Sevincli anlarını sapanda qoyub atmaq istəyən Faiq Balabəyli, TƏBRİKLƏR!

Sevincli anlarını sapanda qoyub atmaq istəyən Faiq Balabəyli, TƏBRİKLƏR!

Faiq Balabəylini  80-ci illərdə uzaqdan tanıyırdım, yaxınlığım yox idi... Cəlilabad rayon Ziyalılar Evində onların yığışdığı bir ədəbi birlik  (adını unutduğum) var idi. Cəlilabad şairlərinin ağsaqqalı, rəhmətlik Abbasağa Azərtürkün rəhbərliyilə toplanan bu məclisə bütün gənc yazarlar təşrif buyururdu. Bir dəfə Cəlilabaddan Bakıya gəlmək istəyərkən rayonun dəmir yolu stansiyasında təsadüfən "ayaqüstü" tanışlığımız da olmuşdu. Bu tanışlıq da yaxınlıq üçün cəlilabadlılar demişkən "vəc eləmədi". Əlbəttə, Faiq Balabəyli Ədəbiyyat qəzetində işləyərkən onunla daha yaxından təmaslarımız qurulmaya bilməzdi. "Poeziya" şöbəsinin müdiri, gözəl şair, rəhmətlik Davud Nəsib bizim tanışlığımız üçün bir daha vəsilə oldu. Şair Davud Nəsiblə xeyli yaş fərqimiz olsa da dostluğumuz alınırdı. Allah rəhmət eləsin! (Atamı da tanıyırdı!) Faiqi Balabəylini o qədər təriflədi ki, bir cəlilabadlı kimi qürur duydum. "Bax, yerlindi, canlaradəyən oğlandı, səni onunla tanış edəjəm"-deyə, həmişə başını yelləyirdi... Həqiqətən də Ədəbiyyat qəzetinə üz tutan hər bir kəs ilk öncə Faiq Balabəylini axtarıb arayardı. Çünki hamıya əlindən gələn köməyi əsirgəməzdi. Adətən şairlərdə bir-birinin uğurlarına qısqanclıq dəhşətli dərəcədə olur, bunu hamı təstiq edər... Amma Faiq Balabəyli hansısa gənc şairin yaradıcılıq nümunələri çap olunarkən, müəllifin özündən çox sevinərdi. Bax, bu idi hamının onu aramasına səbəb. O etibarı qazana bilmişdi. Bununla belə, yerlibazlığını da unutmur! Bakıda yaşayan cəlilabadlıların sırasında ən çox rayonumuza bağlı olanı elə Faiq Balabəylidir! Onu Faiqin poeziyasında da izləmək mümkündür:

Arada kəndimizin
üstündən uçan buluda
oturmaq istəyirəm,
İstəyirəm
ayaqlarımı sallayam aşağı
və yelləyəm,
Gözlərim kəndimizin
tozlu yollarında doğmalarımı gəzə...
Arada könlümdən ağrı dolu ayrılıqları 
yenidən yaşamaq keçir,
Baxmaq istəyirəm
itirdiklərimin əzabına necə dözməyimə, 
ürəyi qubarlı,
dodağı papiroslu, 
üzü tüklü gəzməyimə, 
Baxım görüm
necə görünürəm?
Arada sevincli anlarımı sapanda qoyub
atmaq istəyirəm kəndimizə tərəf ,
istəyirəm anamın nəvələri – 
qardaşlarımın, bacımın balaları
atdığım bir sapand sevincin
havasına qol qaldırsınlar...
Arada istəyirəm
"Ayrılığın nədən baş verdiyini,
necə yaşandığını
heç bildinmi, mənim balam”, 
deyənim olsun.
İstəyirəm ki, 
kəndimizin üstü ilə
uçan buludun üzərinə oturum, 
ayaqlarım təndirdəymiş kimi qızınım.
Sonra da 
xırtdanaq kimi qopam təndirin divarından,
yağış damlası kimi
çırpam özümü 
ayrılıqların baş verdiyi kənd yollarına.

      ... Jurnalistlik fəaliyyəti dövründə şərlənərək həbsə də atıldı. Bəlkə də bu, onun sadəliyi və sadəlöhvlüyündən irəli gəlirdi... Hamıya inanmağı onu müdhiş məhbəs həyatını da yaşatdı. Amma həbsdən azad olandan sonra bir kimsəyə tənə vurmadı, ona həbsxanada ziyarətə gəlmədikləri üçün heç kimdən incimədi, özünü tox tutdu, budur Faiqin böyük qəlbi, budur onun əsl şair siması! Həbsxanada da xeyli yaradıcılıq uğurlarına imza atdı. Onun məhbəs yaradıcılığı demək mümkündür ki,  yaradıcılığına böyük motivasiya verdi, daha sanballı ədəbi yaradıcılıq nümunələri ortaya qoydu: istər nəsr, istərə də poeziya janrında... Bu baxımdan, F.Balabəylinin "Bayıldan bayıra" romanını onun yaradıcılığının zirvəsi hesab etmək mümkündür. Eləcə də onun məhbəs şerlərini xüsusi vurğulamaq olar. 

Yüz il, min il yaşaram
Bu zülmət zindanda mən.
Təki əsirgəməyin,
Kağız, qələm verin siz.

   ... Bununla belə Faiqin respublikamızda nə qədər istəyənləri var... Bunu qazanmaq səadətdir! Faiq Balabəyli sözün əsl mənasında, el jarqonuyla desək, "canlaradəyən" qardaşlardandı! Daha geniş yaza bilərdim, amma tələsirdim...  Təbriki saxlaya da bilmədim, çünki ömür də tələsir... Şair Faiq Balabəylini yeni Yaş Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, yeni - yeni yaradıcılıq uğurları arzu edirəm!

Hörmətlə:Şahin Bağırov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az