Bu gün ürəklərdə əbədi yaşayan, adını hərb tarixinin şərəfli səlnaməsinə həkk etdirən, qəhrəman zabitimiz Bünyadəli Pələngovun doğum günüdür.
Əgər yaşasaydı 60 yaşı olacaqdı, Bünyadın…
Əgər yaşasaydı həyat da başqa cür olacaqdı: övladları üçün, onu sevənlər üçün…
Əgər yaşasaydı…
Əslində Bünyad yaşayır!
Əslində Bünyad tarixin ona verdiyi ağır suallara cavab axtararkən bir cavabı seçdi. Şəhidlik!
Əslində Bünyad hələ institutda oxuduğu illərdə yana-yana, yanğılı-yanğılı, sinəsinə sıxıb gitarada ifadə etdiyi "Yetim Segah”ın arxasındanboylanan bir şikəstə bəstələyirmiş…
Şirin-şirin, yana-yana qulaq asdığımız, duysaq da, eşitsək də, dərindən duya bilmədiyimiz yetim olmuş bu gəncin ifasındakı "Yetim segah”ın özünün duya bildiyi fonun içində bir şikəstə bəstəyirmiş - "Şəhid Şikəstəsi”…
Bu şikəstə yanıqlı şikəstədir…
Bu şikəstə "Bünyad” şikəstəsidir.
Bu şikəstə "Şəhid şikəstəsi”dir.
Bu şikəstə "Qəhrəmanlıq şikəstəsi”dir.
Qələbəmizin istinad nöqtəsi, başlanğıc yeri, and yerimiz, güvənc yerimiz, ziyarətgahımız olan bir ünvan var…
Güllə səslərinə hələ də diksinən, qanını axıtdığın o torpaq da bizləri həmin ünvana doğru səsləyir…və deyir ki, o ünvanı unutmayın…o ünvanı seçin və sevin!
O ünvanın adı şəhidliyə gedən yoldu.
O ünvanın adı qəhrəmanlığa gedən yoldu.
O ünvanın adı Bünyad gedən yoldu.
Sən ölmədin, şəhid oldun…
Sən ürəklərimizdə bayraq kimi asılıbsan.
Könüllərdə qəhrəmantək xatırlanırsan.
Adın qəlbimizdə dalğalanır, yolunda qanını axıtdığın bayrağımız kimi…
Getdiyin yol şərəfli yoldu.
Getdiyin yol Allah yoludu.
Getdiyin yol ən ali yoldu.
Gedilən bütün yolların ən alisində sənsən.
Bütün yolların ən alisi sənin yolundu: Bünyad yolu. Şəhid yolu…Qəhrəmanlıq yolu!
Yazdığın bu şikəstələr oğlun Anara səndən əbədi bir hədiyyə oldu.
Yazdığın bu şikəstələri sənin adını daşıyan 2 məktəbin - Bakı şəhəri, Suraxanı rayonundakı, Lerik rayonu Züvüç kəndindəki məktəbin şagirdləri hər an xatırlayırlar. Amma hər il aprelin 4-də bu qəhrəmanlıq yolu - həyat yolun hamı tərəfindən xatırlanır.