Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 9 hərbçi şəhid oldu

Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 9 hərbçi şəhid oldu
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb. 4 hərbi personal yaralıdır. Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter hesabından bu barədə bildirib.

Vertolyot Nemrut dağı ətəklərində düşüb. Hadisə barədə xəbər alınan kimi çoxlu sayda təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin bölmələri bölgəyə hərəkət edib. Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər də vertolyotla bölgəyə yola düşüb.

"Bingöldən Tatvana getmək üçün bu gün saat 13.55-də hava qalxan, Quru Qoşunları Komandanlığına aid "Cougar” tipli vertolyotla əlaqə 14.25-də kəsilib. Bölgədə pilotsuz təyyarələrin, CN-235 nəqliyyat təyyarəsinin və bir vertolyotın da iştirakı ilə axtarış əməliyyatları dərhal başladılıb. Axtarış əməliyyatları nəticəsində vertolyotun qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində vertolyotda olan qəhrəman silahdaşlarımızdan 10-nun şəhid olduğu, 3 qəhrəman silahdaşımızın isə yaralandığı müəyyən olunub”,-Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan vertolyot qəzası ilə bağlı müdafiə nazirindən məlumat alıb, xalqa başsağlığı mesajı ilə çıxış edib.

 

 

Hadisə yerinə ilk çatan yerli sakinlərdən biri olub. Həmin sakin yaralı hərbçilərə ilk yardım göstərib. Şahid deyib: "Vertolyotun düşdüyünü bilmədik, amma səsdən şübhələndik. Motor nasazlığı kimi səs eşitdik. Bir müddət sonra uşaqlar vertolyotun düşdüyünü dedilər. Yuxarıya tərəf getdik. Şəhidlər vardı, 4 yaralı da vardı. Birinin yaxınlığına getdim, başı vertolyotun altında qalmışdı, ağzına qar dolmuşdu. Nəfəs ala bilməsi üçün qarı təmizlədim. Özünə gəldi. "Yaxşıyam” dedi. Dərhal qarı təmizləməyə başladım, əllərim yara oldu, qarı təmizləyib yaralı hərbçini çıxardım. Sonra o biri hərbçiyə tərəf getdim, pencəyimi çıxardım üstünə sərdim...”

Türkiyə KİV-ləri xəbər verir ki, şəhid olanlardan biri 8-ci ordu korpusunun komandanı, general Osman Erbaşdır. 

Korpus generalı olan Osman Erbaş Türkiyə ordusunun ən rəşadətli komandanlarından biri hesab edilirdi. Onun tezliklə ordu generalı rütbəsi alacağı gözlənilirdi.

 

 

**

20:04

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikopter qəzaya uğrayıb.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın təfərrüatları məlum deyil.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az