

"Çünki ilk dəfədir ki, seçicilər ölkənin bütün ərazilərində namizədlərinə səs verdi. Hesab edirəm, bu, ən böyük demokratiyadır, hüquq hadisəsidir.

İkincisi, ilk dəfə idi ki, siyasi sistemin daxili aktorları olan siyasi partiyaların mütləq əksəriyyəti parlament seçkilərində iştirak etdi. Bu günə qədər bu qədər kütləvilik olmamışdı. Rəsmi qeydiyyatdan keçmiş 26 partiyadan 25-i seçkidə iştirak etdi. 11 partiya nəticə etibarilə təmsil olunmaq haqqı qazandı.

Şübhəsiz ki, seçkilərin digər diqqətçəkən bir yanı da iştirakçılıq sayı idi. MSK-nın statistikasına görə 37 faizdən çox seçici iştirakı olub. Onu da deyim ki, oturuşmuş demokratiyalarda bu göstərici 20-25 faiz olur.

O ki qaldı YAP-ın qalib gəlməsinə, bu, gözlənilən idi. Hakim partiyanın gördüyü işlər, yaratdığı reallıqlar seçicilərin səsinə də təsir etdi. YAP-ın parlamentdə yerlərin əksəriyyətini qazanması da seçicilərin etimadının göstəricisidir”.

33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Zahid Oruc isə deyib ki, seçki öz-özlüyündə yalnız ora qatılan qüvvələrin, iştirakçıların, iddiaçıların arasında gedən proses deyil:

"Seçki öz-özlüyündə həmin dövrün ictimai-siyasi həyatının bir parçasıdır. Misal üçün, 1990-cı illərə baxdıqda aparılan mübarizələri "sovetizimdən” yeni müstəqil Azərbaycan quruculuğa keçid və Qarabağ münaqişəsində formalaşan siyasi partiyaların hakimiyyət savaşı kimi görürük. 1995-ci ildən sonrakı dövrə baxdıqda formalaşan parlamentin də sabit olmadığını görürük. Belə ki, dövlətin təhlükəsizliyinə təhdid, separatizmə meydan vermə halları müşahidə edilirdi.

Ən önəmlisi isə az qala üç aydan bir çevrilişlə cəhd olurdu. Yəni parlament bir növ dövlətin dayaqlarını sarsıdan mexanizmə çevrilmişdi. 2000-ci illərdən sonra bu proses bir qədər sabitləşdi.

İndiki halda dövlət Ali Baş Komandanın liderliyində ən böyük savaşı udub. Hesab edirəm, müharibə bütün seçkilərdən daha amansızdır. Burada yalnız siyasət, platformalar savaşmır, sözün həqiqi mənasında qanlı nəticələr olur. Dövlətin özünün taleyi müharibələrdə təyin olunur. Buna görə dövlət hakimiyyət institutlarını formalaşdırarkən bunun nisbətən sakit, aşağı tempdə olmasını istədi. Bu qətiyyən qeyri-hüquqi hadisə deyil. Hesab edirəm, bu, normal bir hadisədir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az