Sevgi mesajı faciəyə səbəb oldu

Sevgi mesajı faciəyə səbəb oldu

Vətəninfo.az  xəbər verir ki, Göygöl sakini telefonla bacısına mesaj yazan şəxsi bıçaqlayıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Çaykənd kənd sakini, 22 yaşlı Şahbaz Mərdanov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Cərrah Etibar Abbasov yaralının vəziyyəti barədə məlumat verib.

"Xəstəxanamıza ağır vəziyyətdə 22 yaşlı Şahbaz Mərdanov gətirilib. Xəstə birbaşa əməliyyat otağına götürülüb, əməliyyat olunub, yaralar tikilib. Hazırda xəstə reanimasiya şöbəsindədir. Vəziyyəti keçirilmiş əməliyyata uyğun, ağırdır. Müalicəsi davam etdirilir".

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şahbaz Mərdanovu bıçaqlayan şəxs, onun həmkəndlisi, 21 yaşlı Əli Ağababayev saxlanılıb. Məlumata görə, hadisə mesaj üstündə baş verib. Əli Ağababayev bacısının telefonuna gələn mesajın Şahbaz Mərdanov tərəfindən göndərildiyini öyrənib və bıçağa əl atıb. Xəsarət alanın anası oğlu xəstəxanaya gətirildikdən sonra hadisədən xəbər tutub.

"Maşınla gəldik düşdük ki, götürüblər əməliyyata. Nə qədər etdim, mənə demədilər. Sonra qonşular dedilər. Həmin qız da neçə dəfə evə zəng edib, məni narahat edib. "Şahbaza ver, Şahbaz danışsın" deyib. Gizlin nömrə ilə zəng vurur. Qoymur mənim uşağımı evdə oturmağa. Mesaj yazır. Telefonla oğlumu çağırır görüşə. Bunu da qardaşı bilib, oğlumu çağırıb sahəyə. Orda mübahisələri düşüb, oğluma söyüb qardaşı. Mənim oğlum da ona bir şillə vurub. O da cibindən bıçağı çıxarıb qara ciyərinin üstündən vurub". Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az