Təbii ki, digər tərəfdən də Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli olaya imza atıb.
Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 mindən artıqdır.
Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri Teodor Van Kirk həmin heyətdən sağ qalan yeganə insandır. Van Kirk 1921-ci ildə Amerikada anadan olub. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942-1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb. Teodor Van Kirk öz xatirələrində həmin günü belə xatırlayır:
"1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə
başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət
üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim
atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi.
Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə
söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri
məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz
yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq.
Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi.
Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki,
indi gedib yatıb yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom
bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş
başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə
doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə
cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat
9.15-də bort jurnalında qeydiyyat apardım: "Saat 9.15. Atom bombasını
atırıq”.
43 saniyədən sonra Xirosima şəhərinin 580 metr
hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli
sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən
dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın
tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq.
Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi
rahat yatdım”.
93 yaşlı Van Kirk müntəzəm olaraq jurnalistlərlə həmsöhbət olur,
onların suallarına cavab verir. "Keçirdiyiniz əməliyyat neçə-neçə
insanın həyatına son qoyacağını biləndə hansı hissləri keçirirdiniz”
sualını Van Kirk belə cavablandırıb:
"Mən öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirməkdir. Digər bir tərəfdən müharibənin qurbanları olmalıdır. Siz mənə müharibə etməyin elə bir yolunu göstərin ki, orda insan ölümü olmasın”.
- Bu əməliyyatda iştirakınıza görə təəssüf və peşmançılıq hissləri keçirirsinizmi?
- Qətiyyən. Mən qürur hissi duyuram ki, məhz bu əməliyyatın
iştirakçısı olmuşam. Müharibə avqustun 14-də sona çatdı. Biz atom
bombasını atmasaydıq kim bilir bu savaş nə vaxt qurtaracaqdı. Əslində,
nəticə etibarı ilə bu atom bombası çox insanların həyatını xilas etdi.
Kim deyə bilər ki, müharibə davam etsəydi həlak olanların sayı nə qədər
olacaqdı. Mən o səhnələri görməyi heç kimə arzulamıram. Birinci atom
bombasını biz atdıq. Dua edirəm ki, bir daha bu təkrarlanmasın. Hərçənd
ki, buna inanmıram.
Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949-1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.
Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay” təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb.
"Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.
