Söyün Sadıqovu ifşa edən şok sənədlər ortaya çıxdı

Söyün Sadıqovu ifşa edən şok sənədlər ortaya çıxdı

Yanvarın 25-də “Prezident otel”də Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos” növbəti qurultayına hazırlaşdığı bir vaxtda son vaxtlar Azərbaycan mediasının gündəmindən düşməyən Söyün Sadıqovla bağlı şok sənədlər əldə edilib.

Avrasiya.net-ə daxil olan sənədlərdən məlum olub ki, “AzərRos” Moskva Azərbaycanlıları Mədəni Muxtariyyəti, “AzKA-Tver” Tver Azərbaycanlıları Mədəni Muxtariyyəti və Yaroslav vilayəti Azərbaycanlıları Mədəni Muxtariyyəti tərəfindən Kərimov Cahangir Əlabbas oğlunun imzası ilə təsis edilib. Hətta mandat komissiyasının siyahısı da təsdiq olunub. Əldə etdiyimizlər arasında Cahangir Kərimovun təşkilata sədr seçilməsi ilə bağlı sənədlər də var.
Bəs Söyün Sadıqov bu təşkilata necə sədr seçilib?
Sənədlər arasında 2000-ci il mayın 10-da “AzərRos”un növbədənkənar qurultayının 1 saylı protokolu da var ki, orada təşkilati məsələlərin baxılması qeyd olunub. Göstərilib ki, C.Ə.Kərimov təşkilatın sədrliyindən uzaqlaşdırılıb. Maraqlıdır, orada qeyd olunub ki, Kərimov Söyün Sadıqovun sədrliyi təklifini irəli sürüb. Təklif qəbul olunub və Sadıqov sədr seçilib. Sənədin təşkilatın möhürü ilə möhürlənməsi də qaranlıq məqamlara aydınlıq gətirib. Belə ki, 2002-ci il aprelin 11-də C.Ə Kərimov Rusiya Ədliyyə Nazirliyinə ünvanladığı məktubda göstərir ki, təşkilata məxsus bəzi sənədlər, eləcə də möhür təşkilata aid olmayan şəxslər tərəfindən ələ keçirilib. Hansı ki, təşkilat onlara məxsus ünvanda yerləşmişdi. Bundan istifadə edən şəxslər özlərini təşkilatın rəhbərləri təyin ediblər. Kərimov bildirib ki, özünü qeyri-qanuni sədr elan edən Söyün Sadıqovun nazirliyə təqdim etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur.
Buradan belə bir nəticəyə gəlmək olur ki, “AzərRos” Sadıqova məxsus ofisdə (Borotnikovski pr. 12) yerləşdiyindən bütün sənədləri ələ keçirib və saxta protokol yazaraq özünü sədr elan edib. Həmin protokolda “AzərRos”un rəhbərliyindən heç kim iştirak etməyib. Protokolda heç “AzərRos”un İdarə Heyətinin sədri Ağadadaş Kərimovun belə imzası yoxdur. Necə ola bilər ki, protokolda C.Ə.Kərimovun sədrlikdən imtina etməsi və yerinə Sadıqovun namizədliyini irəli sürməsi göstərilsin, amma özü bu yığıncaqda iştirak etməsin?
Xatırladaq ki, Rusiya ədliyyə nazirinin müavini Siderenkonun “AzərRos”un dövlət qeydiyyatına alınması ilə bağlı 1999-cu il 27 sentyabr tarixli qərarında göstərilir ki, bu təşkilat 3 regional təşkilat tərəfindən təsis olunub. Təşkilatın nizamnaməsi və şəhadətnaməsinin Kərimov tərəfindən alındığı da sənəddə göstərilib.
S.Sadıqov isə Rusiya ədliyyə nazirinin müavini E.N.Siderenkoya yazdığı (10.06.2002) məktubda göstərir ki, 2000-ci il mayın 10-dan “AzərRos”un növbədənkənar qurultayında o sədr seçilib. Buradan daha bir sual ortaya çıxır: Qurultay 2000-ci ildə keçirilibsə və əgər o sədr seçilibsə nazirliyə sənədlər 2 ildən sonra niyə göndərilir?
Beləcə S.Sadıqovun bu vaxtadək “AzərRos”un saxta prezidenti olduğu bu sənədlərlə üzə çıxdı. Onun bu postda oturması isə Moskvanın hakimiyyət dairələrinin razılılğı ilə həyata keçib. Belə olmasaydı Kərimovun nazirliyə ünvanladığı məktublara cavab verilərdi.
Onu da qeyd edək ki, “AzərRos”un Moskva təşkilatı özünü rəhbər elan etmiş S.Sadıqova tabe olmayıb. Rusiyada yaşayan azərbaycanlıların isə ona qarşı açıq savaş edə bilmədikləri söylənilir. Çünki bu şəxs Rusiya hakimiyyətinin bəzi qüvvələri tərəfindən himayə olunur.


Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az