Türkiyədən Əvəz Zeynallıya məktub var...

Türkiyədən Əvəz Zeynallıya məktub var...

Qardaş salam!

Həbs olunmağından gec xəbər tutmuşdum. Məndə adətdir bilirsən axı, heç bir hadisəyə reaksiyam həmən olmur. Ta ki, o hadisənin mahiyyəti mənim beynimdə az qala qaldırıcı kranın qarmağı boyda sual işarəsi yaradana qədər. 

Şahinin dəfnindən sonrakı görüşümüz yadında olar. Oturub çay içdik, sən məndən də sarsılmış vəziyyətdəydin. Deyəsən sıra məndədir dedin. Mən də gör neynirsən, onsuz da əlinizdən ölməkdən başqa fərqli bir iş gəlməz dedim. Bir az güldük. Görüşdüyümüz an bir az da ağlamışdıq. Sözləşdiyimiz kimi çayın pulunu vermək istəyəndə sən əməlli başlı bozardın:

-Qardaş dedik ,deyəsən özünü doğrudan doğruya kişi hesab elədin ha, indi bizi bu çayçıların yanında bihörmət etmək fikrindəsən?

Fikrimdən vaz keçib gətirdiyim şəkilləri sənə verdim. Həmkarlarımızın toyunda masa arxasında, rəqs edən yerdə sonra rəhmətlik Şahinlə birlikdə məni Cavanşirin toyundan sınıq salxaq qambaya oxşar maşınınla evə gətirdiyin yerdə çəkdirdiyimiz şəkilləri. Şahin haqqındakı yazılara vermək üçün. 

Başım məişət problemlərinə qarışır, bəzi məsələlər üzündən sənə telefon edib Aydını müdafiə etdiyinə görə, Nurəddin Xocanı qanadının altına aldığına görə bir iki söz demək istəsəm də vaxt edə bilmirdim. Amma beynimde bir sual fırlanırdı bu sənsənmi? 

Hə qardaş bu səndin. O adamdın ki ,ANS –in xaricdən qrant alıb zorla zehniyyətimizə sırıdığı sevgililer gününə boş cib ve kasıb bir qəzetlə (güclü hökümlü tv kanalı və nəşr olunmaqda zorluq çəkən bir qəzet) qalib gələn. Qutsal anılarımızın tarixə çevrilməsi üçün çalışan, “uşaqlarının”-əli yenicə qələm tutan qəzetçilərə yazmağı ala səfeh şou müğənniləri ilə müsahibələrdə öyrədən? 

Bu səndinmi KİV müstəvisində ortaya atdığın tezisləri az qala hər iki düşərgənin günlərlə dartışdığı? 

Hə sən idin. Hitlerin kitabını nəşr edib bizim kəndin qocalarının qarğışına yiyə çıxan da səndin. 

Aydın kimi qurumsağa qəzetində meydan verən də sən idin. 

Sənin həbsin məni təccübləndirmədi. (Mən yaradıcı adamın hər dönəmdən bir nəsnə qoparda bilməcəyinə inanıram.)Hərçənd ki , ətrafında dolanıb dönənlərin sənə dəxli olmadığını düşünürdüm. Son iyirmi il onsuz da qazetəcilərin dövrü olub. Başqa ölkələri bilmirəm, bizdə yüz faiz elədi. Səhv etmirəmsə ilk jurnalisti müdafiə komitəsi Nazim Quliyev üçün yaradıldı. Bu ismi dartışmayaq. Nəyin nəsi olması zatən bəlli. İlk sarı mətbuatı populyarlaşdıran da bəlli. Həm amacı, həm qazancı, həm də siyasi müstəvidə rolu. 

Elman yadında olar, Azərbaycanın kriminaldan yazanların ən usta qəzetçisi. Soyadını unutmuşam. Qoçuluq üstündə həbs yatır dostum və həmkarımız. Birinin məişət problemini dartışmaq ingilislər demişkən çirkli çamaşırlarını qarışdırmağa oxşayır, əllərimizi niyə bulaşdıraq? Həbsdə olan qəzetçilərin çoxu rüşvət almaq üstündə yatırdı bunu da hamımız bilirik. Oğurluq üstündə yatanı (burada adlarını unutmuşam ama məhz həbs səbəblərini araşdırdığım jurnalistləri sayıram şərik açdıqları ofisdən kompüterləri oğurlayan qəzetçimizi deyirəm və incimə ki , onları səninlə qiyaslayıram, İstanbulun fuhuş evində tutulan jurnalist xanımı mənə xatırlatsalar mən də dözməyə məcburam çünki o da cibində mənim zamanında daşıdığım vəsiqədən gəzdirib üstündə gerbimizin şəkli, bayrağımızın rəsmi və peşə fəaliyyəti ilə bağlı bir neçə xatırlatma, qaldı ki imza məsələsinə bundan bir az sonra bəhs edəcəm), can bazarına çıxanı, hansını sayım? Həmkarlarımız peşələrin hamısını dişlərinə vurmuşdular. Bıçaqlanıb sonra da iqtidarın təqib etdirdiyi qəzetçi kimi Fransada sığınacaq alan gənc həmkarımız yadında olar bilirəm. Onu bıçaqlayan homoseksulistlə telefon yazışmalarını oxumuşdunmu? Mən oxumuşdum. Və əminəm ki, onun mənsub olduğu düşərgə də bilirdi ki, həmin gəncin peşə fəaliyyətinin onun bıçaqlanmasına filana dəxli yoxdu. Son 20 ildə Azərbaycan jurnalistikası rus nağılındakı əlcəyə bənzəyir. O nağılda meşənin bütün canlıları gəlib əlcəyin içinə girir. Doğrudan adam bu əlcəkdəki tilsimdən təəccüblənir: ordan çıxan qəzetçilərə bax: şair, yazıçı, oğru, quldur, əxlaqsız, qatil, homoseksualist, reket. Rəsmi statusları da sən sayarsan. Belə daha obyektiv olar düşünürəm. Hətta ortaq dostumuz Cavanşir o əlcəyin içindən çıxandan sonra şou-biznes aləminə qədəm qoydu. 

Nə demək istədiyimi bilirsən qəzetçilik bütün kirli işlərə haqq qazandırmaq üçün ən yaxşı dondu geyinirik əynimizə. 

Bura nə yazsam da sənə elə gələcək ki, mən ekvatorunun qarşı tərəfindən baxıram hadisələrə. Amma ekvatorun üstündə dayanana heç rastlamadım. Son 20 ildə KİV yazılan jiletler istefa qışqıran kütlənin önündə olub. Mən də təbii reportaj hazırlamağa gedəndə Əli Kərimliyə yumurta tullayanların tərəfində durmuşam.Təsəvvür elə də bizim əlimizdə söz yox güllə olsa nələr yaşayarıq. Üstəlik də düz ekvatorun üstündə dayanan 3-cü kəsim varsa. Mən orda olarkən belə bir kəsimin olduğuna inanırdım. Amma nə sən, nədə sözünün doğruluğuna inandığım kimsə mənə bundan bəhs etməsin. Aqil Abbasın redaktoru olduğun “Ədalət” (indiki fəaliyətini izləyə bilmirəm), “525-ci qəzet” və “ Xalq Cəbhəsi”ni çıxmaq şərti ilə. Çox azdı hə? Adamın nəfəsi daralır və həmən də ağlına gəlir ki yeni bir nəşr yaradıb sübut edəsən ki qəzetçilik qanunları ilə SÖZün hakim olduğu bir məkan yarada bilərsən. Həmən də Məmməd müəllimin aforizmlərini xatırlayırsan. Əlin qolun boşalır. Amma mən hələ də Sözün Tanrının əmanəti olduğuna inanıram. əmanətə xəyanət edən hökmən cəzalanır ya zəlzələdən ya vəlvələdən. Sənin cəzanın nə olduğunu bilmirəm və mənim bir həqiqətim var ki insan haqqını arayırsa, bulur. 

Gecədən xeyli keçənə qədər otururam. Azərbaycan mətbuatını ələk vələk edirəm. Cavi Danın imzası ilə verilən xəbərlər ilgimi çəkdi. BU qızın köşə yazdığını bilirdim. İmzası da brenddi, bunu da hər kəs bilir. Xəbərlərini oxuyanda təccübləndim. Yəqin ki bir neçə ayda onun da oxucu çevrəsi bu təccüblə üz üzə qalıb. Bir iki mənbəyə baş vurdum və məlum oldu ki , sevimli həmkarlarımız mətbuatda yeni fırıldaqların əsasını qoymaqdadırlar. İnan ki, həmən bir yox, bir neçə nəfərin həbsxana olmasa da ona yaxın yasaqlar kimi cəza almaq təhlükəsi ilə üz üzə olduğunu düşündüm. Özü də necə şəffaf və sözünə inandığımız insanlardan birini də bu məsələnin içində görəndə çox pis oldum. Bu da sənə brend. Cavi Dan intihar etmək dərəcəsindəyəm yazanda anlamaqda zorluq çəkmədim. Həmən yadıma inandığım insanların jüri olduqları yazı müsabiqəsi düşdü. Telefonu açıb qatıl qatıl! israrlarının, şərtləri elektron poçtuma göndərmələrin, sənin sahəndir bilirik ki ,yer tutacaqsan deyib ayağımın altına daş qoymaların başında xarici qrant hesabına gerçəkləşən müsabiqənin iqtidar qəzetlərindən yazarların qatılması şərti dururmuş. Bunu baş mükafatı təşkilatçı ilə qalibin yarı yarıya razılaşdığını ordakı dostlardan biri qulağıma pıçıldayanda bildim. Bu iki əməlin adı dolandırıcılıq, fırıldaqçılıq deyil nədir? Mənim yanlışım varsa sən söylə. Nur topası bildiyim adamlara duyğularımı ifadə eləməyə acizəm. Ona görə dostlarımın yadına düşübmüşəm. Heç nə eynimə deyildi, mənim üçün. Amma adamı kullanmaq (bu kəlmə belə daha sərrast ifadədir)çox acı bir şeydi. Bir az adamın öz doğmasına bəslədiyi kinə bənzəyir. Unuda bilmirsən çox acıdıb, uda bilmirsən çox acıdı. Elə acılardan birini üstündən illər keçsə də, boğazıma ilişib qalıb. Amma nə vaxtsa ya udacam, ya da unudacam. Bir az türklər demiş, şımartıldığımdan bir az da mənimlə eyni sahədə yazanlarla öz aramdakı fərqi gördüyümdən üstümdən xətt çəkildiyinə təccübümü “qaba” şəkildə bildirəndə aldığım cavab bilirsən nə oldu: Bura qarabağlılarındı, get nə zaman Muğanlılar qəzet açar , sən də orda çalışarsan. )))))) çox acıdı hə? Həm də o qədər ki, gülümsəməmək olmur. 

Sənin həbsinin motivi Aydının həbs motivi ile eynidir. Nurəddin, Xoca yazırdı ha Aydın məkri zənən üzündən həbs edildi. Məncə o da sən də bilirsən məsələnini əsli necədi. Amma elə yazmalıydı Nurəddin Xoca. Onun adının ətrafındakı o dolayı qarış telefon hədələri məsələsi, şantaj filan zatən gözlənilməyən deyildi. Nə yazım bilmirəm ki. Sənin günahsız olmana inanmağım heç nəyi dəyişmir məncə. İlk vacib olan özünün günahsız olmana inanmaqdır. Amma mən də sənin günahsız olduğuna inanmaq istəyirəm. Çünki bu soru artıq beynimdə qaldırıcı kranın qarmağı kimi sağa solla yellənib kafa tasıma çırpılmaqdadı: Sən bu adamlarla necə işləyirdin. Axı Aydın polis də mənəm, hakim də mənəm deyib meydan sulayanda istəyi adamı şərləyəndə ,istədiyi adamı tərifləyib göylərə qaldıranda və bununla da bütün cənub bölgəsində özünün “necə bir qüvvə olduğunu nümayiş etdirəndə” sadə desək reketlik edəndə, adamların evinə basqın edib qapı pəncərəsini sındıranda sənin gözünün nuru, ürəyinin istisi ilə yuxunun, canının hesabına işıq üzü görən qəzetinin sətirlərindən boy verirdi. 

Öpdüm qardaş Allah qapını açsın. 

Kəbutər

İstanbul



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az