Atırau Dövlət Universitetinin seçilən beş tələbəsinə Heydər Əliyev təqaüdü verilib
Azərbaycanın Aktaudakı Baş konsulluğu Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib. Universitetin nəzdində fəaliyyət göstərən "Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi”ndə təşkil olunmuş tədbirdə universitetit müəllim və tələbə heyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Novruz” milli-mədəni mərkəzinin fəalları, yerli televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, filologiya elmləri doktoru Güljan Saqidevna Carasova Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalqı arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb. Prorektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsinin yüksək qiymətləndirərək, təqaüd almış hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirib.

Sonra Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. Sonra universitetin müxtəlif fakültələrindən seçilən beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş "İki xalq – bir tale” kitabları, həmçinin Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.
Təltiflərdən sonra Heydər Əliyev təqaüdünə layiq görülən tələbələr öz münnətdarlıqlarını bildiriblər.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Miq.Az