1000 manatdan artıq bütün alınmaların nəğd olmayaraq həyata keçirilməsi, bir şəxsin aylıq nağd alınmalarının məbləğinin 5 min manatdan artıq olmamaması təklifinə “Vətəninfo.az “ açıqlamasında münasibət bildirən iqtisadi ekspert Samir Əliyev bildirib ki, səslənən təkliflər ona yönəlib ki, Azərbaycanda nağd ödənişlər azaldılsın: “Bu gün Azərbaycanda kifayət qədər nəğd ödənişlər həyata keçirilməkdədir. Hamı demək olar ki, nəğd alıb -satmağa üstünlük verir. Belə götürdükdə nəğd olmayan dövriyyə 10 faizdən artıq deyil. Halbuki, inkişaf etmiş ölkələrdə bu sistem 80-90 faiz nəğd olmayan ödənişlər vasitəsilə həyata keçirilir”. Ekspert qeyd edib ki, elektron ticarət inkişaf etdiyinə görə insanlar bu gün uzaq məsafələrdən istədiyi məhsulu ala bilirlər. Təklifdə əsas məqsəd Azərbaycanda da nəğd olmayan ödənişləri həyata keçirmək, çıxış yolu kimi isə müəyyən məhdudiyyətlər təklif olunması göstərilir. Onun sözlərinə görə, bu proses həm də vergidən yayınma hallarının qarşısını ala bilər: “Azərbaycanda isə bunun üçün tam şərait yoxdur. Təkcə postterminalların və bankomatların quraşdırılması bunun üçün kifayət etmir. Çünki, bunların çox hissəsi Bakının payına düşür. Regionlarımızada isə posterminallar və bankomatlar azdır. Kənd mərkəzlərində isə belə qurğular quraşdırılmayıb. Kəndli məcburdur ki, şəhərə gedib ödənişləri həyata keçirsin”. S.Əliyev əlavə edib ki, əvvəla, bu problemlər Azərbaycanda həllini tapmalıdır. Posterminalların quraşdırmaqla məsələ bitmədiyini , eyni zamanda ona qulluq məsələləri də böyük vəsait tələb etdiyini qeyd edən ekspert vurğulayıb ki, insanları buna alışdırmaq lazımdır. Bu gün Azərbaycanda nəğd ödənişlər müəyyən mərhələyə qədər inkişaf edəcək, bu həddən sonra isə inkişaf dayanacaq. Bu prosesdə cərimələrin də tətbiq oluna bilməsini qeyd edən S.Əliyev bildirib ki, bu gün Azərbaycanada ərzaq məhsulların əksəriyyəti xaricdən idxal olunur: “Bəzi mallar isə gömrük məntəqələrindən qanunsuz keçirilir. Belə halların qarşısı tam alınmalıdır ki, qaydaları pozanlara qarşı cərimələr tətbiq olunmasın”.
Ramilə