Səfərbəyliyin "bəy"lərindən şəhidimizə hörmətsizlik
18-ci əsrdə yaşamış görkəmli ingilis dilçisi və yazıçısı Samuel Jonson-un sözlərini xatırlayıram:
O deyirdi ki, "Vətənpərvərlik əclafların son sığınacaq yeridir"
Yəni o vaxt ki, arqumentin qurtarır, "mən vətənpərvərəm" deyib durursan. Başqa vaxtı isə vətən , yaxud da vətəndən ötrü can qoyanlar yada düşmür.
Dörd ay var idi ananın gözləri yol çəkirdi,
Başqa dərdi yox idi, oğul dərdiydi, dərdi.
Şəhid anası Əsli Muradova dörd ay əvvəl bir boxça dolu dərdlə, nisgillə ölkə başçısı cənab İlham Əliyevə, hökumətin başında duran bir çox nazirə, o cümlədən ölkənin Baş Prokuroruna məktublar ünvanlayıb. Məktublara cavablar gəlsə də, xanım Əsli Muradovanın şikayəti əsas etibarilə həllini tapmır.
Qeyd edək ki, Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin 26 dekabrında Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin komandiri, Milli Qəhrəman, uzun illər müdafiə nazirliyinin yüksək hərbi vəzifələrində işləyən, yüksək rütbəli şəxs Fəxrəddin Cəbrayılovun imzasıyla əsgərin ailəsinə - Mübariz Muradov Azərbaycan Respublikasının müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub- deyə bildiriş verib. Bu sənədə əsasən Bərdə rayon İcra Hakimiyyətindən anaya şəhid ailəsinin statusu müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanında Şəhid ailəsi kimi qeydiyyata götürülüb.
2008- ci ilin əvvəlində Bərdə ƏSMM-nin baş mühasibi Abış müəllim tərəfindən Əsli Muradovadan hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayışın gətirilməsi tələb edilib. Bununlada problem, haqsızlıqlar başlayıb. Hərbi komissarlıq şəhidliyi təsdiq edən arayışla ananı təmin etməyib. Şəhid anası Əsli Muradova o gündən dövlətdən küsüb, o qapıları döyməyib. Kimsənin qarşısında qürurundan əyilməyib. Pul davası etməyib. Özünün əl zəhmətinə güvəndiyindəndir ki, başını aşağı salıb, işiylə, gücüylə məşğul olub. Oğlu Mübariz Muradovun ildönümlərini, əziz günlərdə adını anmaqdan ötrü əlində pulu olmayanda , həyət bacaya əl atar, toyuq- cücədən tutar, bazara aparar, satar, əzizinin ruhunu şad eləməkdən ötrü süfrə açardı.
2014- cü ildə isə məlum olub ki, Əsli Muradovanın şəhid təqaüdü dayandırılmayıb, bir ayını belə ötürməyiblər, alıblar. Əsli Muradova götürülən pullardan xəbərinin olmadığını bildirəndə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi səviyyəsində, pulların şəxsən özü tərəfindən alındığını iddia edirdilər. Nəticədə fakt etiraf olundu ki, bəli, Əsli Muradovanın götürülən şəhid təqaüdləri ilə heç bir əlaqəsi yoxdur. Pulları başqaları alıb. Faktı bankomatdan pulu çıxaranların təsvirləri təsdiq edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də şəhidin statusunu təsdiq edən arayışın onlara təqdim olunacağını gözləyir.
Şəhid anasının yarasının qanadan heç şübhəsiz ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidməti və Müdafiə Nazirliyinin soyuq və laqeyd münasibətidir. Bu iki oraqanın yazdıqları cavabların məntiqi vurğusunu belə anlamaq olmur. Şəhid anasına yazırlar: "Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan şəxslər şəhid hesab edilir. 172 saylı hərbi hissənin komandiri Fəxrəddin Cəbrayılovun verdiyi bildirişdə isə göstərilir ki, Muradov Mübariz Heydər oğlu Murovdağ bölgəsində Azərbaycan Respublikasının Müdafiəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Suverenliyi, azadlığı, ərazi bütövlüyü müdafiəsi sözü ilə ifadə olunmasını anlamaq bu qədərmi çətindir. Əsgərin Azərbaycan Respublikasının müdafiəsindən söhbət gedirsə, bu başqa nə ola bilər ki? Əsgər Azərbaycan Respublikasının hüquq və azadlıqlarını müdafiə edəsi deyil ki. Əsgər bəlkə Azərbaycan Respublikasını Beynəlxalq təşkilatlarda diplomatik missiya daşıyıb müdafiə etməlidir. Ayrı hansı formada ola bilər ki, Azərbaycan Respublikasını müdafiə etsin. Bəllidir ki, əsgərin bir vəzifəsi, bir missiyası var ki, o da suverenliyin, azadlığın, ərazi bütövlüyünün müdafiəsidir.
17.03.2016-cı il tarixdə Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Rasim Əliyev Əsli Muradovanın Məktubuna cavab yazaraq kimlər Şəhid hesab olunur, şəhid statusu hansı sənədlər əsasında verilir- deyə izahat verir. Əfsuslar olsun ki, qaydalarda yazılanları deyirlər, ancaq əməl etmirlər. Mübariz Muradovun ölüm faktı həmin qaydalara uyğun rəsmiləşdirilib. Hərbi Hissənin bildirişi ilə şəhid statusu təsdiqlənir. Cənab Rasim Əliyev bildirir ki, şəhid statusu ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin bildirişi əsasında müəyyən edilir. Maraqlıdır ki, tələb olunan həmin 3 sənəddən ikisi, olüm haqqında şəhadətnamə, hərbi hissənin bildirişini Əsli Muradova təqdim etsə də, Mübariz Muradovun şəhid olması barədə arayışı ala bilmir.
Məktubun sonunda tövsiyyə edir ki, məhkəməyə müraciət edə bilər. Belə məlum olur ki, məmurların bu yollarla vətəndaşı süründürmək, bürokratik əngəllərlə üz-üzə qoymaq qanlarına hopan xasiyyətdir sanki, xöşlarına gəlir. Bundan lap həzz alırlar. Cənab Rasim Əliyevin Mübariz Muradova şəhidlik statusu niyə verilmir- sualına hər hansı bir cavabı yoxdur. Bir kəlməsində də deyilmir ki, şəhid anasının göz yaşları içində yazdığı, imdad dilədiyi, kömək umduğu bu adamların cavabı olsun. Anaya desinlər ki, sənin oğlun filan günün, filan vaxtında, filan yerdə dünyasını dəyişib. Buna görə ona şəhid statusu düşür, ya yox.
10 may 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin şöbə rəisi polkovnik leytnant Əjdər Babazadədən gələn cavabda elə bu məzmundadır demək olar ki. Həmin məktubda da müdafiə nazirliyinə məktub göndərildiyi, şəhid statusuna yenidən baxılacağı bildirilir. Şəhidin ailəsini bu məktub xeyli ümidləndirsə də hələ də cavab yoxdur.
26 may 2016-cı il tarixdə Baş prokurorluğun DİO – da istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Müşviq Səfərovdan gələn məktub isə Şəhid anasını xüsusilə heyrətləndirib. Qanunların keşiyində duran dövlət qurumundan müraciətinə aldığı cavabı biabırçılıq adlandırıb. Müşviq Səfərov deyir ki, 11350 manat pul şəhid təqaüdü dövlət büdcəsinə qaytarılıb, eyni zamanda həmin cümləsində, (buna cümlə demək mümkündürsə) guya əvvəllər nəğd yolla, sonra isə Kapitalbankdan plastik kartına köçürülmüşdür. Guya Əsli Muradova plastik kartı şəxsən özü götürüb. Bu məntiqsiz fikrə görə Müşfiq Səfərov ya görkəmli alimimiz Lütfizadənin məntiqsizlik nəzəriyyəsinin hüquq elmində tətbiqinə girişib, ya da bu adamın ümumiyyətlə məntiqdən xəbəri yoxdur. Necə ola bilər ki, eyni hal üzrə pul həm dövlət büdcəsinə qaytarılır, həm də Əsli Muradova tərəfindən alınır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi pulu alan adamların kimliyinin müəyyən edildiyini dediyi halda istintaq orqanının faktı gizlətməsini əslində başa düşmək olmur. Baş ədliyyə müşaviri Müşviq Səfərov bu halın Bərdə RPŞ- da araşdırıldığını, nəticə etibarilə burada cinayət əməlinin olmadığını bildirib. Deməli Şəhid anasının Baş prokurora müraciətinə göstərilən diqqət bundan ibarət olub, yaxud da Baş prokurorluğun, Baş Prokuror Zakir Qaralovun bu müraciətə baxmaq heç vecinə də olmayıb. Prezident Administrasiyasından, millət vəkili cənab Zahid Oruc tərəfindən edilən müraciətləri də nəzərə alsaq, Əsli Muradovanın üzləşdiyi problemlər gərək ki, qanunun himayəsi altına alınaydı. Şəhid təqaüdü şəhid ailəsinin xəbəri olmadan mənimsənilir, üzünə də dirənirlər ki, özün almısan. Şəhid statusu təmin olunmur, aidiyyatı orqan səbəbini izah eləmir, niyə? Heç şübhəsiz təhqiqat bu məsələlər üzərində qurulmalıydı. Əfsuslar olsun ki, Baş prokurorluq bunu etməyib.
Bəs onda məşhur bir kəlamda deyildiyi kimi: nə etməli? Ədaləti almaq üçün hara üz tutmalı? Harda axtarmalı?
P.S Miq.az olaraq sözügedən məsələ ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adları çəkilən nazirliklərin və digər təşkilatların hərəkətləri Azərbaycan və azərbaycanlılar üçün utanverici hərəkətdən başqa bir şey deyil. Növbəti yazımızda mövzuya yenidən qayıdacağıq.
Miq.az