"Azərbaycan ermənilərin koronadan və acından öldüyü Qarabağa qoşun yeridir…”- Qərb nə edəcək?..
Tofiq Zülfüqarov:"BMT-nin qətnamələrinə görə, hələ 27-28 il öncə Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyət humanitar fəlakət kimi dəyərləndirilib..."
"Məgər biz Ermənistanı işğal edəcəyik ki, onun Qərbin dəstəyinə ehtiyacı olsun?.."
"Bir anlığa belə bir xəyal-plov edək: korona-böhran səbəbindən Ermənistanın iqtisadiyyatı, səhiyyəsi, ordusu və s. tamamilə çöküb, ermənilər üsyana qalxıb, ölkəni xəstəlik, aclıq, oğurluq, quldurluq, kütləvi iğtişaşlar, bir sözlə, xaos bürüyüb. Qarabağdakı ermənilər də ikiqat pis vəziyyətə düşüb, artıq rəsmi Bakıya yardım üçün kütləvi müraciətlər səslənməyə başlayıb. Belə bir halda Rusiya özü də iflic vəziyyətində olduğundan ermənilərə heç bir dəstək verə bilmir. Və Azərbaycan beynəlxalq qanunlara, həm də Konstitusiyasına uyğun olaraq torpaqlarını azad etməklə yanaşı, o ərazilərdəki vətəndaşlarını humanitar fəlakətdən xilas etmək üçün Dağlıq Qarabağ adlanan və ətraf bölgələrə qoşun yeridir, həmin regionunda fövqəladə vəziyyət elan edir. Bu halda Qərb, ABŞ, Avropa bizə qarşı hansı mövqe tutacaq? Yenə də ikili standartlardan çıxış edib Ermənistanı müdafiə edəcəklər, yoxsa?..”
Belə bir sual etdiyimiz keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Modeeratora.az-a açıqlamasında bəhs edilən variantda situasiyanı bu cür dəyərləndirib:
"Bilirsiz, beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın torpaqlarının 28-29 ildir işğal altında qalması göz qabağındadır. Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə...” məzmunlu bəyanatları da buna daha bir sübutdur. Və BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən Azərbaycanın kifayət qədər hüququ var ki, işğalçını öz torpaqlarından çıxmağa vadar edən addımlar atsın. O cümlədən hərbi addımlar... Yəni, Qarabağda koronavirus oldu-olmadı, Azərbaycan üçün ümumi hüquqi-siyasi mənzərə dəyişmir. Azərbaycanın hərbi yolla torpaqlarını azad etmək hüququ sözsüzdür...
İkincisi, Lavrov Qarabağla bağlı son məlum bəyanatında BMT-nin Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxmasını tələb edən qətnamələrinə istinad edir, onları xatırladır. Və həmin qətnamələrə görə, hələ 27-28 il öncə Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyət humanitar fəlakət kimi dəyərləndirilib. Biz də Azərbaycan dövləti olaraq mövcud ölkə və beynəlxalq qanunlarına əsasən oradakı həm məcburi köçkün azərbaycanlı, həm də erməni vətəndaşlarımız üçün humanitar fəlakəti törətmiş səbəbləri aradan qaldırmalı, o cümlədən etnik təmizlənmənin qurbanı olmuş köçkün vətəndaşlarımızın öz torpaqlarına qaytarılmasını təmin etməliyik. Bunlar qətnamələrin tələbidir. Yəni bu halda heç koronavirusu da yada salmağa ehtiyac yoxdur...

Və ən başlıcası, hazırda Lavrovun müdaxilə etməyə çalışdığı Azərbaycanla Ermənistanın təkbətək qalması tendensiyası təbiidir. Heç Rusiya baş diplomatı da bunun qarşısını ala bilmək iqtidarında deyil. Çünki bu, ümumdünya böhranıdır və bundan irəli gələn hansısa məntiqi nəticələr olacaq. Təbii, böhran dərinləşdikcə Rusiya yalnız öz problemləri ilə məşğul olacaq və bəlkə də heç Ermənistan yadına da düşməyəcək. Ola bilsin, yalnız erməni mənşəli Lavrov işğalçı ölkəni yada salsın və onu dalandan çıxarmaq üçün hər bir vasitəyə əl atsın... Amma onun da imkanları hədsiz deyil axı...”
"Bəs bu şəraitdə Azərbaycanın öz hüquqi torpaqlarına qoşun yeritməsinə qarşı Qərb hansı mövqe tutacaq. Ermənistanı müdafiə etməyəcək ki?..” sualını sabiq baş diplomatımız konkret cavablandırıb.
"Qərbin Ermənistanı müdafiə etməsinə heç bir əsas qalmayacaq. Məgər biz Ermənistanı işğal edəcəyik ki, onun dəstəyə ehtiyacı olsun? Biz öz hüquqi ərazimizi azad edərək dövlət sərhədlərimizi bərpa edəcəyik. Axı bu halda biz dövlət olaraq Ermənistan üçün heç bir hüquqi təhlükə yaratmayacağıq...”- deyə Töfiq Zülfüqarov fikirlərini belə tamamlayıb.
Sultan Laçın