Azərbaycana işləyən populyar erməni saytı
Rusiyanın məşhur xəbər agentliyi şok iddia ilə çıxış edib
Rusiyaya məxsus "Sputnik” xəbər agentliyinin Ermənistan bürosu tanınmış erməni portalı "ArmenianReport"un Azərbaycana işlədiyini bildirib.
İstiPress-in məlumatına görə, Qırğızıstanı təmsil edən erməni mənşəli model Susanna Yeqoryanın beynəlxalq gözəllik müsabiqəsinin finalında üzərinə "Ermənistan” sözləri yazılmış lenti sinəsinə bağlanmasından sonra yaranan qalmaqaldan bəhs edən "Sputnik” hadisənin azərbaycanlılar tərəfindən qızışdırıldığını iddia edib.
Qırğızıstanı "World Next Top Model 2017" beynəlxalq gözəllik müsabiqəsində təmsil edən Susanna Yeqoryan finalda səhnəyə təmsil etdiyi ölkənin yox, Ermənistanın adının əks edildiyi lentlə çıxıb. Bu, Qırğızıstan təmsilçilərinin qəzəbinə səbəb olub. Müsabiqənin Qırğızıstan təşkilatçısı Tattıbubu Samidin sözlərinə görə, o, bu işdən son anda xəbər tutub. "Mən də hər kəs kimi şokda idim. Mən Susannanı Qırğızıstan təmsilçisi kimi göndərmişdim. Bilməzdim ki, o məni də, ölkəni də satar".
Satqın erməni model
Bundan sonra erməni saytları Qırğızıstanı təhqir etməyə başladılar. Məsələn, tanınmış erməni jurnalist Razmik Akopcanyan sosial şəbəkələrdə Susanna Yeqoryanı satqın adlandıran qırğızlara qarşı sərt sözlər işlətdi. Onun "ArmenianReport"da yazdığı məqalə "Adi qırğız faşizmi” adlanırdı. Məqalədə o, Qırğızıstanda faşizmin tüğyan etdiyini iddia etdi. O, həm də qırğızları "qanmaz” və "barbar” kimi təsvir etməyə cəhd göstərdi. Ermənistanın sivilizasiyalı və gözəlliyi qiymətləndirən ölkə olduğunu iddia edən Akopcanyan həm də Qırğızıstanı orta əsrlər ölkəsi adlandırıb.
Yəni, erməni jurnalist Avrasiya İttifaqı çərçivəsində təmsil olunan iki ölkə arasında qalmaqalı dərinləşdirib. İndi isə Avrasiya İttifaqının ən geniş informasiya şəbəkəsi olan "Sputnik”in erməni bürosu "armeniasputnik.am” iddia edir ki, bəs, "ArmenianReport" Azərbaycan saytıdır və aranı qatır. Bu, sadəcə, sovet illərində ermənilərin Rusiyada vəhşilik edərək özlərini "azərbaycanlı” adlandırmasına bənzəyir.
Miq.az