Oktyabrın 15-də Düşənbədə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Tacikistan tərəfi isə iclasda bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulatıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, indiyədək iki ölkə arasında 15-dən çoxu iqtisadi sahədə olmaqla, əməkdaşlığın hüquqi əsaslarını formalaşdıran 35 sənəd imzalanıb.
Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, bitki mühafizəsi, mülki müdafiə, fövqəladə hallar, səhiyyə, elm sahəsində saziş layihələri üzrə işlər başa çatdırılıb və bu sənəd layihələri razılaşdırılıb. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan məsələlər komissiyanın əvvəlki iclasından ötən dövr ərzində geniş müzakirə edilib. Azərbaycandan Tacikistana bir sıra məhsullarının ixrac olunduğunu bildirən Şahin Mustafayev meyvə və tərəvəz şirələri, şirniyyat məmulatları kimi Azərbaycan məhsullarının Tacikistan bazarında əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatı sahəsində Azərbaycanın və Tacikistanın müvafiq institutları arasında əlaqələr inkişaf etdirilib. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində bir sıra sahələr üzrə əməkdaşlıq davam etdirilib, “Azərspace-1” peykindən istifadə imkanlarına baxılmış, meliorasiya sahəsində iki ölkə arasında informasiya və təcrübə mübadiləsi aparılıb, energetika və nəqliyyat sahəsində əlaqələr genişləndirilib.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə də məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzoda ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətini qeyd edib. Tacikistan və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Şərif Rahimzoda Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
Komissiyanın iclasında Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana ixrac olunan məhsulların diversifikasiyasına, qarşılıqlı investisiya qoyuluşu üçün investisiya layihələrinə dair məlumat mübadiləsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin genişləndirilməsinə, Tacikistanda həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində hər iki ölkənin şirkətləri arasında əməkdaşlığa, Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən istifadə imkanlarına, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Şərif Rahimzoda imzalayıb. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, bank, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su ehtiyatları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, miqrasiya və məşğulluq, ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin inkişafı nəzərdə tutulur.
İclas çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı” və “Azərbaycan Dəmir Yolları” QSC ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlığa dair Protokol imzalanıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda da iştirak edib. Tacikistana investisiya qoyuluşu imkanlarını təqdim etmək məqsədilə təşkil olunmuş forumda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edib, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilib. Forum tədbirdə iştirak edən Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaradıb.
İqtisadiyyat və İnvestisiya Forumu çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya, eləcə də ixrac imkanları barədə məlumat vermiş, biznes forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev isə çıxışında ölkəsinin investisiya imkanları və Tacikistanda həyata keçirilən layihələr barədə danışmış, forumun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.
Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış edib, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırıb.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.