SƏNDƏN SONRA XATİRƏLƏR QƏMLİDİ
Uşaq vaxtı oxumuşdun kitabdan,
Gerçəklər də nağıl kimi gəlirdi.
Bağçanızda köhnə uçuq yuvada
Leyləklərin ayrılığı qalırdı.
Dadlı illər necə keçdi ömürdən?
Yolların da yorulmadı dizləri.
Səndən sonra xatirələr qəmlidi,
Həsrət çəkir bir obanın gözləri…
Uşaqlıq illərində kitablardan oxumuşdun müharibə haqqında. Gah həqiqət, gah da nağıl kimi hopmuşdu yaddaşının dərinliklərinə. Xırda, saf qəlbinlə düşüncələrə dalar, uşaqlıq dünyasının ənginliklərinə düşərdin. Sən onda da seçilərdin yaşıdlarından - sadəliyin, səmimiliyinlə. Tarix müəlliminə, yaşlı insanlara davadan ən çox suallar verəndə sənidin…
Yaşıdlarınla doğma Rvarudun qumlu-çınqıllı yamaclarında, tozlu-torpaqlı yollarında oynadığınız "Dava-dava” oyunları böyükləri də heyrətləndirərdi… Onda kim bilərdi ki, vaxt gələcək, o uşaqların gənclikilləri Vətənimizin çətin illərinə düşəcək. Nə biləydin ki,vaxt gələcək, cüssəli, boylu-buxunlu gənclik çağında vətənin Azərbaycan torpaqlarına edilən düşmən təcavüzlərinə qarşı ölüm-dirim savaşında hər əmrə müntəzir əsgər olacaqsan. Və o zamanlar uşaqlıq illərində oynadığın taxta tüfəngin yerini sonralar Vətən uğrunda döyüşlərdə sinənə söykədiyin, əllərinlə tətiyini sıxdığın, mənfur, həyasız düşmənin murdar bağrını dələn odlu silahlar alacaq.
Bilməzdin ki, səndə ağır savaşların birində qəfil düşmən atəşinə tuş olacaq, Vətən fədaisinə çevriləcəksən.
Bilməzdin ki, şəhidliyin neçə-neçə insanın həyatını xilas edəcək…
İndi məzarın and yeridir. Bura gələn insanlar mübarizlik ruhuna köklənir. İgidliyin dillərdə dastan olduğu kimi, analar səndən sonra dünyaya gələn oğlan övladlarına sənin adını qoyurlar, Səxavət.
*
Bəlkə də, ruhuna əyandı, qardaş. Ziyarətinə gələnlərin gözlərindəki sevinci, üzlərindəki təbəssüm hisslərini duyursan…
Qisas qiyamətə qalmadı… Vətənin, vətən övladlarının düşməndən alacaqları qisas günü gəldi. 30 illik torpaq həsrətinə Ali Baş Komandanımızın rəhbərliyi ilə 27 sentyabrdan başlanan 44 günlük şiddətli döyüşlərdə son qoyuldu. Sənin şərəfli döyüş yolunun davamçıları, müzəffər ordumuzun igid zabit və əsgərləri bu ləyaqətli missiyanı həyata keçirə bildilər.
Ruhun şad olsun, Səxavət. İndi uğrunda döyüşlərə atıldığın müqəddəs torpaqlarımız, Qarabağımız azaddır. Azərbaycanımızın gözəl şəhəri Şuşamız azaddır. Cəbrayılımız, Füzulimiz, Zəngilanımız, Qubadlımız, Kəlbəcərimiz, Ağdamımız, Laçınımız mənfur düşmənin tapdağından azad edilib. İndi böyük Vaqifin, Üzeyirin, Xanın, Bülbülün ruhları şaddır...
Qarabağa yollar çəkilir, mənfur düşmənlərin dağıtdıqları körpülər, xarabazarlığa döndərdikləri şəhərlər, qəsəbələr, kəndlər bərpa edilir.
Qarabağ torpaqlarında Xarı bülbül gülü yenə çiçəkləyəcək, ətir saçacaq. Həmin bahar zəfər günü ilə birgə gəlib.
Səndən sonra neçə-neçə igid oğullarımız Vətən torpaqlarının azadlığı yolunda qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid oldular. Lakin müzəffər ordumuzun, xalqımızın qələbə əzmi tükənmədi.
Başın Vətən qarşısında uca olduğu qədər də ruhunun ucalığı, müqəddəsliyi xalqın qəlbindədir, qardaş.
*
Səxavət Əbi oğlu Hacıyev Bakı Politexnik Texnikumunu müvəffəqiyyətlə bitirir. Həmin ildə də həqiqi hərbi xidmətə çağırılır. Ordudan tərxis olunduqdan sonra istehsalatda çalışır. Bir müddət işləyib ev, ailə sahibi olmaq istəyir. Eyni zamanda xeyriyyə cəmiyyəti yaradaraq xalqın xidmətində durmağı bir məqsəd kimi qarşısına qoyur. O, gələcək haqqında xəyallar qurur, sinəsi gözəl arzularla çırpınırdı. Lakin arzuları gözündə qalır gənc Səxavətin. Çünki həmin vaxtlarda mənfur erməni daşnakları xaricdəki havadarlarının dəstəyi və köməyi ilə Qarabağ torpaqlarında yaşayan vətəndaşlarımızı əzəli torpaqları, dədə-baba yurdlarından didərgin salmışdılar. Xalq ağır işgəncələrə düçar edilmiş, o üzdən də Respublikanın hər yerində qaçqın düşərgələrində yaşamaq məcburiyyəti yaranmışdır.
Qarabağdakı ağır durum bir çox gənclər kimi Səxavəti də düşündürür, narahat edirdi. O, ilk və son qərarını verdi; silaha sarılıb torpaqlar uğrunda mübarizələrə qoşulmaq… Bu, əsl vətəndaşlıq amalı idi. Əsl kişilik qüruru idi.
1992-ci ilin fevralı. Şaxtalı bir gün. Səhərin gözü açılmışdı. Səxavət hərbi qərargaha yollandı. Qarabağa könüllü getmək istədiyini bildirdi. Ərizəsini təqdim etdi. Qəbul edild. Sanki üstündən ağırlıq götürüldü…
Dostları ilə döyüş bölgəsinə çatanda hava qaralırdı. Lap yaxınlardan gələn mərmi səsləri gecədən başlanan və hələ də kəsilmək bilməyən əsən soyuq küləklərin uğultusuna bürünmüşdü. Dağların havasıyla böyüyən əsgər Qarabağ dağlarının, qarlı-şaxtalı çöllərin soyuğuna sinəg ərirdi. Onu təkcə düşündürən işğal edilmiş torpaqlardan düşməni qovub kənarlaşdırmaq idi…
İgid əsgər Xocalı və Şuşa istiqamətində ağır və şərəfli döyüş yolu keçdi. Döyüşçü dostları ilə düşmən bölmələrinə və texnikasına dəfələrlə güclü, sarsıdıcı zərbələr endirdi.
Atalar demişdir: "Arxalı köpək qurd basar”. Bu, illərlə sınaqlardan keçən həqiqətdir. O vaxtlarda da erməni köpəkləri havadarlarının köməyi ilə Qarabağda sağa-sola diş atır, torpaqları qapırdılar. Onda Xocalı şəhəri də rus-erməni birləşmiş vəhşi atıcı moto-alayı tərəfindən yerləyeksan edildi. Qocaların, qadınların, körpələrin cəsədlərindən axan qan qarlı çölləri qan gölünə çevirdi. Düşmənin murdar ürəyində insanlıq hissləri tamamilə ölmüş, zərrəcə mərhəmət qalmamışdı…
*
Səxavətin qəlbindəki intiqam hissləri səngimir, döyüşlərin ən qaynar nöqtələrinə can atırdı. O düşünürdü ki, arxada qəlbləri qubarlı analar, el-oba, Vətən onun kimi oğullardan çox şey gözləyir. O, içdiyi müqəddəs ana südünə, gəzdiyi torpağa and içmişdi. Getdiyi yoldan ya qələbə, ya da ölümlə dönməliydi. Bu onun döyüşçü amalıydı.
1993-cü ilin yanvarı. Yenə cəbhə xəttindən ağır xəbərlər gəlir. Erməni-rus birləşmiş qoşun hissələri yaşayış məntəqələrimizə açıq, gizli basqınlar edir, yerli əhalini qırır, yurd yuvalarından didərgin salırdılar. Dünyanın qulağı sanki kardır, Azərbaycanın səsini eşitmir. Yalan vədlər düşmənin xeyrinə, bizim ziyanımıza işləyir. Belə məqamda taleyimizi özümüz həll etməliyik. Çünki Azərbaycanın müstəqilliyini şimal qonşumuz da istəmir. Nəyin bahasına olur-olsun, Qafqazda yaratdığı müharibə ocağını daha da şiddətləndirmək üçün var gücü ilə çalışır. Axı Laçın-Kəlbəcər dağlarındakı qiymətli sərvətlər əldən çıxırdı…
17 yanvar 1993-cü il igid döyüşçü Səxavət Hacıyevin həyatında qanlı tarixdir. O, Milli Qurtuluş taqımının tərkibində Ağdərə uğrunda döyüşlərə girir. Qızğın mübarizə gedir. Düşmən ağır itkilər versə də, döyüşlər səngimir. Hiyləgər düşmən bu dəfə də "can bir qardaşlarının” köməyinə arxalanır. Hədiyyə aldıqları ağır texnikalardan istifadə edərək Səxavətgilin taqımına zərbələr endirirlər. PDM-in atdığı mərmilər yerin bağrını dəlir. Səxavət həm vuruşur, həm də yaralı dostlarına kömək edir. O, bir neçə yaralı əsgəri atəş altından çəkərək təhlükəsiz yerə daşıyır, onlara yardım etdikdən sonra yenidən qaynar döyüş nöqtələrinə gedir. Düşmən cəsur döyüşçü Səxavətin mübarizliyindən heyrətə gəlir.
Növbəti mərmi Səxavətin yaxınlığında düşür. İgid əsgər yerə yıxılır. Başından dəhşətli yara almışdı. Çoxlu qan itirmişdi. Dayanmaq olmazdı. Komandirin və döyüşçü dostlarının səyi ilə Bakıya yola salınır. Xəstəxanaya yerləşdirilir. Lakin həkimlərin səyi bir nəticə vermir. Səkkiz günlük mücadilə sonda həyata əbədi vida ilə nəticələnir…
*
Səndən sonra xatirələr qəmlidi…
Amma nə yaxşı ki, qələbə ünvanlı oldu Vətən. Bu, illərdən sonra oldu. Sən görməsən də, sonrakı nəsil gördü.
Sən ürəyi böyük amallarla döyünən Vətən oğlu idin. Hikmətli dədələrin öyüdləri, bayatılı nənələrin laylaları ilə böyüyüb Vətən sevgisini öyrənmişdin. İndi məzarında rahat uyu, əziz qardaşım. Çünki səni bütün Vətən övladları sevir…
QƏDİMƏLİ ƏHMƏD
Şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü