«Türk birliyi Azərbaycanın mövqelərinin güclənməsinə böyük təsir edəcək»

«Türk birliyi Azərbaycanın mövqelərinin güclənməsinə böyük təsir edəcək»

AKP-li millət vəkili: «Azərbaycan həmişə bu ideyanın gerçəkləşməsinə dəstək verib»

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı Azərbaycanda baş tutdu və sədrlik Türkiyədən Azərbaycana keçdi. Bununla yanaşı Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycanın apardığı xarici siyasət nəticəsində müxtəlif uğurlara imza atılsa da Dağlıq Qarabağ münaqişəsi hələ də problem olaraq qalır. Ermənistanın qeyri konstruktiv mövqeyi münaqişənin həllini əngəlləyir. Bu  məsələlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri,  İsmayil Safi "Vətəninfo.az"-ın sualların cavablandırdı.

- Ölkələrimiz arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbayzanla Türkiyə iki iqardaş dövlətdir və bu qardaşlığımız bəzi dövlətləri narahat edir. Amma onu dəqiq bilirəm ki, heç bir qüvvə Türkiyə Azərbaycan qardaşlığına kölgə sala bilməz. Bu bizim tarixi taleyimizdir. Bir kökdənik, diltmiz, dinimiz, birdir. Eyni ənənələrə, mədəniyyətə, düşüncəyə sahibik. İki qardaş ölkə kimi də qalacağıq. Münasibətlərimizin bütün sahələrdə inkişafı göz qabağındadır və bu bizi məmnun edir.

- İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkiyədən Azərbaycana keçdi. Hansı nəticələri gözləyirsiniz?

- Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik müddətində yeni töhfələr verəciəyini düşünürəm. Bu təşkilatdan çox şey gözləyirik, ümid edirik ki, uğurlu nəticələrə imza atılacaq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Xarici işlər naziri Əhməd Davudoğlu tədbirdə iştirak etmək üçün Azərbaycana səfər etdilər ki, bu da müsbət haldır. Təbii ki, belə səfərlər həm də iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxarır. Bu gün Azərbaycanın hər tərəfli inkişaf etməsi, Türkiyənin də bölgədə güclənməsi və inkişaf etməsi deməkdir. Türkiyə bunu ürəkdən dəstəkləyir və öz qardaşlarının uğurlara nail olması onu sevindirir.

- Ermənistan rəsmiləri Xankəndi areoprtunun açılacağını bildirirlər. Sizcə bu məsələnin kökündə nə dayanır? 

- Ermənilər bu hava limanını açmaqla heç nə əldə edə bilməyəcəklər və məqsədləri isə danışıqlar prosesinə dalana dirəməkdir. Ermənistanın bu addımı onu səmimi olmadığını ortaya qoyur. Məsələdən yayınır və öz şəxsi ambisiyalarına görə, danışıqlara zərbə vurur. Beynəlxalq qurumlar bu məsələdə hərəkətə keçməlidirlər və Ermənistana təzyiqləri artırmalıdırlar. Çünki, bu kimi hallar bölgədə vəziyyətin gərginləşməsinə təsir edən amillərdəndir. Ermənistan isə, bu yolu tutub və etdiyi hərəkətlərdən nəticə cıxarmaq istəmir.


- Türkiyənin Ermənistan siyasətində dəyişiklik ola bilərmi?

- Cənubi Qafqazda gec-tez sülhün yaranması və bu siyasətin güclənməsi Türkiyənin əsas strateji maraq dairəsində olan məsələdir. Türkiyə bu məsələdə prinsipialdır və qəti siyasət yürüdür. Türkiyə Ermənistanın işğalçılıq siyasətindən əl çəkənə qədər, qardaş Azərbaycanla birgə addım atacaq və geri çəkilməyəcək. Bunu Ermənistanda da bilməli və nəticə çıxartmalıdırlar. Artıq, Ermənistanda da bir şeyi dərk etməlidirlər ki, dünya dəyişir və buna uyğun siyasi şərtlər meydana gəlməkdədir. Onu da qeyd edimi ki, bundan sonra Ermənistanın uzun müddət işğalçı siyasət yürütməsi mümkün olmayacaq. Ermənistan sülh və barışdan yana olduğunu səmimi şəkildə ortaya qoyandan və xüsusilə də işğal olunan Qarabağ torpaqlarından geri çəkildikdən sonra Ermənistana qarşı münasibət dəyişə bilər. Bütün dünya biliri ki, Ermənistan münaqişədə səmimi mövqe ortaya qoymasa, vəziyyətləri daha da pisləşəcək. Hələ bundan sonra da, bu proses ağırlaşamaqda davam edəcək.
Bu gün Ermənistanın Türkiyə və Azərbaycana qarşı sərgilədiyi təcazvüzkar siyasət, nəticə etibarilə erməni xalqının bütün sosial-iqtisadi  həyatını məhv etməkdədir. Bu təcavüzkar və  mənfi xətlə yüklənmiş siyasi kurs, sadə ermənilərə çətin və dözülməz həyat bəxş edib. İnsanlar istər-istəməz bu şəraitdən canlarını xilas etmək üçün başqa ölkələrə üz tutmağa məcbur olurlar.
Ermənistan siyasətçiləri ağıllarını başlarına yığmalıdırlar. Onlar dünyada proseslərin hansı istiqamətdə cərəyan etdiyini gerçək praqmatik düşüncə ilə görməlidirlər.


- Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının daha da artması gözlənilirmi?

- Türkiyə son illər beynəlxalq tədbirlərdə Qarabağ məsələsini gündəmə gətirir və problemin beynəlxalq səviyyəyə çıxarılmasına çalışır. Etiraf edilməlidir ki, münaqişənin obyektiv dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin böyük rolu var. Türkiyə ilk gündən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir. Çünki, Qarabağ münaqişəsinin uzanması bölgənin ümumi vəziyyətinə mənfi təsir göstərir. Qarabağ münaqişəsinin həll olunmaması, Türkiyənin cənubi Qafqaz siyastinə də mənfi təsiri göstərir. Münaqişənin yenidən alovlanması və müharibənin başlanması Türkiyənin maraqlarvna cavab vermir.
Unudulmamalıdır ki, müharibə Şimali Qafqazda vəziyyəti də gərginləşdirə bilər. Bunun sonradan hansı mənfi nəticələrə səbəb olacağını proqnozlaşdırmaq, elədə çətin məsələ deyil. Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması və inkişaf etdirilməsi Türkiyənin əsas maraq dairəsində olan məsələlərdən ən birincisidir. Bunun üçün də Ermənistan konstruktiv mövqe nümayiş etdirməli, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.


- Suriya ermənilərinin Qarabağda yerləşdirilməsinə münasibətinz necədir?

- Bu gün Ermənistanın Dağlıq Qarabağa köçürmə planı haqda xəbərləri eşidirik. Bu bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edə bilər. Münaqişənin statusu həll olunmamış, orada hansısa prosesin getməsi, Ermənitsanın xeyrinə deyil. Həmçinin, erməni xalqı yaxşı bilməlidir ki, münaqişənin həlli onların sosial-iqtisadi həyatına  müsbət təsir göstərəcək.


- Türkiyə və Azərbaycan diasporunun birlikdə fəaliyyəti sizi qane edirmi?

- Bu türk birliyi 100 ildən çox idi ki, gözlədiyimiz ən böyük arzularımızdandır və şükürlər olsun ki, arzularımız həyata keçməyə başlayır.
Artıq, XX əsrin əvvəllərində güclənməkdə olan birlik ideologiyası nəhayət ki, gerçəkləşmək üzrədir və bununla bağlı praqmatik addımlar atılır.
Onu da qeyd edim ki, birliyin yaranması istiqamətində fəaliyyətlərimizi daha da gücləndirməliyik. Bütün türk dövlətləri birlik və bütövlük yolunda dayanmadan birgə çalışmalıdırlar. Siyasi-iqtisadi və mədəni birliyimiz elə güclü olmalıdır ki, bu birlik sonsuza qədər davam etməlidir. Addım-addım hədəfə doğru irəliləməliyik.
Çünki, birləşmək bizim də haqqımızdır. Dilimiz, dinimiz, qanımız və ortaq dəyərlərimiz bizi bir arada birləşməyimiz üçün böyük zərurət yaradr.
 
-Yəqin ki bu birliyin yaranması bəzi dövlətləri narahat edəcək…
 
- Türk milləti həmişə sülhün yanında olub və onu dəstəkləyib.  Bu gün də həmin siyasətin davam etməsində maraqlıdırlar. Biz Avrasiya bölgəsində sülh və əmin-amanlıq içində yaşamalıyıq və bu bizə hava su kimi lazımdır. Bu birliyin yaranmasında bölgədə bu ideyaların güclənməsinə xidmət edəcək. Türk birliyi narahatçılıq yaratmamalıdır. Birgə və bərabər şəkidə əməkdaşlıq edəcəyik.
 
- Türk birliyinin yaranması Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rol oynaya bilər?
 
- Təbii ki, türk birliyi Azərbaycanın regionda və dünyada mövqelərinin güclənməsinə böyük təsir edəcək. Çünki Azərbaycan birliyin yaranmasını ilk gündən dəstəkləyən qardaş dövlətdir. Bu yolda da Azərbaycanla birgə addımlayırıq. Türk birliyi Dağlıq Qarabağ məsələsində Azərbaycana mənəvi-siyasi dəstək olacaq.
 Dağlıq Qarabağ bir türk torpağıdır və min illərdir ki, Azərbaycan türkləri burada yaşayıblar. Onlar öz torpaqlarına qayıtmalıdırlar. Bu gün türk dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmaya bilməz. Bu çox önəmli məsələdir və bunu diqqətə almaq lazımdır. Çünki, türk dünyası parlayan ulduzdur və bunun işartısı bütün regiona saçacaq. Bu artıq qarşısı alınmaz prosesdir.


Firudin

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az