Azərbaycan bayrağı dünyanın hər yerindən görünür

Azərbaycan bayrağı dünyanın hər yerindən görünür

1980-cı illərin ortalarından SSRİ iqtisadi-siyasi böhran və tənəzzül mərhələsinə daxil oldu. 80-cı illərin ikinci yarısından ölkədə gedən ictimai-siyasi proseslər, əmək intizamının zəifləməsi, istehsal səviyyəsinin aşağı düşməsi bu iqtisadi-siyasi böhranı daha da dərinləşdirmişdi. SSRİ və onun sosialist bloku çox gərgin bir böhranla üzləşdi. İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükətmiş və Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət idarəçiliyi, daxili siyasət, dövlət-vətəndaş münasibətləri iflasa uğradı. Ölkə vətəndaşları, milli, dini, ictimai, siyasi təşkilatlar kütləvi hərəkata başladılar. 

ABŞ və onun Qərb müttəfiqləri isə SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başladılar. Sosialist yönlü ölkələr bir-birinin ardınca Baltikyanı ölkələrdə, Şərqi Avropada SSRİ-yə-sosializm quruluşuna qarşı hərəkatlara başladılar. Bunun ardınca ADR və AFR-in tarixi birləşməsi baş verdi və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başladı. 

Nəhayət, 1991-ci ildə Avropa sosializmin son nəhəngi SSRİ dağıldığını elan etdi. 80-90-cı illərin əvvəllərində bütün Sovet İttifaqını və sosialist blokunu bürüyən iqtisadi-siyasi tənəzzül, ağır sosial böhran sovet imperiyasının çökməsilə nəticələndi...

Azərbaycan Respublikası müstəqilliyini 1991-ci  ildə bərpa etdiyini elan etsə də, hakimiyyətin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran,daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti,ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırması,ağır sosial-iqtisadi vəziyyət ölkəni real vətəndaş qarşıdurması və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ermənistanın təcavüzü və torpaqların işğalı respublikada vəziyyəti daha da gərginləşdirmişdi.

Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət dəyişməyə başladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür...

Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da müstəqilliyimizin Heydər Əliyev mərhələsi başladı. Bu mərhələnin başlanması ilə respublikada hakimiyyət boşluğu aradan qaldırıldı və baş alıb gedən separatçılıq meyilləri yox edildi. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldi.
Ermənistanla atəşkəsə nail olunması,ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi,demokratik sistemin və liberal iqtisadiyyatın formalaşdırılması,milli ordu quruculuğu və təhlükəsizliyin təmin olunması,yeni neft strategiyasının reallaşdırılması,Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib.
1995-ci ildən başlayaraq cəmiyyət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsinə başlanıldı, Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, çoxpartiyalı  siyasi sistem formalaşdırıldı, siyasi plüralizm cəmiyyətin normasına çevrildi, söz və mətbuat azadlığı təmin edildi. Paralel olaraq bazar iqtisadiyyatı quruculuğu məqsədilə mühüm addımlar atıldı, dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirildi və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək resurslar əldə olundu. 
Mahir siyasətçi Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər ststemində etibarlı tərəfdaşa çevrilməsi,ölkəmizin maddi,mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli təhlükəsizlik və inkişafın əsas aspektlərini nəzərə almaqla, həm regionda, həm də dünyada Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi.
Göründüyü  kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin də tənzimlənməsinə şərait yaratmışdır. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər nüfuzlu dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər.

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə Ümummilli Lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq  birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırılıb, xalqımız nadir  tarixi fürsətdən maksimum faydalanıb, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz edib.

Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir.  Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Azərbaycan xalqının Milli Qurtuluş Günü-Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilir. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir...

Qazanılan nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.
 
Hazırladı:
Gülanə SƏDA,
Tarixçi

  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az