“Təəssüf ki, yeni əsr bəşəriyyəti müharibələrdən xilas etmədi"-Lukaşenko
Xarici təhdidləri daxili mənbələr vasitəsilə reallaşdırmaq ssenarisi Belarus üçün qəbuledilməzdir
Xarici təhdidləri daxili mənbələr vasitəsilə reallaşdırmaq ssenarisi Belarus üçün qəbuledilməzdir. Miq.az AZƏRTAC-a istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri ali rütbəli zabit heyətinə poqonlar təqdim edilməsi mərasimində söyləyib.
Belarus dövlətinin başçısı deyib: "Təəssüf ki, yeni əsr bəşəriyyəti müharibələrdən xilas etmədi. Qlobal gərginliyin yayılma zonasının genişlənməsi davam edir”. Onun sözlərinə görə, son illərin hadisələri əyani şəkildə göstərir ki, dünya yeni reallıq mərhələsinə daxil olub, burada qarşıdurma bir an belə dayanmır. A.Lukaşenko belə bir fikir də ifadə edib ki, qeyri-hərbi sahələrdə (xüsusən maliyyə, iqtisadiyyat və informasiya sahələrində) zorakı metodlardan mütəmadi istifadə edilməsi müasir müharibənin mahiyyətini dəyişib. Bu gün müharibədə eyni vaxtda həm hərbi, həm də qeyri-hərbi vasitələr tətbiq edilir.
Belarus Prezidenti vurğulayıb: "Əvvəllər Yuqoslaviyada, İraqda və Liviyada sınaqdan keçirilmiş müharibə elementləri bu gün də tam həcmdə tətbiq edilir. Suriya, Ukrayna və digər dövlətlərin nümunəsində bunu görürük. Son illərin bütün hərbi münaqişələri bir xüsusiyyəti nümayiş etdirir. Söhbət xarici təhdidlərin daxili mənbələr vasitəsilə reallaşdırılmasından gedir. Bu, bir qayda olaraq hakimiyyətin dəyişməsi və dövlətin dağılması ilə başa çatır”.
A.Lukaşenko daha sonra deyib: "Bu ssenari bizim üçün qəbuledilməzdir. Hərçənd, onu Belarusa qəbul etdirmək cəhdləri olub”.
Miq.az