Yol Polisi əməkdaşını işdən çıxarmaq...
Azər Qismət
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Nəcməddin Sadıqovun oğlu ilə yol polisi arasında yaşanan qalmaqal
sonuncunun işdən çıxarılması ilə nəticələndi. Bu barədə ötən həftə
saytlarda, sosial şəbəkələrdə çoxlu fikirlər səsləndirildi. Biri
genaralın oğlunu günahkar bildi, digəri yol polisini. Hətta yol polisi
etik normalara əməl etməyən, vəzifəsindən sui-istifadə edən şəxs kimi
təqdim edildi. Bəzi jurnalistlər həmin polislə bağlı şahidi olduqları
əhvalatları status formasında paylaşdılar. Elə statuslara da rast
gəlindi ki, yol polisi vicdanlı şəxsdir. Yeri gəlmişkən, Nəcməddin
Sadıqovun oğlunun yaxşı və dəyərli insan olması barədə də fikirlər
səsləndirildi.
Əslində, həmin gün onlar arasında nə baş verdiyini bilmək çətindir.
Kamera görüntüləri və səsyazma olmadan nəsə söyləmək jurnalistlik
fəaliyyətimdə peşə etikasına yaraşmaz. Bəlkə də yol polisi günahkardır
və haqlı olaraq işdən çıxarılıb. Doğrusu, çətinlik çəkirəm. Hər halda
sonda adamların alt şüuruna belə siqnal ötürüldü ki, generalın oğlu ilə
mübahisədən sonra yol polisi işdən çıxarılıb. Əsas məsələ işin
mayasından ibarətdir. Mayanı da belə səciyyələndirdilər.
Çox güman ki, öz sahəsinə dair hər şeyə operativ reaksiya verən hörmətli
nazirimiz Ramil Usubov məsələni araşdırıb və məlum olub ki, yol polisi
günahkardır. Hər halda Ramil müəllim polis-vətəndaş qarşıdurmasında
vətəndaşın xeyrinə qərar çıxaran şəxsdir. Dəfələrlə şahidi olmuşuq ki,
Ramil Usubov vətəndaşlara zülm edən, onların cibinə anaşa atdıran,
cinayətdə şübhəli bilinən şəxslərlə insanlıqdan kənar rəftar edən
rəisləri işdən qovdurub, fırıldaq və şəryaxma kampaniyası ilə məşğul
olan polislərdən siqnal gələn kimi cəzalandırıb, vəzifə
səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı ölçü götürüb, haqsızlıqla
üzləşən şəxslərin müraciəti üçün 102 xidmətini yaradıb. Çünki Ramil
Usubov xalq dili ilə deyilərsə, köhnələrdəndir, sovet məktəbi keçib.
Həmin məktəbdə əsasən iki məsələ daha dəyərlidir. 1. Qanunlar. 2.
Vətəndaş. Amma nazirimiz heç vaxt məmur-polis qarşıdurmasında öz
polisini kiminsə ayağına verməyib.Və bu baxımdan yəqin ki, yol polisinin
işdən çıxarılması istisna hal kimi baş verib.
Sözüm başqa məsələyə görədir.
Hadisə baş verəndən sonra sovet dövründə çəkilən "Yol müfəttişi” filmi
yadıma düşdü. Oradan bəzi nüansları xatırlamaq istəyirəm. Rayonun
avtoservis idarəsinin rəisi Trunov rəhbər şəxslər arasında yaxşı
tanınıb. O digər şəhərdən bura dəvət olunub və ölmüş müəssisəni ayağa
qaldırıb. Günlərin birində Trunov öz avtomobilində gedərkən yol
müfəttişi Zıkin onu saxlayır və "saatda 50 kilometr” işarəsi vurulan
yolu saatda 65 kilometrlə qət etdiyinə görə Trunovu cərimə edir. Növbəti
dəfə Trunov yenə yol hərəkəti qaydasını pozur və Zıkin onu yenə
cərimələyir. Rəhbər şəxslər ona başa salır ki, "bu Trunovdur, onu
cərimələmək olmaz. Sən heç bilirsən kimi saxlamısan? Sadəcə gözünü yum
və keç”. Zıkin isə qanunun üstündən keçə bilmir. Çünki ona Ali məktəbdə
öyrədilib ki, qanuna əməl etməyən istənilən şəxs cəzalanmalıdır. Bu
istər Avtoservisin rəisi Trunov olsun, istər Rayon Partiya Komitəsinin
1-ci katibi.
Beləliklə, Trunov yol müfəttişini cəzalandırmağı qərara alır. Ondan
Partiya Komitəsinin 1-ci katibinə, Şəhər Milis İdarəsinin rəisinə
şikayət edir. Rayon Partiya Komitəsinin 1-ci katibi onun bacısını işdən
çıxartdırır, Zıkin avtomobil kurslarından qovulur. Şəhər Milis
İdarəsinin rəisi onu çağırıb deyir ki, "Trunov barədəki raportu geri
götür”. Zıkin bununla razılaşmır və xahiş edir ki, "raport əsasında
tədbir görülsün”. Burada bir incə məqam var. Təsəvvür edin, rəis öz
əməkdaşını işdən çıxarmır, ona məsləhət görür ki, raportu geri götürsün.
Günlərin birində Zıkin yolda Trunovu ağır sözlərlə təhqir edir. Sizcə,
yol müfəttişi işdən çıxarılır? Yox. Vəzifəsindən sui-istifadə edib
vəzifəli şəxsi söydüyünə görə rütbəsi aşağı salınır və uzaq bir yerdəki
posta təyin olunur. Lakin işdən çıxarılmır. Əksinə, qanun çərçivəsində
onun raportuna baxılır və Trunov 3 ay sürücülük hüququndan məhrum
edilir. Bəs, yol müfəttişi niyə işdən qovulmur? Bax, bu incə məqam Rayon
Milis İdarəsinin rəisi ilə Trunov arasındakı dialoqdan məlum olur.
Trunov rəisə gileylənir ki, "bir yol polisi ilə də bacarmırsız”. Rəis
isə ona qayıdır ki, "mən bundan sevinirəm ki, qanunlara əməl edən belə
milis əməkdaşım var. Və sizin kimi vəzifə sahibləri onunla bacara
bilmirsiz. Siz ona pislik etdiniz, amma o raportunu geri götürmədi. Elə
adamlar olmasa, sizlər hələ çox qanunsuzluq edərsiz”. Bu dialoqdan məlum
olur ki, rəis indiyə qədər öz əməkdaşı ilə fəxr edirmiş. Məhz bu
səbəbdən onu işdən qovdurmayıb.
Hörmətli Nəcməddin Sadıqovun oğlu ilə mübahisə edən yol polisinin işdən
çıxarılması bəlkə də haqlı məsələdir. Təkrar edirəm, ola bilsin ki, yol
polisi burada etik normalara əməl etmədiyindən işdən çıxarılıb. Amma
məsələni başqa müstəvidən həll etmək olardımı? Düşünürəm ki, olardı.
Haradasa məlumat verilərdi ki, polisə xəbərdarlıq edilib, töhmət
verilib, yaxud, rütbəsi aşağı salınıb. Ancaq işdən çıxarmaq, sizcə bir
qədər kəskin addım deyil ki? Ona görə yox ki, həmin polisin balaları
var, yaxud, təqaüdə göndərilməsi tezdir. Əsla. Məni sadə adamların
çıxarıdğı ümumi nəticə narahat edir. Sadə adamlar dedi ki, "polis
generalın oğluna görə işdən çıxarıldı”, "polis geri çəkildi”, "polis
aciz qaldı”. Həm də məni bundan sonra baş verə biləcək hadisələrin
nəticələri narahat edir. Sizcə, məlum olaydan sonra belə hadisələr və
xahişlər artmayacaq ki? Yaxud, yağışda-qarda öz vəzifə borcunu yerinə
yetirən polisimizin üzərinə yeriməyə münbit şərait yaranmayacaq ki? Bax,
narahatlığım bundandır.
(Qafqazinfo)