Siyəzənlilərdən PREZİDENTƏ ŞİKAYƏT-3 milyon manat yoxa çıxıb

Siyəzənlilərdən PREZİDENTƏ ŞİKAYƏT-3 milyon manat yoxa çıxıb
 
Azərbaycan Prezidentini İlham Əliyevin  Siyəzən-Böyük Həmyə-Balaca Həmyə -Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı Tədbirlər Planı haqqında imzaladığı müvafiq Sərəncamın icra olunmaması haqqında ötən yazılarımızda məlumat vermişdik. Bu dəfə də redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarını  nəzərə alaraq yenidən mövzuya qayıtmalı olduq. Belə ki, dövlət başçısının  bu haqda imzaladığı Sərəncamını müxtəsər xatırlayaq.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən rayon icra hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1- ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 
 
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 sentyabr 2014-cü il
 
****

Sözü gedən rayonun əhalisinin şikayət məktubunda bildirilir ki, müvafiq məqsədlə ayrılmış maliyyə vəsaitlərinin "fatihə”si Siyəzən rayonunun keçmiş icra başçısı Arif Qasımovun dövründə verilib. Qeyd olunur ki, icra başçısının öz səlahiyyətlərindən istifadə edib yerli sakinlərin hissləri ilə oynamaları və rayonun həllini tapmamış çoxsaylı problemlərindən kənarda qalmaları  yalnız saymamazlığın nəticəsidir. Görünür, Arif Qasımov da adını çəkməməkdə çətinlik çəkdiyimiz  bəzi acgöz məmurlar kimi, "3 milyon” axınını mənimsəməklə özünün sahibkar kimi "işqurma prosesi”nin həllinə yönləndirib. A. Qasımovun sahib olduğu varidat da onun büdcədən ayrılan pulları şəxsi malı kimi xərclədiyini sübut edir. 2011-ci ildən Siyəzənə başçı təyin olunan A. Qasımov sahib olduğu məqamdan istifadə edəməklə yanaşı, özünə əsil biznes şəbəkəsi yaratmaq tamahından bircə addım belə olsun ayrılmayıb. Belə ki, keçmiş icra başçısı  Siyəzəndə bir neçə şəxsi fermasını saxlamaq üçün fermerlərə uzun müddətə icarəyə verilən əkin sahələrini də zəbt etməkdən çəkinməyib. Şikayət məktublarında o da qeyd olunur ki, A. Qasımovun o vaxtdan bu günədək  üzlük daş sexləri fəaliyyət göstərir ki, rayon ərazisində həyata keçirilən bütün tikinti işlərində məhz həmin sexlərin istehsalı olan mallar istifadə olunur. Yəni, zamanında rayonun sosial-iqtisadi inkişafı üçün Siyəzənə axan büdcə pulları A. Qasımovun birbaşa cibinə axırmış. Miq.az-a daxil olan şikayət məktublarında nəzərə çatdırılır ki, A. Qasımov  hazırda icra başçısı olduğu Nizami rayonunda mənimsəmə ənənəsinə sadiqdir. Mənimsəmədən əldə olunan maliyyə vəsaitləri icra başçısının tikinti sexlərinin rəqabətə davamlılığına və bir növ inkişafına yönləndirilir. Bununla həm ayrılan pullar silinir, həm də özünün tikinti sexlərinin mallarını bazarda rahat sata bilir.

Məktubda A. Qasımovun hazırda başçı olduğu Nizami rayonunda əvvəldən bir neçə ticarət obyekti olduğu qeyd olunaraq bildirilir ki, o, bunlara adıçəkilən rayonda bələdiyyə sədri vəzifəsində işləyərkən sahib olub. Həmçinin, onun paytaxtın ən gözəl guşələrində  bir neçə villasının olduğu da deyilir. Lakin, A. Qasımovun "silmə əməliyyatları” ilə əldə etdiyi varidat onun indiyədək çox milyonların arxasına keçdiyini bir daha sübut edir, eyni zamanda Siyəzənə ayrılan "3 milyon”un taleyinə də aydınlıq gətirir. Məktubda, həmçinin  Nizami rayonunda da "kupcalaşdırma” siyasətinin aparıldığına toxunularaq vurğulanır ki, A. Qasımov qardaşları ilə əl-ələ verərək, onların "arxasında durmaq funkusiyası”nı daşımaqla rayonun mərkəzində torpaq sahələrini zəbt edib, obyektlər tikdirir. Bütün bunlarla yanaşı, icra başçısı  hazırda rəhbərlik etdiyi Nizami rayonunda ağac sahələrini məhv edərək, 15 min manat qarşılığında çayxanaların açılmasına icazə verir.

Siyəzənə rəhbərlik edən Arif Qasımov öz mənimsəmə ənənələrini Nizami rayonuna apardıqdan sonra da siyəzənlilərin üzü o gündən bu günə heç gülməyib. Belə ki, Siyəzəndə Arif Qasımovu əvəz edən yeni başçı Asif Hüseynov 2015-ci il 12 oktyabr tarixində dövlət başçısının müvafiq Sərəncamı ilə bu vəzifəyə təyinat alıb. Siyəzənə qədər heç bir rayonda eyni vəzifəni icra etməyən Asif Hüseynov  haqqındakı şikayətdə də deyilir. "O da sələfi kimi biganəlik prinsiplərinə sadiqdir. Rayon əhalisinin heç bir problemini dinləmək istəməyən Asif Hüseynov, hər zaman yalançı və populist çıxışlarla insanların başını aldatmaqla məşğuldur. Təmtəraqlı həyat tərzinə üstünlük verən A. Hüseynov üzünü həmişəki kimi rayon əhalisindən çoxdan döndərib.”

Maraqlıdır ki, A. Hüseynov Siyəzənə qədər heç bir rayonda eyni vəzifəni icra etməyib. Onun haqqındakı məlumatlarda deyilir ki, Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub.

Hərbi xidmətdə olmayan icra başçısı

Onun tərcümeyi-halında ən diqqət çəkən məqam isə hərbi xidmət haqda heç bir məlumatın olmamasıdır. Bu da icra başçısının hərbi xidmətdə olmadığına dair ehtimalları gücləndirir. Hərbi xidmətdə olmadığı ehtimal olunan icra başçsınını vaxtının çoxunu rəhbərlik etdiyi rayondan kənarda keçirdiyi deyilir.

O da maraqlıdır ki, Asif Hüseynovu sələfi ilə birləşdirən təkcə siyəzənlilərin halına acımaması yox, həm də oturduğu kreslodur. 

Kreslo xəstəliyi, yoxsa NUHUN gəmisi

Onun fotosunda oturduğu kreslonun bahalı olduğu aydın görünür. Burada diqqət çəkən məqamlardan biri də, Siyəzənin keçmiş başçısı, hazırda Nizami rayonuna rəhbərlik edən Arif Qasımovun da eyni kreslodan istifadə etməsidir. Onu da qeyd edək ki,  deyəsən bu siyəzənlilərin baxtinə yazılıb ki, rayona gələn icra başçıları ancaq KRESLO xəstəsidirlər. Sizə təqdim edəcəyimiz hər iki icra başçısının kreslosuna diqqətlə baxın. Elə bil bunlar icra hakimiyyətinin binasında yox, Nuhun gəmisində oturublar. Bu isə iki versiyanı gündəmə gətirir. 

- Ya Arif Qasımov Siyəzəndəki kreslosunu özü ilə Nizami rayonuna aparıb.

- Ya da Siyəzəndə qoyduğu kreslonun xiffətini çəkməmək üçün, Nizami rayonunda da eynisindən alıb.

Hər iki halda icra başçılarının bahalı kreslolardan istifadə etməsi faktı onların öz profillərinə uyğun olmayan fəaliyyətindən xəbər verir. Lakin o da faktdır ki, hər iki halda – həm köhnə, həm də yeni icra başçısının dönəmində əziyyət çəkən siyəzənlilərdir. Necə deyərlər....əzilən SİYƏZƏNlilərdir...

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az