ATƏT PA-da Azərbaycan deputatının hazırladığı qətnamə qəbul olunub
ATƏT Parlament Assambleyasının sessiyasında "ATƏT regionunda
dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə
sadiqlik” adlı qətnamə layihəsi qəbul olunub.
APA-nın
məlumatına görə, layihə qurumun Siyasi Əlaqələr və Təhlükəsizlik
Komitəsinin sədr müavini Azay Quliyev tərəfindən hazırlanıb. ATƏT PA-nın
bu gün keçirilən iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri
Artaşes Geqamyanın layihəyə təklif etdiyi heç bir dəyişiklik
dəstəklənməyib və layihəyə olduğu kimi qəbul edilib
Sənəddə
ATƏT-in müxtəlif regionlarında, əsasən də Azərbaycan, Gürcüstan,
Ukrayna və Moldovada davam edən münaqişələrdən narahatlıq ifadə olunur.
Bildirilir ki, ATƏT regionundakı bu münaqişələr həmin ölkələrin
suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirir, demokratik
islahatları və bu ölkələrin dayanıqlı inkişafını çətinləşdirir,
regional əməkdaşlıq və inkişafa mane olur. Qeyd olunur ki, Helsinki
prinsiplərinə tam sadiqlik münaqişələrin sülh yolu ilə həllinə, silahlı
münaqişələrin qarşısının alınmasına, ölkələr arasında münasibətlər
zamanı qanunun aliliyinə hörmətlə yanaşılmasına, beynəlxalq və regional
səviyyədə sülhün daha effektiv dəstəklənməsinə təkan verəcək.
ATƏT
PA münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının və digər
təşkilatların müvafiq sənədlərini həyata keçirməsi və onlara əməl
etməsinin vacibliyini qeyd edir, ATƏT-in müxtəlif regionlarında mövcud
münaqişələrin siyasi həlli ilə bağlı dayanıqlı proqresin olmamasından
təəssüflənir, münaqişələrin həllinin təşkilatın, o cümlədən
"Helsinki+40” prosesinin bir nömrəli prioriteti olduğu vurğulanır.
Sənəd 19 maddədən ibarətdir.