AZƏRBAYCANDAN FRANSA ŞİRKƏTLƏRİNƏ ZƏRBƏ

AZƏRBAYCANDAN FRANSA ŞİRKƏTLƏRİNƏ ZƏRBƏ

Rəsmi Bakı Sarkozinin “erməni qanunu”na görə Türkiyənin belə atmadığı sərt addımı atır, üzümçülük üzrə fransız şirkətini heç oliqarxlar da ölkəyə gətirə bilmirlər

Azərbaycan hakimiyyəti Fransada prezident Nikolya Sarkozinin təşəbbüsü ilə parlamentdə qəbul edilən, ancaq daha sonra ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunan “erməni qanunu”na görə Parisə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu haqda məlumatı “Vətəninfo.az” “Yeni Müsavat”a istinadən xəbər verir. Fransa ilə işgüzar münasibətləri olan qaynağın bildirdiyinə görə, bu yaxınlarda ölkənin iri oliqarxlarından birinin min hektarlarla üzüm plantasiyalarını idarə edənlər Fransanın “Rixter İnternational” adlı üzümçülük şirkətinin mütəxəssislərinin Azərbaycana gətirilməsini təmin edə bilməyiblər. Onlara bildirilib ki, XİN tərəfindən Fransa şirkətlərinin Azərbaycanla biznes əlaqələrinə məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, həmin iş adamları üzüm plantasiyalarına peşəkar qulluq üçün Fransa şirkətinin xidmətlərindən əvvəllər də istifadə edib. O zaman şirkət mütəxəssislərinin Azərbaycana gətirilməsi prosesində problem yaşanmayıb. Ancaq bu ilin əvvəllərində Fransa Senatında “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbul edilməsinə cavab olaraq rəsmi Bakı bu ölkəyə qarşı bəzi iqtisadi sanksiyalar tətbiq edib. Nəticədə “Rixter İnternational” şirkətinin mütəxəssislərinin ölkəyə gətirilməsi mümkün olmayıb. Bildirilir ki, bu məsələ nüfuzlu oliqarxlardan birinin marağında olsa da, alınmayıb. Məlum olub ki, məhdudiyyətlər ən yüksək səviyyədə razılaşdırılıb və onun həyata keçirilməsi XİN-ə tapşırılıb. Bildirilir ki, bu məhdudiyyətlər üzündən həmin oliqarxa aid üzüm plantasiyalarına qulluq göstərilməsində problem yaranıb. İş sektorundakı mənbəmiz iddia edir ki, bu məhdudiyyət bütün sahələrə aid Fransa şirkətlərinə şamil edilməkdədir. Ehtimal edilir ki, Fransa şirkətlərinə qarşı qeyd olunan məhdudiyyətlər Türkiyə ilə də razılaşdırılmış şəkildə həyata keçirilir.

Ancaq o da qeyd edilməlidir ki, Türkiyə Fransa Senatının qərarına görə Parisə qarşı iqtisadi sanksiyalar tətbiq etməmişdi. Rəsmi Ankara etiraz olaraq öz səfirini Parisdən məsləhətləşmələr üçün geri çağırdı, ancaq hökumət elan etdi ki, sanksiyalarla bağlı planın işə salınması Konstitusiya Məhkəməsinin rəyindən asılı olacaq. Məhkəmə isə “erməni qanunu”nu ləğv etdiyi üçün Ankaranın sanksiyalar planı gündəmdən düşmüş oldu. O vaxt Türkiyə rəhbərliyinə, AKP-yə yaxın media Azərbaycan hakimiyyətini Parisə qarşı kifayət qədər sərt etiraz bildirməməkdə qınayırdı. Azərbaycan iqtidarı isə bu tənqidləri haqsız sayaraq bildirirdi ki, Fransaya qarşı etirazlar ən yüksək səviyyədə bildirilir. Ancaq rəsmi Bakı qanunun qəbul ediləcəyi halda Fransaya qarşı hansı addımların atılacağı haqda konkret fikir bildirməmişdi. İndi belə məlum olur ki, ictimaiyyətə açıqlanmasa da, Fransaya qarşı müəyyən iqtisadi məhdudiyyətlər tətbiq edilib və maraqlıdır ki, həmin məhdudiyyətlər “erməni qanunu”nun ləğv edilməsinə baxmayaraq hələ də işləyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az