Zərdabda mağazaya polis basqını – “Dedilər, 5 il iş düşür...”
Zərdab rayonunda polislər mağazaya basqın edib.
Miq.az xəbər verir ki, bu barədə AzNews.az-a mağaza sahibi Cavid İsmayılov məlumat verib. Bildirib ki, fevralın 23-də Zərdab Rayon Polis Şöbəsinin 10-a yaxın əməkdaşları gözlənilmədəm mağazaya girib və ona təzyiqlər ediblər: "Mənim mağazam Zərdab Rayon Mehmanxanasında yerləşir. Fevralın 23-də saat 16:00-da bir şəxs mağazaya yaxınlaşıb siqaret aldı. O, gedəndən sonra mağazaya 10-a yaxın polis əməkdaşı girib, icazəsiz qapını içəridən bağladılar. Dedilər ki, içəri heç kim girməsin, mağazada axtarış aparacağıq”.
C.İsmayılov bildirib ki, polis əməkdaşları mağazada xarici siqaret və spirtli içki axtarıblar: "Mağazadan 4 adda siqaret və spirtli içki tapıb, şəklini çəkdilər, məni də şöbəyə apardılar. 23:00-a kimi məni şöbədə saxladılar. Dedilər ki, bu xarici siqaret və spirtli içkini niyə satırsan? Bildirdim ki, şəhərdən gəlirdim, yoldan almışam. Mənə dedilər ki, bunların satışı qadağandır. İzahat alıb buraxdılar, amma dedilər ki, səni yenidən çağıracağıq”.
Sahibkar onu da vurğulayıb ki, o, şöbədə olarkən yaxınları "102” xidmətinə məlumat veriblər: "Amma bu xidmətə düz 5 dəfə məlumat veriləndən sonra məni polis şöbəsindən buraxdılar. Lakin mənə orada olarkən hədə-qorxu gəldilər. Hətta məni 5 ilədək həbs cəzasının gözlədiyini də dedilər”.
Miq.az