Vüqar Abbasov:“Azərbaycanda “Ərəb baharı” mümkün deyil”

Vüqar Abbasov:“Azərbaycanda “Ərəb baharı” mümkün deyil”

Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasovla müsahibə

- Vüqar bəy, son günlər Misirdə baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Misirdə yenidən mitinqlər dalğası başlayıb. İlk öncə qeyd edim ki, artıq ordakı insanlarda qorxu hissi yox olub. Bunun əvəzində, onlarda belə təəssürat yaranıb ki, hakimiyyəti dəyişməyin yolu yalnız mitinq və küçə yürüşlərindən keçir.

Bu isə çox qorxulu tendensiyadır. İnsanların əlində çoxlu sayda silah var. Kənardan da Misirdə sakitliyin olmasını istəməyən qüvvələr var. Düşünürəm ki, bugünkü hadisələr misirlilərin qəhrəmanlığı kimi deyil, təhsilsizliyi kimi qəbul olunmalıdır. Bu, mənim düşüncəmdir.

İstənilən ölkədəki hakimiyyət dəyişikliyi demokratik seçkilər yolu ilə olmalıdır. Bundan əvvəlki prezident, Mübarək bunu daha rahatlıqla edə bilərdi və ölkəsi də bu qədər problemlərlə üzləşməzdi. Təbii ki, özünün taleyi də belə olmazdı. İndi isə, Misirdəki insanları sakitləşdirmək, prosesləri idarə etmək bir o qədər də asan deyil.

- Ümumiyyətlə, baş verən proseslər onu göstərirmi ki, “Ərəb baharı” deyilən inqilabi hadisələr bu ölkələrə nicat gətirmədi?

- Bu və yaxud bu kimi inqilablar adətən bir o qədər də xeyir gətirmir ölkələrə. İlk öncə onu deyim ki, inqilablar heç vaxt qansız ötüşmür. Bunun üçün də, hər bir ölkənin rəhbərliyi, əgər öz xalqını gerçəkdən istəyirsə, ölkəsində demokratiyanın olmasını istəməli və bunu təmin etməlidir.

Belə olan halda, hakimiyyət dəyişikliyi də sakitliklə, demokratik yolla həyata keçirirlər. Son dövrlər baş verən inqilab, yaxud buna cəhdlərin, həmin ölkələrə vurduqları ziyanlara baxsanız, dediklərimlə razılaşarsız.

- Bir zamanlar bəzi ekspertlər belə fikirlər bildirirdilər ki, nə zamansa “Ərəb baharı”nın Azərbaycana təsir edəcəyini qeyd edirlər. Sizcə, bu fikirlər nə qədər gerçəkliyi özündə daşıyır?

- Mən bir yazımda da qeyd etmişdim ki, “ərəbin baharını, rusun qışını” müşahidə etməklə bir şeylərə nail olmaq olmaz. Bunlar boş işlər və vaxt itkisidir. Yuxarıda da qeyd etdim ki, bütün dəyişikliklərin yalnız demokratik seçki yolu ilə təmin olunmasının tərəfdarıyam.

Təbii ki, bunun təminatçısı hakimiyyət olmalıdır. Müxalifət də bu istiqamətdə işlər görməlidir. “Müxalifətin əlində nə kimi imkanlar var?” - deyə soruşanlar ola bilər.

Belə olan halda, mən də soruşuram ki, müxalifət əlində olan hansı imkandan xalqı maarifləndirmək üçün istifadə edib? Mənə elə bir partiya göstərin ki, onun proqramı və yaxud gələcəklə bağlı planları ilə bağlı internetdən məlumat almaq olsun.

Partiyalarımızın çoxuna hələ öz tutduqları siyasi kurs belə məlum deyil. “Ölkədə rüşvət, korrupsiya var” və s. digər bu kimi bəyanatlarla işi bitmiş hesab etmək olmaz məncə.

Onlar bu xalqa nə vəd verirlər və bu vədləri necə yerinə yetirəcəklər? Bu və digər bu kimi suallara cavab verilməlidir. Heç olmasa partiyalarının internet səhifələrini yaratsınlar.  Sualınıza gəlincə isə, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda “ərəb baharı” mümkün deyil və mən bunu heç arzulamıram.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az