Aydın Mirzəzadə: “Şultsda Azərbaycana qarşı bir fobiya var”

Aydın Mirzəzadə: “Şultsda Azərbaycana qarşı bir fobiya var”

“Çox təəssüf ki, Avropa Parlamentinin sədri Martin Şultsda Azərbaycana qarşı bir fobiya var. O, bu fobiyanı gizlətmək fikrində deyil. Yüksək dövlət postu daşıyan birisi özünün şəxsi hisslərini həmişə öz vəzifə səlahiyyətləri çərçivəsində gizlətməyi bacarmalıdır”. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı qərəzli mövqe sərgilməsinə münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, bu gün Azərbaycan özünün inkişafı ilə dünyaya bir nümunədir: “Demokratik, müstəqil, hüquqi dövlət quruculuğu, insanların sosial problemlərinin həlli, dünyaya inteqrasiyanın yüksək sürətlə getməsi və s. hamısı əslində inkişaf edən dövlətlər üçün yaxşı bir nümunədir. Avropa və beynəlxalq təşkilatlar Azərbaycanın bu inkişafını və uğurlarını bir qayda olaraq dəstəkləyirlər. Amma çox təəssüf ki, bəzən xaricdə Azərbaycana nifrət hissini heç cürə gizlətməyən şəxslər olur ki, onlar da öz səlahiyyətlərindən kənara çıxaraq bunu açıq-aydın büruzə verirlər. Avropa Parlamentinin fəaliyyəti Avropanın daxili işləri ilə məşğul olmaqdır. Belə bir təəssürat yaranır ki, Martin Şults və onun kimilər günlərinin böyük bir hissəsini məhz Azərbaycanla bağlı isterikalı bəyanatlar verməklə keçirirlər. Hansı ki, bu birincisi diplomatik normalara ziddir. Digər tərəfdən isə qeyri-obyektivlikdir ki, obyektiv şəkildə Azərbaycanda gedən prosesləri göstərmir. Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi bu gün Avropada müəyyən anti-Azərbaycan mərkəzlərinin qıcığına səbəb olur. Onlar gözləmirdilər ki, iki il ərzində Azərbaycan bu gün dünya olimpiyadaları səviyyəsinə cavab verəcək bir oyunlar təşkil edə biləcəkdir”.
A.Mirzəzadə əlavə edib ki, 50-dən çox ölkənin idmançılarının Azərbaycana gəlməsi, onların rəqabətli idman yarışının keçirilməsi üçün bütün şəraitin yaradılması, məişət məsələlərinin həll edilməsi, eyni zamanda tamaşaçıların vaxtının yaxşı keçirməsi üçün bütün imkanların yaradılması onların bir sıra planlarını pozmuş olur: “Çox istərdilər ki, Azərbaycanda oyunlar ya baş tutmasın, ya da kifayət qədər qüsurlar olsun. Həmçinin Ermənistan diaspora təşkilatları ilə sıx əlaqələri görünür onlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün istənilən situasiyadan istifadə etməyə çalışır. Amma bütün bunlara baxmayaraq Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. M. Şultsların isə vaxtaşırı Azərbaycanla bağlı aqressiv bəyanatlar verməkdən başqa heç bir yolu qalmayacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az