“Atam sözü üzə dediyinə görə çoxları ondan çəkinirdi”

“Atam sözü üzə dediyinə görə çoxları ondan çəkinirdi”

Xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalovanın etirafları

 Xalq artisti, sevimli aktyorumuz Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova Vətəninfo.az-ın suallarına aydınlıq gətirdi. Tanınmış təşkilatçı-prodüser Gülbəniz xanımın dedikləri: “Atam Eldəniz Zeynalov bütün həyatını Azərbaycan teatrına və kinosuna həsr edib. Bir-birindən parlaq obrazlar qalereyası yaradıb. Atam dünyasını dəyişəndən sonra anam bu itki ilə barışa bilməyib dünyasını dəyişdi. Qardaşım Məmməd Zeynalov atamın sənətini davam etdirir. O, İrəvan Azərbaycan Teatrında aktyor kimi çalışır. Onun ən böyük arzusu vaxtilə atamın çalışdığı Akademik Milli Dram Teatrında işləmək və atamın yaratdığı obrazlardan birini həmin teatrın səhnəsində canlandırmaqdı. Düzdür, atam bir qədər acıdil insan olub. Buna aydınlıq gətirmək istəyirəm. Eldəniz Zeynalov sözü çəkinmədən vəzifəsindən asılı olmayaraq hər kəsin üzünə deyib. Öz problemi ilə bağlı heç kəsə ağız açmayıb. Ona görə də çoxları atamdan çəkinirdi. Həqiqət həmişə acı olur. Artıq atalı və atasız illərimin xatirələrindən doğan bir kitab üzərində işləyirəm. Həmin kitabda hər şeyi açıq-aşkar yazıram. Olduqca çətin olsa da, atamın ruhunu yaşatmaq üçün bunu tezliklə yekunlaşdıracağam. Kitab işıq üzü gördükdən sonra atama xatirə gecəsi də keçirdəcəyəm. Bu gün Eldəniz Zeynalov sevərlərin dəstəyini və sevgisini hiss edirəm. Mən də qürurlu bir Azərbaycan xanımıyam. Atam kimi vüqarlıyam. Qapılar döymək mənim təbiətimə ziddir. Bu gün bizim ailənin mənzil problemi var. İnanıram ki, bu problem öz həllini tapacaq. O ki qaldı mənim təşkilatçı-prodüser kimi fəaliyətimə, tezliklə maraqlı layihələrimlə tamaşaçıların görüşünə gələcəyəm”. Gəlin sağlığında insanlara qiymət verək. Dünyasını dəyişən sənət sahiblərinin ruhunu uca tutaq. Axı dönüb geri baxanda yaşanan illərdə onların hər birinin səsi, obrazları, bir də heç bir zaman yaddan çıxmayacaq xatirələri, nurani simaları qalır... Biz də Gülbəniz xanıma uğurlar arzulayırıq. İnanırıq ki, onun Eldəniz Zeynalovun xatirəsinə həsr etdiyi kitab Eldənizsevərlərə maraqlı bir töhfə olacaq. Eldəniz Zeynalov olub, var, yaşayır, bundan sonra da yaşayacaq.

Alim Nəbioğlu

Foto Araz Hacıyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az