Xaləddin İsgəndərovun tikinti “biznesi” - "Bu ciddi rüşvət faktorudur"

Xaləddin İsgəndərovun tikinti “biznesi” -
"Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov sözügedən rayon ərazisində aparılan tikintidən qanunsuz olaraq külli miqdarda rüşvət yığır.”

Bu barədə redaksiyamıza Binəqədi rayon bələdiyyəsində çalşan mənbə bildirib. Qaynağın məlumatına görə, rayonda tikinti işi aparmaq istəyən sakinlər mütləq icra başçısını "görməlidirlər”:

"Bələdiyyənin bu işdə heç bir rolu yoxdur. Bütün işlər icranın nəzarətindədir. X.Əsgərovun icazəsi olmadan heç kim həmin ərazilərdə torpağa bir mismar belə vura bilməz. Qoçuları dərhal o adamın başının üstünü kəsir”.

Mənbə onu da əlavə edib ki, alınan rüşvət tikintinin həcmindən asılıdır:

"Yəni kimsə, birmərtəbəli evi inşa etdirmək istəyirsə, 7 min, 2 mərtəbəli ev üçün isə 15 min "haq” ödəməlidir. Üstəgəl, bu "haqq”ı  X. İsgəndərova vermək üçün ara adamı da tapmaq lazım gəlir ki, onlara da müəyyən miqdarda "şirinlik” verməli olursan. Bunların olmayacağı halda heç kim orada tikinti apara bilməz. İcranın balansında iri tonnajlı dağıdıcı gücə malik texnikalar var. Kim "haqq” ödəmirsə həmin texnikalar gecəylə gəlib tikilini dağıdıb, xarabaya döndərir. Əlbəttə, bütün bunlar özbaşınalıq və başıpozuqluqdan başqa bir şey deyil”.

Məlumat üçün bildirək ki, Xətai, Nizami, Sabunçu, Suraxanı və digər rayonlarda da bu cür başıpozuqluğa yol verildiyi iddia olunur.

 

Məlum pul yığımının heç bir qanuni əsası olmadığını deyən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar CƏLALOĞLU AİM.az-a bildirib ki, bu ciddi rüşvət faktorudur. Ona görə də qanuni ola bilməz:

"Əlbəttə, bu hal mövcuddur. Bəzi vətəndaşlar süründürməçiliklə üzləşməmək üçün qısa yollar axtarırlar. Onda da rüşvət verməyə məcbur olurlar. Əslinə qalsa, şəhər arxitektura idarəsindən hər bir tikinti üçün layihə hazırlanmalıdır. Vətəndaşlar da öz evlərini həmin layihə əsasında inşa etdirməlidirlər. Bizim vətəndaşlarımız da bu yola getmirlər. Ona görə də rüşvət verirlər. Burada rüşvət verən də, alan da eyni dərəcədə qanunu pozur. Vətəndaşlar da bu yola getdikləri üçün həmin arzuolunmaz halı aradan qaldırmaq çətinləşir”.AİM.Az



P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az